“Sübhün səfiri” filmi təqdim olundu
Mirzə Fətəli Axundzadə həyatı boyu ətrafındakı zülmət, cəhalət,
nadanlıq çərçivələrini
sındırıb qaranlıq
düşüncələri işığa çıxarmaq
uğrunda mübarizə
aparıb. Onun mübarizələrlə dolu həyatı və zəngin yaradıcılığı “Sübhün
səfiri” filmində tamaşaçılara məhz
bu cür təqdim olundu.
Noyabrın 28-də
Nizami Kino Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında çəkilmiş
filmin təqdimat mərasimi keçirildi. Ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı
Anar, quruluşçu
rejissoru Ramiz Həsənoğlu, operatoru
Kənan Məmmədov,
bəstəkarı Cavanşir
Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri
Adil Qulamovdur.
Mərasimdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev ölkə başçısının sərəncamı
ilə Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinin yüksək səviyyədə
qeyd olunduğunu bildirdi, “Sübhün səfiri” filminin təqdimatını il boyu keçirilən tədbirlərin son akkordu
kimi qiymətləndirdi.
Yubileylə bağlı
gerçəkləşən tədbirlərdən danışan
nazir müavini bu il dövlət sifarişi ilə dramaturqun 6 əsərinin 21 teatrda tamaşaya qoyulduğunu bildirdi. İyun ayında “Sərgüzəşti-Mirzə
Fətəli Axundzadə”
Milli Teatr Festivalının
yüksək səviyyədə
keçirildiyi, ədibin
komediyalarının 7 ölkədə
və müxtəlif dillərdə tamaşaçılara
təqdim olunduğu, müxtəlif nəşrlərin
işıq üzü
gördüyü, ölkəmizin
regionlarında yaddaqalan
silsilə tədbirlərin
təşkil edildiyi vurğulandı.
Nazir müavini bu günlərdə Moskvada Axundzadənin abidəsinin
ucaldıldığını, Azərbaycan Dövlət Rus Dram Teatrının təqdimatında “Müsyö
Jordan və dərviş
Məstəli şah”
tamaşasının Moldovada
uğurla nümayiş
edildiyini nəzərə
çatdırdı. 2012-ci il TÜRKSOY təşkilatı tərəfindən
“Axundzadə ili” elan edilib və
bununla bağlı görülən işlərin
yekunu kimi TÜRKSOY-un
Ankaradakı ofisində
tədbir keçiriləcək.
Ədalət Vəliyev tarixi
mövzularda çox böyük uğurlara imza atan Xalq
yazıçısı Anarın
qələmindən çıxan
və Ramiz Həsənoğlunun rejissorluğu
ilə lentə alınan filmdə Azərbaycan kinosunun bütün texniki imkanlarından istifadə olunduğunu bildirdi, filmin yaradıcı heyətini təbrik etdi.
Mərasimdə
çıxış edən
Xalq yazıçısı
Anar böyük ədibin irsindən söz açdı: “Axundzadə elə böyük bir şəxsiyyətdir ki, ona nə qədər
əsər həsr etsək, şərəfinə
abidələr ucaltsaq,
əsərlərini nə
qədər tamaşaya
qoysaq, yenə azdır. Bu gün
bu böyük insana borcumuzun bir hissəsini qaytarırıq”.
“Sübhün
səfiri” filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı, Xalq artisti Rasim
Balayev çıxış
edərək ürək
sözlərini bölüşdülər.
Xatırladaq ki, filmin çəkilişləri Bakıda,
Axundzadənin doğulduğu
Şəkidə, habelə
Tbilisi və İstanbul
şəhərlərində aparılıb. Filmdə təqribən
90 aktyor rol alıb.
Ekran əsərində xalq artistləri Fəxrəddin
Manafov Bakıxanov, Ramiz Əzizbəyli tacir, Əməkdar artist Məmmədsəfa Qasımov
Həsən bəy Zərdabi, Türkiyədə
yaşayan tanınmış
aktrisa Məlahət Abbasova Axundzadənin həyat yoldaşı Tubu xanım rollarını canlandırıblar.
Filmdə həmçinin xalq
artistləri Aleksandr Şarovski, Məbud Məhərrəmov, Rafiq Əliyev və başqaları rol alıblar. Ekran əsəri tamaşaçılar
tərəfindən maraqla
qarşılandı.
Təranə Vahid
Mədəniyyət.-
2012.-30 noyabr.- S. 5.