İmprovizasiya ustası
Məmmədağa Dadaşov
- 100
Milli teatrımızın tarixində iz qoyan,
yaratdığı maraqlı obrazlarla
tamaşaçıların xatirəsində əbədi
yaşayan aktyorlardan biri də respublikanın Əməkdar
artisti Məmmədağa Dadaşovdur. Teatr
ictimaiyyəti görkəmli sənətkarın 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
yaradıcıları sırasında onun
adı ön sıralarda çəkilir.
Sənətkar uzun illər
çalışdığı teatrda
neçə-neçə aktyorun
yetişməsində böyük rol oynayıb.
Məmmədağa Ağakərim oğlu Dadaşov 1912-ci il aprelin 12-də Bakıda doğulub. Məktəb illərində 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv yazılıb. Səhnəyə ilk dəfə 14 yaşında çıxıb. Hazırkı Dövlət Gənc Tamaşaçılar Teatrı da həmin dərnəyin bazasında yaradılıb və truppanın ilk aktyorlarından biri də Məmmədağa Dadaşov olub. O, ömrünün sonunadək bu teatrdan ayrılmayıb. Komediya, faciə, nağıl-tamaşalarda bir-birindən fərqli amplualarda, müxtəlif xarakterli obrazlar yaradıb. Əyyub Abbasovun “Azad çoban” əsərində Azad, J.B.Molyerin “Skapenin kələkləri”ndə Valer, N.Qoqolun “Müfəttiş”ində Məhkəmə sədri və s. yüzlərlə obrazlarda aktyor həmişə özünəxas spesifik nüanslarla seçilərək, aktyorluq qabiliyyətini daha ifadəli şəkildə göstərə bilmişdir.
Bir vaxtlar sənətkarla Gənc Tamaşaçılar Teatrında çiyin-çiyinə çalışan aktyorlar onunla bağlı xatirələrini bizimlə bölüşdülər.
Xalq artisti Ağaxan
Salmanlı:
- Gənc Tamaşaçılar Teatrında 1964-cü ildən çalışıram. Əsas işim aktyorluq olsa da, teatr tarixi və sənətkarlarımız haqqında neçə-neçə portret yazıların da müəllifiyəm. Yaxın günlərdə Məmmədağa Dadaşovun 100 illiyi qeyd ediləcək. Görün, nə qədər zaman keçib. Ömrünün son günlərinədək onunla bir səhnədə işləmişəm. Çox fəal, çevik, çalışqan bir insan idi. Hansı rol verilirdisə, onu da oynayırdı. Maraqlı aktyor idi, səsi, boy-buxunu, səhnə üçün ifadəli görkəmi var idi. Danışığı, nitqi təmiz idi. Teatrın yaradıcıları sırasında onun da adı ehtiramla xatırlanır. Həmin dövrlərdə, gənclik illərində Məmmədağa Dadaşov bir çox tamaşalarda baş rolları oynayıb. Mənim xatırladığım ən parlaq obrazı isə “Hacı Qəmbər”də molla rolu idi. Bəhruz Kəngərlidən bəhs edən “Yarımçıq şəkil” (Adil Babayev) tamaşasında yaratdığı molla obrazı da indiyə kimi yaddaşımdan silinməyib. Bu obrazı ona görə gözəl yaradırdı ki, uşaq vaxtı o, mollaxana dərsi almışdı. Ərəb əlifbasını və ləhcəni düzgün tələffüz etdiyi üçün bu rollar onda gözəl alınardı. Onunla çox tamaşalarda tərəf-müqabil olmuşuq. Mən teatra Cəfər Cabbarlı rolu ilə gəlmişəm. Həmin tamaşada Məmmədağa Dadaşov jandarm rəisi obrazını yaratmışdı. Onun maraqlı bir vərdişi vardı. Özündən asılı olmayaraq, tez-tez pəncəsi üstə qalxardı. Bəzən tamaşa zamanı da bu vərdişi özünü göstərərdi və biz astaca ona him-cim edib yadına salardıq ki, səhnədəsən. Amma o bu vərdişindən yuxarıda qeyd etdiyim tamaşada istifadə edərkən lap yerinə düşürdü. Jandarm Cəfərin üstünə qışqıran zaman pəncəsi üstə qalxırdı və həmin səhnə daha da maraqlı alınırdı. “Ovod”da o polis rəisi, mən isə Artur obrazını yaratmışdıq. Hər obraza uyğun ifadə, söz, personajın xarakterinə uyğun hərəkət tapırdı.
Bir insan kimi də
çox sadə və mehriban idi. Mən görkəmli aktrisamız
Firəngiz Şərifova
haqqında kitab hazırladığım zaman
o məni evlərinə
apardı, bütün
arxivini, teatr haqqında qəzetlərdə
yazılan bütün
materialları mənə
təqdim etdi. Xeyirxah və səmimi idi. Teatrı yaradanlardan biri
kimi Məmmədağa
Dadaşov həmişə
bizim xatirəmizdədir.
Yaradıcılığının başlıca xüsusiyyətlərindən
biri improvizasiya idi. İlahi, bu insanda nə qədər zəngin söz ehtiyatı var idi. İşlətdikcə tükənmirdi. Heç unutmadığım xatirələrimdən
biri də onun improvizasiyası ilə bağlı əhvalatdır. Zaqatala və
Şəki rayonlarına
qastrol səfərinə
getmişdik. Rayon yerində
dekorasiya işi bir az çətin ərsəyə
gəldiyi üçün
pərdə qabağı
dialoqumuzu 3-5 dəqiqə
uzatmalı olduq ki, dekorasiyanı tamamlaya bilsinlər. Məmmədağa rəhmətlik deyir,
mən deyirəm, ikimiz səhnədə mövzuya uyğun danışırıq. Beləcə, dialoqumuz yarım saata qədər uzanmışdı. O qədər
maraqlı alınmışdı
ki, heç kəs bunun improvizasiya olduğunun fərqinə varmamışdı.
Azərbaycan Televiziyasının arxivində saxlanılan “Hacı Qəmbər” tamaşasında da onun bu improvizasiya
bacarığı özünü
açıq büruzə
verir. Onun canında komiklik
var idi. Amma dramatik rolları da gözəl oynayırdı. Teatr sənəti
belədir ki, bir tamaşanı bəlkə 50-100 dəfə
oynayırsan. Onun dəfələrlə
oynadığı eyni
obrazlar tamaşaçını
yormurdu, hər dəfə obraza yeni bir nəfəs
gətirərək fərqli
oynayırdı. Bununla dəfələrlə
oynanmış əsərə
yeni ruh verirdi. Allah rəhmət
etsin, böyük sənətkar idi.
Xalq artisti Yasin
Qarayev:
- Məmmədağa
müəllim bizim teatrın bünövrəsini
qoyan insanlardan biri olub. Ağadadaş
Qurbanov, Cəvahir İsgəndərli, Kərəm
Həsənov, Məmmədağa
Dadaşov - dörd sənətkar bu teatrı yaradanların ilk
sıralarında olublar.
Saf və büllur kimi insan idi.
80 yaşına qədər teatra gəlib-gedirdi. Sənətinin vurğunu idi. Bir çox tanınmış
aktyorlar ilk addımlarını
Gənc Tamaşaçılar
Teatrında atdıqdan
sonra digər teatrlara getmişdilər.
Məmmədağa müəllim isə
ömrünün sonuna
kimi yaratdığı
sənət ocağına
sadiq qaldı. Deyirdi ki, dünyamı dəyişənə qədər
bu teatra gəlib-gedəcəyəm. Səmimi, gözütox insan idi. İçərişəhərdə kiçik bir
evi vardı. Bu ev hamımıza
doğma idi. Onun Mərdəkanda və şəhərdə dərnəkləri
var idi. Bir müəllim, pedaqoq kimi də əvəzsiz
idi. Teatrın ilk illərində onun yazdığı əsərlər səhnəyə
qoyulurmuş. Teatrımızın arxivində də həmin sənədlər
durur. Bu teatrı müharibə illərində də Məmmədağa müəllim
kimi fədakar sənətkarlar qoruyub saxlayıblar. Gözəl ailə
başçısı idi.
Ailəsi bütünlüklə incəsənətə bağlı
idi. Həyat yoldaşı, oğlanları
və qızı da bu sənət
yolunu seçiblər.
Onun haqqında saatlarla danışa bilərəm.
Xətrini çox istəyirdim.
Bu gün çalışıram
ki, onun haqqında yazılan bütün yazıları
oxuyum və lazım gələrsə
onun adını yaşatmaq üçün
köməkliyimi əsirgəməyim.
Aktyorun qızı, Əməkdar
artist Kübra Dadaşova
100 illik yubileyi ərəfəsində sənətkarı
yad etdiyimizə görə bizə öz təşəkkürünü
bildirərək xatirələrini
dilə gətirdi:
- Mən elə bu teatrın
divarları içində
böyümüşəm. Nəinki mən, elə üç qardaşım
da mənimlə birlikdə. Anam Münəvvər xanım da aktrisa
idi. Valideynlərimin hər ikisi
sənətdə olduğundan
bu ocaq həmişə
bizə doğma və əziz olub. O vaxtlar bizi məktəbdən tez-tez tamaşalara gətirərdilər. Baxmayaraq ki,
bütün günü
teatrda olurdum, məktəblə gələndə
böyük fəxr, qürur hissi keçirirdim. Ona görə
ki, sinif yoldaşlarım mənim atamı səhnədə
görürdülər. Bundan çox qürurlanırdım.
Atamla öyünürdüm. Köhnə teatrda
iki loja var idi. Həmişə gedib onların
birində oturardım.
Və buna çox sevinərdim. Atamın oynadığı
tamaşaları qardaşlarımla
evdə səhnəcik
şəklinə salıb
biz də oynayardıq.
Sonralar sənətə gəldiyim
vaxt atamın məktəbindən az-çox
da olsa öyrənə
bilmişəm. Amma düzünə
qalsa, onların üslubu tamam başqa idi. Biz daha müasir
oynayardıq. Onların dövründə
teatrda pafos daha çox idi. Hərdən düşünürəm ki,
zaman dəyişdikcə
ola bilsin
atam bizim məktəbi bəyənmirdi.
Çünki onların özülünü
qoyduqları teatr tam başqa idi. Qardaşlarım da incəsənəti
seçdilər. Qardaşlarımdan biri Rauf Dadaşov
animator rəssam, digəri
fotoqraf, üçüncüsü
isə aktyordur. Aktyor qardaşım Namiq hazırda Rusiyada yaşayır. Atam sənəti
çox sevirdi ona görə də sənətə gəlməyimə heç
bir qadağa qoymadı. O vaxtlar mən çox kiçik idim. Amma yadımdadır ki, teatrın kollektivi çox mehriban idi. Əliağa Ağayevin ailəsi,
xanımı Cəvahir
və oğlu Vaqif, Susanna Məcidova, digər aktyorlar hər gün birinin evində qonaq olardılar. Mən onları doğmalarım hesab edirdim. Gözəl,
isti münasibətləri
var idi. Atam həyatının son gününədək
teatra gəlib-gedirdi.
Zarafatı xoşlasa da,
həyatda ciddi insan idi. Bütün nəslimizin ağsaqqalı
idi. Nəslimizdə ona baxıb
incəsənət sahəsinə
gələnlər çox
oldu. Əməkdar
artist Böyükağa Muradov
uzun illər Zeynəb Xanlarovanın ansamblında nağara ifaçısı idi, qardaşı Ramiz Eynullayev tanınmış
rəqqaslarımızdan biri
olmuşdur, hazırda
oğlu Tahir də atasının sənətini davam etdirir. Bu gün
Rus Dram Teatrında çalışan tanınmış
aktrisa Həcər Ağayeva da bizim nəslin nümayəndələrindəndir. Çox şadam ki, bu gün atamla
bağlı danışılanda
hər kəs onu xoş xatirələrlə
yada salır.
* * *
Bu gün
Məmmədağa Dadaşov
kimi sənətkarlarımız
dünyada olmasalar da, onların sənət dünyaları
bizimlədir və bizdən sonra da yaşayacaqdır.
1957-ci ildə “Əməkdar
artist” fəxri adına layiq görülən, 70 ilə
yaxın sənətdə
olan görkəmli aktyor 1996-cı ildə vəfat edib. Onu da əlavə edək ki, noyabr
ayında sənətkarın
100 illiyi doğma teatrında geniş şəkildə qeyd olunacaq.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 12.