Unudulmayacaq
Hamlet Xanızadə
Hamlet
Xanızadə - 70
Sentyabrın 30-da Akademik Milli Dram Teatrında Azərbaycan
teatr və kino sənətinin görkəmli simalarından
biri Əməkdar artist, Dövlət Mükafatı
laureatı Hamlet Xanızadənin anadan olmasının 70
illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Sənət dostları, pərəstişkarları, Hamlet Xanızadə sənətini sevən insanlar onun xatirə işığına yığışmışdılar. Səhnədəki obrazlarının arasından Hamlet Xanızadənin həyat portreti boylanırdı. O, həmişəki sirli təbəssümü ilə sanki hər kəsi salamlayırdı...
Həyatda olduğu kimi, o, səhnədə də heç kimə bənzəmirdi. Bir az qayğılı, bir az fikirli görünsə də, həmişə harasa tələsirdi. Niyə belə tələsirdi, heç özü də bilmirdi. Bilmirdi ki, bu yollar onu “Qətl günü”nə aparır. Bəlkə də bilirdi...
Həyatda cəmi 49 il yaşadı. Sənət ömrünün isə yaşadığı ömürdən qat-qat uzun olacağına hər kəs əmindir. Çünki o “İblis”də İblisi, “Xəyyam”da Həsən Səbbahı, “Dəli yığıncağı”nda Molla Abbası, “Topal Teymur”da Teymuru dirildərək milyonlarla insanın yaddaşında müxtəlif zamanda və müxtəlif məkanda yaşamış insanların obrazını canlandırırdı. Bəzən səhnədə İblisə çevrilib qəhqəhələri ilə içində iblisi gizlədən insanları utandırırdı, bəzən Teymurləng olub ölkələr fəth edirdi, bəzən dövrü, cəmiyyəti tərəfindən qəbul olunmayan , içindəki səsin əsirinə dönən Xəyyama çevrilirdi. Hamlet Xanızadə səhnədə xeyirlə şəri eyni məhəbbətlə yaradanda, iki dünyanı özündə birləşdirib sənəti və sənətkarlığı ilə insanları heyrətləndirəndə nəhəng olurdu...
Səhnədə nə qədər nəhəng olsa da, Hamlet Xanızadə həyatda o qədər sadə bir insan idi.
Gecədə xalq artistləri - Rafiq Əzimov, Eldar Quliyev, Əminə Yusifqızı, Fuad Poladov, Ramiz Həsənoğlu Hamlet Xanızadə ilə bağlı xatirələrini dilə gətirdilər. Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Atababa İsmayılov sənətkarın keçdiyi sənət yolu barədə iştirakçılara ətraflı məlumat verdi.
Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan kəndində anadan olmuşdu. Uşaqlıqdan teatra, kinoya həvəsi olsa da, ailəsi Hamletin aktyor olmasını istəmirdi. İllər sonra adi bir təsadüf onu səhnəyə gətirdi və ömrünün son gününədək heç bir qüvvə onu sənətdən ayıra bilmədi. Hamlet Xanızadə 1950-ci illərin sonunda Teatr İnstitutuna daxil oldu. 1961-ci ildə Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə başladı. Səhnəmizin böyük sənətkarları Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökümə Qurbanova, İsmayıl Dağıstanlı kimi sənətkarlarla səhnədə tərəf-müqabil oldu.
Görkəmli aktyor Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanan tamaşalarda bənzərsiz obrazlar qalereyası yaratmağa müvəffəq oldu.
Azərbaycan kinosunda da Hamlet Xanızadə parlaq obrazlar yaratdı. “Yeddi oğul istərəm”(Gizir), “Axırıncı aşırım” (Talıbov), “Arxadan vurulan zərbə” (İmaş), “Babək” (Xəlifə Mötəsim), “Qətl günü” (Sədi Əfəndi), “Yaramaz” (zavod direktoru) obrazları yüksək sənətkarlığı ilə milli kinomuzun ən yaddaqalan və sevilən obrazlarına çevrildi.
Onun çəkildiyi son film isə
“Qətl günü” filmi oldu. Hamlet Xanızadə “Qətl günü”ndə müxtəlif
zamanlarda yaşamış
üç insanın
faciəsini yaşadı:
Şair, Sədi Əfəndi, Xəstə.
Ancaq bu filmdə yaratdığı
obrazları görmək
ona nəsib olmadı. Ölüm səssiz-səssiz gəlib əvvəlcə
onu, sonra Yusif Səmədoğlunu apardı. “Qətl günü” isə qaldı...
Onun ölümü də
adi ölüm olmadı. 1990-cı ilin 20 Yanvar qətliamı onu sarsıtdı. Şəhidlərin məzarını ziyarət
edə-edə haqsızlığa,
ədalətsizliyə dözməyib
özü də şəhid oldu. Görünür, Hamlet daxilən azad
insan olduğu üçün azadlığın
nə olduğunu bizdən yaxşı bilirdi.
Ölümündən 20 ildən çox
vaxt keçsə də, bu dünyada
ailəsi, övladları,
yaxşı dostları,
xoş xatirələri
və bir də onun üçün
həyatı qədər
qiymətli olan rolları qaldı. O
rolları ki, teatr və kino
tariximizdə bu obrazları ancaq və ancaq o - Hamlet Xanızadə yarada bilərdi.
Xatirə gecəsinin sonunda
Hamlet Xanızadənin ailəsi
adından qızı
Xumar Xanızadə çıxış edərək
tədbirin təşkilatçılarına
və atasının xatirə işığına
yığışan hər
kəsə öz təşəkkürünü bildirdi.
Təranə Vahid
Mədəniyyət.- 2011.- 5 oktyabr.-
S. 10.