Görkəmli bəstəkarın yubileyi Musiqi Mədəniyyəti Muzeyində qeyd edildi

 

   Noyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları öncə dünya şöhrətli musiqiçinin həyat və fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış oldular.

  

   Muzeyin direktor müavini Təranə Qurbanova tədbirin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Fikrət Əmirov-90” musiqi festivalı çərçivəsində reallaşdığını bildirdi.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Fikrət Əmirovun musiqi dünyasında əvəzsiz xidmətlərindən söz açdı: “Dahi bəstəkar Azərbaycan və dünya musiqisində simfonik muğam kimi yeni bir janrın banisidir. Onun əsərləri dünyanın böyük səhnələrində Azərbaycan musiqisinin möhtəşəmliyini dəfələrlə sübut edib”.

   Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bəstəkarın zəngin yaradıcılığından, yüksək insani keyfiyyətlərindən danışdılar. Qeyd olundu ki, XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından olan Fikrət Əmirov dünya musiqisi xəzinəsinə qiymətli incilər bəxş edib. Bəstəkarın kiçik həcmli miniatürlərdən mahnı, romans, süita, musiqili komediya, simfoniya, simfonik muğamlar, fortepiano ilə simfonik orkestr üçün konsert, opera və baletədək bir çox janrlarda yaratdığı əsərlər ölkəmizdə və xaricdə böyük tamaşaçı rəğbəti qazanıb.

   Nizami” simfoniyası, “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Sevil” operası, doğma Vətənini tərənnüm edən “Azərbaycan elləri”, “Azərbaycan süitası” Fikrət Əmirov irsinin dəyərli səhifələridir. Bəstəkarın “Min bir gecə” baleti Şərq musiqisinin ən yüksək zirvəsini təşkil edir.

   Tədbirdə muzeyin materiallarından ibarət slayd nümayiş etdirildi. Azərbaycan Dövlət Opera Balet Teatrının solistlərindən İlahə Əfəndiyevanın ifasındaSeviloperasından Sevilin ariyası, Süleyman Süleymanovun ifasında Balaşın ariyası maraqla qarşılandı. Bakı Musiqi Akademiyası, Bakı Musiqi Kolleci, Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbə şagirdləri bəstəkarın əsərlərindən nümunələr səsləndirdilər.  

 

   Lalə

 

  Mədəniyyət.- 2012.- 30 noyabr.- S. 5.