“Azerbaijan
review” - səyahət və mədəniyyət aləmi
Larisa
Cavanşir: “Böyük beynəlxalq tədbirlər,
mühüm mədəniyyət və turizm layihələrinin
reallaşdırılması, ölkəmizin dünya
arenasında nailiyyətləri “Azerbaijan review” jurnalı
üçün hər zaman bir nömrəli mövzu olub və
olacaq”
“Azerbaijan review - Panorama Azerbaydjana” beynəlxalq turizm
jurnalının 10 yaşı tamam olur. Bu
illər ərzində nəşr Azərbaycan turizmi və mədəniyyətinin
təbliğində, dünyaya təqdimatında mühüm
rol oynayıb. “Azerbaijan review” özünün
müxtəlif əlavələri, media-çap məhsulları
ilə də yerli və əcnəbi oxucuların
marağına səbəb olub. Jurnalın
baş redaktoru Larisa Cavanşirlə söhbətimizdə
ötən 10 ilə və gələcək planlara nəzər
saldıq.
- Larisa xanım, rəhbərlik
etdiyiniz “Azerbaijan rewiev” jurnalı üçün 10 il media aləmində
öz yerini tutmaq, turizm profilli nəşrlər arasında
populyarlıq və müəyyən mövqe qazanmaq
baxımından kifayət qədər zamandır. Necə oldu ki, belə bir jurnal ərsəyə gəldi
və onun yaranması nə ilə bağlı idi?
- Azərbaycanda turizm
potensialının inkişafı istiqamətində vacib qərarlar
2001-ci ildən etibarən ümummilli lider Heydər Əliyev tərəfindən
qəbul edilib. Turizm sektorunun fəaliyyətinin
tənzimlənməsinin nazirlik səviyyəsində təşəkkül
tapması, turizmin inkişafını müəyyənləşdirən
dövlət proqramının qəbulu, ölkəmizdə
ilk beynəlxalq turizm sərgisinin (AİTF) keçirilməsi
- Azərbaycanın dünya turizm bazarına
inteqrasiyasının əsasını qoydu. Bütün bunlar bu sahədə
ixtisaslaşdırılmış nəşrin yaranmasına
mühüm zəmin oldu. Sözsüz ki,
yeni nəşr də öz növbəsində ölkəmizin
təbliği, turizm potensialımızın
populyarlaşdırılması üçün əlavə
imkanlar açdı. Turizm, ilk növbədə,
düzgün təqdimat bacarığıdır. Ölkəmizin zəngin turizm imkanları var və
bunu bacarıqla, effektli vasitələrlə dünyaya təqdim
etmək lazımdır. Azərbaycanın
təbiəti, əlverişli coğrafi vəziyyəti, iqlim
müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi,
tarixi və mədəni abidələrimiz, mədəniyyət
və incəsənətimiz, rəngarəng mətbəximiz
bizim “vizit kartı”mızdır. Mədəniyyətimiz,
qədim tariximiz, təbiətimizin gözəllikləri ilə
kim yaxından tanış olursa və bu
gün ölkə rəhbərliyi tərəfindən turizmin
inkişafı üçün yaradılan imkanları
düzgün qiymətləndirirsə, bizim nə qədər
qonaqpərvər və tolerant olduğumuzu anlamağa, Azərbaycanı
bir turizm məkanı kimi kəşf etməyə
başlayır. Biz də bu işə öz
töhfəmizi verməyə çalışırıq,
ölkəmizin zəngin turizm potensialını geniş
ictimaiyyətə təqdim etmək ingilis və rus dillərində
nəşr edilən jurnalın başlıca vəzifəsidir.
- “Azerbaijan review” Azərbaycanın
turizm imkanları ilə yanaşı, mədəniyyətini də
təbliğ edir. Əcnəbi oxucu və
turist üçün maraqlı mövzu seçimində əsas
prioritetlər hansılardır?
- Ötən 10 il ərzində Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə jurnalın təxminən
60 sayını, həmçinin müxtəlif əlavələr,
8 dildə xüsusi buraxılışlar, eyni zamanda Bakıda
keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə
və London, Berlin, Vyana, Moskva, İstanbul, Dubay, Paris, Honkonq,
Milan, Madrid və s. şəhərlərdə Azərbaycanın
iştirak etdiyi turizm sərgilərində yaymaq
üçün eksklüziv media məhsulları nəşr
etmişik. Prioritetlər bəllidir - bizim nəşrin
əsas məqsədi Azərbaycanı turizm ölkəsi kimi
beynəlxalq səviyyədə təqdim etməkdir. Ona
görə də nəşrin səhifələrində
xarici oxucu üçün maraqlı ola
bilən hər mövzudan söz açırıq. Öz fəaliyyətimizdə hər şeydən əvvəl
ölkəmizin nailiyyətlərinin dünya arenasında təbliği,
Azərbaycanın turizm sahəsini fəal inkişaf etdirən
ölkə kimi beynəlxalq ictimaiyyətə təqdim
olunması ilə bağlı Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələri
əsas tuturuq. Bununla bağlı nazirliyin
«2010-2014-cü illər üzrə Xalq
Yaradıcılığı Paytaxtları» proqramını
qeyd etmək lazımdır. Bu proqram
regional turizmin inkişafına pozitiv təsir edir. Ölkəyə gələn qonaqlar
üçün “xalq yaradıcılığı
paytaxtları” haqqında təbliğat-tanıtım
materialları hazırlamaqla bu şəhərlərə diqqəti
daha çox cəlb etdirdik. Ümumilikdə
Azərbaycanda xüsusilə mədəniyyət turizmi, əyləncəli,
biznes-turizmi və ekoturizm kimi növlər yaxşı
inkişaf edir. Müasir şəraitdə
mən ekoturizmi daha aktual turizm növü hesab edirəm.
Çünki turist səfərlərinin əsas
məkanı təbiət, qoruqlar və sairlə
bağlıdır. Bu baxımdan ölkəmizdə
turizmin bu növünü inkişaf etdirmək
üçün geniş imkanlar var.
Jurnalın səhifələrində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə
ölkəmizin sosial-mədəni həyatının
bütün sahələrində reallaşan çoxsaylı
dövlət əhəmiyyətli tədbirlər geniş əksini
tapır. Qəbələdə keçirilən ənənəvi
beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli
adına beynəlxalq festival, Çexov adına beynəlxalq
teatr festivalı, Bakıda gerçəkləşən
“İpək Yolu” mərhələsi (2010), Bülbül
adına vokalçıların beynəlxalq müsabiqəsi,
Mstislav Rostropoviç festivalı kimi mühüm mədəniyyət
tədbirlərinin işıqlandırılması jurnal
üçün gözəl ənənədir. Bütün bunlar beynəlxalq səviyyədə ən
çox xatırlanan, bizim jurnalda da təfərrüatı ilə
bəhs edilən mədəniyyət hadisələridir.
Jurnalda ölkəmizə səyahətlə
bağlı müntəzəm olaraq reportajlar və fotosessiyalar
dərc edirik. Turistlər onlar üçün
böyük maraq kəsb edən mədəniyyət və təbiət
abidələri - Şəkidəki Xan sarayı, Qobustan,
İçərişəhərdəki Şirvanşahlar
sarayı və Qız qalası, heç vaxt odu sönməyən
Yanardağ və Atəşgah, palçıq vulkanları,
şəfaverici Naftalan nefti və s. barədə
jurnalımızın səhifələrindən dolğun və
rəngarəng məlumatlar ala bilirlər. Heydər
Əliyev Fondunun dəstəyi ilə yaradılan, turistlərə
xalqımızın qədim ənənələrə mailk məişəti
barədə geniş məlumat verən Qala etnoqrafik muzeyinə
səyahət də təqdim etdiyimiz fotoreportajlar arasında
xüsusi yer tutur.
- Müxtəlif yaş və nəsillərə
aid insanlar tərəfindən rəğbətlə
qarşılanan, sıralarında mədəniyyət və
turizm sahəsində çoxsaylı peşəkarların da
olduğu geniş oxucu dairəsinə malik bir jurnal nəşr
etmək hər halda asan iş deyil. Bu işdə
hansı təcrübəyə əsaslanırsınız, bu
sahədə hansı xarici nəşrlər sizin
üçün maraq kəsb edir?
- Əlbəttə,
bu sahədə ixtisaslaşmış nəşrlərdə
çalışan əcnəbi həmkarlarımızın təcrübəsi
bizim üçün çox maraqlıdır. Bu gün
turizm sahəsində geniş elektron kitabxana, çoxsaylı
nəşrlər və peşəkar işlər var.
Onların arasında bütün istiqamətlərdə
geniş materiallar təqdim edən «Vokruq sveta», «GEO», «National
geographic travel» jurnalları bizim üçün xüsusilə
maraq kəsb edir. Lakin təcrübə göstərir
ki, Azərbaycanda eksklüziv turizm jurnalının beynəlxalq
media-arenasında öz yerini tutması üçün
özünün işləyib hazırladığı
ideyaları, orijinal nəşr layihəsi olmalıdır.
Jurnalımızın oxucularına təkcə Azərbaycan
haqqında geniş informasiya təqdim etməklə kifayətlənmirik,
eyni zamanda, onları beynəlxalq turizm bazarında baş verənlər
və turizm profilli ölkələrdə qonaqpərvərlik
sferasında işin təşkili təcrübəsi ilə tanış etməyə
çalışırıq. Bunun
üstünlüklərindən biri də peşəkar
turizmin perspektivli inkişafı ilə bağlı ekspertlərin
tövsiyələrini diqqətə çatdırmaqdır.
Yeni biliklərin, mütərəqqi təcrübənin
öyrənilməsi və əldə olunması zərurəti
onların elmi əsasda ümumiləşdirilməsini, bu sahəyə
dair digər ölkələr üzrə məlumatların
tutuşdurulmasını diktə edir. Bu,
istər beynəlxalq, istərsə də regional miqyasda
müqayisəli təhlil aparmaq imkanlarını təmin edir.
- Ötən illərə qısa
nəzər salaq: hansı mərhələləri
keçmisiniz, nələri əldə etmisiniz?
- Hər şeydən əvvəl,
bizim nailiyyətimizi turizm, mədəniyyət və sərgi
sferasında beynəlxalq jurnalistika formatında uzunmüddətli
fəaliyyət kimi xarakterizə etmək olar. Kollektivimiz
peşəkar jurnalistika baxımından arxivlərin təşkili,
məlumat bazası, turizm bazarının öyrənilməsi
spesifikası və yeni layihələrin inkişafı çərçivəsində
sanballı potensial toplayıb. Nəşr
özünü respublikada yaxşı göstərə bilib
- bütün bu illər ərzində jurnalımız
AİTF, Xəzər neft-qaz, Bakutel beynəlxalq sərgilərində
iştirak edib. “Azerbaijan review” yaxın və
uzaq xaricdə tanınır. Hətta bizə
müxtəlif ölkələrdən əməkdaşlıq
təklifləri gəlir. Jurnalın materialı əsasında
«Azərbaycanın regionlarında və paytaxtında 5
gün», «Azərbaycana böyük səfər», «Diskouver»,
«Bakının teatr və muzeyləri», «Azərbaycan abidələri»
və s. yol bələdçilərimiz nəşr edilib. Hər bir sayın hazırlanması prosesində biz
Azərbaycanın mədəniyyət və turizm sahəsində
bütün əhəmiyyətli hadisələri əhatə
edən materialları toplamağa və onları sahifələrimizdə
əks etdirməyə çalışırıq. Hesab edirəm ki, bu bizim layihələrimizin işlənib
hazırlanmasına düzgün
yanaşdığımızı göstərir.
Böyük beynəlxalq tədbirlər, mühüm mədəniyyət
və turizm layihələrinin reallaşdırılması,
ölkəmizin dünya arenasındakı nailiyyətləri
“Azerbaijan review” jurnalı üçün hər zaman bir
nömrəli mövzu olub və olacaq.
- Bu gün oxucularla
görüşə hansı yeni yaradıcı planlarla gəlmisiniz?
- Maraqlı layihələr daima
“redaksiya çantası”nı zənginləşdirir.
Bu sıraya turizm marşrutlarının
populyarlaşdırılması, tanınmış mədəniyyət
xadimləri və turizm işçiləri ilə müsahibələr,
ölkəmizin mühüm inkişaf mərhələlərini
səciyyələndirən xüsusi
buraxılışların işlənib hazırlanması,
müəyyən sahələrə aid ekspertlərin cəlb
edilməsi ilə analitik xülasələr və s. daxildir.
Gələcək planlarımızda jurnala yeni əlavənin
nəşri də var. Bu nəşr beynəlxalq bazarda Azərbaycanın
paytaxt və regionlarının yeni simasını və turizm
potensialını təqdim etməlidir.
Söhbətləşdi:
Mehparə Sultanova
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 10.