Dünya
poeziyasının günəşi
Nizami Gəncəvi - 870
Yüz il
sonra sorsan, bəs o hardadır?
Hər
beyti səslənər: burda, burdadır!
“Azərbaycan
xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını,
şeirini Şərq aləmində, bütün dünyada Nizami
Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan
xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət
bağışladığına görə Gəncə
torpağı əbədi minnətdarlığa layiqdir”
Heydər Əliyev
Sentyabrın 29-30-da dahi Azərbaycan
şairi və mütəfəkkiri, dünya
poeziyasının günəşi Nizami Gəncəvinin 870
illik yubileyi doğulduğu Gəncədə böyük təntənə
ilə qeyd olundu. Qədim və yeni Gəncə
dünyanın dörd bir yanından gələn qonaqları
salamladı. Necə ki, Nizami “İsgəndərnamə”
poemasının əvvəlində Allaha xitabən deyirdi ki,
ulu tanrı, sən aləmləri, kainatı, yeri-göyü
yaradan pərvərdigarsan, biləsən ki, mən indi də Gəncədəyəm,
bura mənim əbədi məkanımdır. Sən öz mərhəmətini,
salamlarını məndən əskik eləmə. Sənin
sayəndə mən Nizamiyəm:
Nizami
tutmuşdur Gəncədə məkan,
O, məhrum
olmasın salamlarından!
Bu sözlərdən
səkkiz əsr sonra 20-dək ölkədən qonaqlar -
ictimai xadimlər, nazirlər, alimlər, şərqşünaslar
və nizamişünaslar möhtəşəm yubiley tədbirlərində
iştirak etdilər və əbədiyyət şairini
salamladılar.
Yubiley tədbirləri
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə
başlandı. Qonaqlar və şəhər ictimaiyyətinin
nümayəndələri ulu öndərin abidəsi
önünə tər çiçəklər qoyaraq xatirəsini
ehtiramla yad etdilər.
Tədbir
dahi şairin məqbərəsi önündə davam etdi. Məktəblilər
müxtəlif dillərdə dahi şairin əsərlərindən
parçalar söyləyərək qonaqları
salamladılar. Sözlərinə bəstələnmiş
romanslar səsləndi.
Minlərlə
şəhər sakininin qatıldığı mərasimdə
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov,
Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin
deputatları, xarici ölkələrin Azərbaycandakı
diplomatları, xarici ölkələrdən 150-dən
artıq nümayəndə Nizami ruhunun işığına
yığışdılar.
Tədbiri
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev açaraq
başdan-başa bayram libasına bürünmüş Nizami
yurdunda qonaqları salamladı. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dahi şair və
mütəfəkkirin yubileyi ilə bağlı
imzaladığı sərəncamın əhəmiyyətini
vurğuladı, mədəni irsimizə göstərdiyi diqqət
və qayğıya görə dövlət
başçısına gəncəlilər adından minnətdarlığını
bildirdi.
Baş
nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram
münasibətilə bütün gəncəliləri, eləcə
də dahi Nizami yaradıcılığının
işığına toplaşan qonaqları təbrik etdi.
Bildirdi ki, Nizami Gəncəvinin yubileyi yalnız poeziya, mədəniyyət
bayramı deyil, sözün əsl mənasında, ümumxalq
bayramıdır. Çünki Nizaminin sənəti hər
zaman Azərbaycan xalqının qəlbində olub, Nizami
özü də Azərbaycan xalqı ilə bir yerdədir:
“Nizami Gəncədə doğuldu, Gəncədə
yaşadı, Gəncədə vəfat etdi. Ancaq Nizami sənətinin,
istedadının, sənətkarlığının
miqyası o qədər böyük idi ki, o yalnız Gəncəni,
Azərbaycanı, Şərqi ehtiva etmədi, bütün bəşəriyyəti
əhatə etdi. Nizami nə qədər milli şairdirsə,
o dərəcədə də bəşəridir. Nizami Gəncəni
sehrkarlar diyarı, özünü də mahir sehrkar hesab
edirdi. O, Gəncəni qədim Babillə müqayisə edirdi.
Bu sözlər başqa dahi bir sənətkarın dilindən
eşidilsəydi, bəlkə də bir qədər qeyri-təvazökar
görünərdi. Amma Nizaminin dediyi bu sözlər son dərəcə
təbii səslənir. Ona görə ki, Nizami
istedadının böyük imkanları ilə Nizami sənətkarlığının
iddiası tam şəkildə üst-üstə
düşürdü.
Mənim
yaxşı yadımdadır. Ümummilli liderimiz Heydər Əliyev
Nizaminin 840 illiyi ilə əlaqədar xüsusi sərəncam
imzaladı. O vaxtlar yubileylər yuvarlaq rəqəmlərlə
qeyd olunurdu. Ancaq Nizami Gəncəvinin 840 illiyi ümumittifaq səviyyəsində
qeyd edildi. Bu böyük bir hadisə idi və şübhəsiz
ki, bu ulu öndərin şəxsiyyətinin gücü sayəsində
mümkün olmuşdu. Nə yaxşı ki, bu ənənə
indi də davam edir. Nə yaxşı ki, bu estafet Azərbaycanın
müstəqilliyinə qədər gəlib
çıxmışdır. Sevinirik ki, bu gün Azərbaycan
Prezidenti bu ənənələrə sadiq qalaraq Nizami şəxsiyyətinə
ümumxalq məhəbbətinin ifadəsi kimi dahi şairin
870 illik yubileyinin keçirilməsi barədə sərəncam
imzalamışdır. İnanırıq ki, əsrlər sonra
belə Nizami irsinə böyük sevgi və məhəbbət
olacaq”.
Mərasim
başa çatdıqdan sonra qonaqlar və yubiley
iştirakçıları söz ustadının qəbrini
ziyarət edərək məzarı üzərinə
qızılgüllər düzdülər, ruhuna dualar
oxudular.
Dünyaya
fateh olmaz, zülmkarlıq, rəzalət,
Yer
üzünün fatehi, ədalətdir, ədalət!
Sonra məqbərə
yaxınlığındakı amfiteatrda F.Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının “Göygöl” Dövlət
Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri
Orkestri solistlərinin ifasında şairin sözlərinə
yazılmış musiqilər, Gəncə Dövlət
Universitetinin, Gəncə Musiqi Kollecinin, Gəncə Humanitar
Kollecinin və Gəncə uşaq musiqi məktəblərinin
gənc müəllimlərindən ibarət 100 nəfərlik
xor kollektivinin (rəhbəri professor Sevda Qurbanəliyeva)
ifasında Nizamiyə həsr olunmuş mahnılar səsləndi.
Qonaqlar məqbərə
ətrafında xatirə şəkilləri çəkdirdilər.
* * *
Həmin
gün Azərbaycan Dövlət Aqrar Universitetində xarici
ölkələrin bir qrup ictimai və elm xadiminə bu təhsil
ocağının və Gəncə Dövlət
Universitetinin “Fəxri doktoru” adlarının təqdim
olunması mərasimi keçirildi.
Dövlət
Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov və Gəncə
Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov təhsil
müəssisələri elmi şuralarının qərarlarını
oxudular. Dünyanın ən qədim və zəngin İsgəndəriyyə
Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının
prezidenti, BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə
səfiri, doktor İsmayil Seragəldiyə və BMT-nin
Hökumət Komissiyasının sədri, İsveçrə
Konfederasiyası Prezidentinin müşaviri, İsveçrənin
sabiq dövlət naziri, UNESCO-nun kommunikasiya üzrə
hökumətlərarası panelinin sədri, səfir Valter
Fusta Azərbaycan Dövlət Aqrar Universitetinin, Latviyanın
sabiq Prezidenti, BMT baş katibinin xüsusi təmsilçisi,
Avropa İttifaqının uzunmüddətli inkişaf
proqramının vitse-prezidenti Vaira Vike-Freiberga və
Qırğızıstan Respublikasının sabiq xarici işlər
naziri və müvəqqəti hökumətin rəhbəri
Roza Otunbayevaya Gəncə Dövlət Universitetinin “Fəxri
doktoru” diplomları təqdim olundu.
Təhsil
naziri Misir Mərdanov təltif olunanları təbrik edərək
Nizami Gəncəvinin 870 illik yubiley günlərində bu
hadisənin əlamətdar olduğunu vurğuladı. Qonaqlar
onlara göstərilən yüksək diqqətə görə
universitetlərin rəhbərlərinə təşəkkürlərini
bildirdilər.
Sentyabrın 29-da yubiley çərçivəsində
daha bir tədbir keçirildi. Gəncənin mərkəzində
Nizami Gəncəvi adına piyada keçidinin
açılışı oldu.
Torpağa
mərhəmət xeyirdir, inan,
Lütf etsən
gül verər, zülm etsən tikan!
Universitetdə
keçirilən tədbirdən sonra “Xan Bağı” Mədəniyyət
və İstirahət Parkında Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təməlinin qoyulması mərasimi oldu. Mərasimdə
çıxış edən Baş nazirin müavini
Elçin Əfəndiyev əlamətdar hadisə münasibətilə
Gəncə əhalisini təbrik etdi. Bildirdi ki, mərkəz
yaxın gələcəkdə gəncəlilərin sahib
olduğu bir mədəniyyəti Nizaminin timsalında
bütün dünyaya nümayiş etdirəcək.
Sonra Xalq
yazıçısı Anar ürək sözlərini gəncəlilərlə
bölüşdü: “Nizami Xaqani kimi zindana düşməyib,
Nizaminin Nəsimi kimi dərisini soymayıblar, Nizami nisbətən
sakit bir həyat yaşayıb və Gəncədən kənara
çıxmayıb. Ancaq onun yaradıcılığı,
onun sənəti o qədər təlatümlü, o qədər
həyəcanlı, o qədər ehtiraslıdır ki, Nizami
bu gün bütün dünyanı Gəncəyə gətirib.
Bütün dünya Gəncəyə Nizaminin
görüşünə gəlib. Mən çox sevinirəm
ki, Gəncədə Nizaminin adını daşıyacaq beynəlxalq
mərkəzin təməlini qoyuruq. İnanıram ki, bu mərkəzin
Nizami irsini yaşatmaqda və təbliğ etməkdə
mühüm rolu olacaq və Gəncənin gözəl guşələrindən
biri kimi əsrlər boyu yaşayacaq”.
Mərasimdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin gələcək fəaliyyətinə
uğurlar arzuladılar.
Həmin
gün şəhərdəki Heydər Əliyev Mərkəzində
Nizami Gəncəvinin poemalarının yeni tərcümə
və tərtibatda nəşr olunmuş nüsxələrinin
təqdimatı keçirildi. Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
şairin yubileyi münasibətilə Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə ilk dəfə olaraq “Xəmsə”yə daxil olan 5 əsərin
külliyyat şəklində çap edildiyini dedi və
bütün gəncəlilər adından Azərbaycanın
birinci xanımına minnətdarlığını bildirdi.
Sonra
nizamişünas alimlər Samir Pişnamazzadənin “Nizami Gəncəvi
məqbərəsinin tarixi və taleyi” və “Nizami Gəncəvi
yaradıcılığına əxilik ideologiyasının təsiri”,
Xəlil Yusiflinin “Nizami Gəncəvi: sələflər və
xələflər”, Mübariz Yusifovun “Nizamidə azərbaycançılıq”,
Sevda Qurbanəliyevanın “Nizami Gəncəvinin musiqi
dünyası” və “Nizami Gəncəvi obrazları miniatürlərdə”
mövzularında məruzələri dinlənildi.
Çıxış edən ziyalılar görülən
işləri Nizami yurdunun elm və mədəniyyət mərkəzinə
çevrilməsi yolunda atılan addım kimi dəyərləndirdilər.
“Nizami sənəti o qədər əzəmətli
və çəkilidir ki, onu ölçmək
üçün göylər qədər böyük tərəzi,
Yer kürəsi kimi iri ölçü vahidi lazımdır”
Əlişir Nəvai
Sentyabrın 30-da Gəncə Şəhər İcra
Hakimiyyəti binasının böyük iclas zalında Nizami
Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş beynəlxalq
elmi-praktik konfrans keçirildi. Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev qonaqları
salamladıqdan sonra Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyev
çıxış etdi. O, Nizami Gəncəvi irsinin tədqiqatçılar
üçün böyük yaradıcılıq mənbəyi
olduğunu bildirdi. Qeyd etdi ki, əsrlər, qərinələr
bir-birini əvəz etsə də, Nizami irsi tədqiqat
mövzusu olaraq qalacaq. Onun yaradıcılığı ilə
təkcə Şərq tədqiqatçıları deyil, eyni
zamanda Avropa şərqşünasları da məşğul
olmuşlar: “Bu da onu göstərir ki, Nizami
yaradıcılığı Şərqlə Qərbin fəlsəfi,
bədii-estetik sintezi, vəhdətidir. O, bir tərəfdən
Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən
Firdovsini, İbn Sinanı öyrənmişdir. Bu baxımdan
mütəfəkkir şairin dünyagörüşündə
bu iki aləmin vəhdəti yaranmışdır”.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin vaxtilə dediyi sözləri
xatırlatdı: “Nizami Gəncəvi elə bir qüdrətli
şairdir ki, onun yubileyini hər il qeyd etmək olar”.
Nazir
Nizaminin bəşəriyyətin ən parlaq dühalarından
biri, bəşəri şair olduğunu vurğuladı: “Onun
dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin
ən nadir incilərindəndir və bu əsərlər bəşəriyyətin
yetişdirdiyi böyük dühaların yaratdığı
ölməz abidələr arasında şərəfli yer
tutur. Nizami Gəncəvi müstəsna şəxsiyyətdir
ki, xalqımızın soy-kökünə xas olan ən
yaxşı xüsusiyyətlər - istedad, ağıl, vicdan,
şərəf, bəsirət və uzaqgörənlik onun
şəxsində təcəssüm tapmışdır.
Nizami Gəncəvinin misilsiz poeziyası XVII əsrə qədər
yalnız Yaxın və Orta Şərq xalqları
üçün heyranlıq, təqlid və çoxsaylı
tədqiqat obyekti olmuşdursa, həmin əsrdən
başlayaraq bu poeziya tədricən Avropa, Amerika, Asiya və
Afrika xalqlarının da sərvətinə
çevrilmişdir. Bəşər sivilizasiyanın
inkişafında Nizami Gəncəvinin rolunu yalnız Aristotel,
İbn Sina, Dante, Şekspir kimi bütün dövrlər
üçün bədii və təfəkkür sahəsində
dünyanın ən nəhəng simaları ilə müqayisə
etmək olar”.
Nazir
bildirdi ki, Nizaminin nadir əlyazma nüsxələri
dünyanın Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris,
Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz və s. kimi şəhərlərinin
məşhur kitabxana, muzey və əlyazmaları
fondlarında qiymətli incilər kimi qorunub saxlanılır:
“Nizaminin poetik aləmi daim hərəkətdə olan bir
dünyadır. Bu dünya nə tükənmək, nə də
qocalmaq bilir, əsrdən-əsrə daha da cavanlaşır.
Ümumbəşəri mədəniyyət inkişaf etdikcə,
Nizaminin təsir dairəsi daha da genişlənir, onun
yaradıcılığına müraciət edən, onun mənəvi
və poetik irsinin tükənmək bilməyən xəzinəsindən
bəhrələnən bədii söz, rəngkarlıq,
musiqi ustalarının sayı ildən-ilə artır.
Bəzən
fikirləşirsən: görəsən, bütün
dünyada sevilə-sevilə oxunan Nizami
yaradıcılığının təravətinin, həmişəyaşıl
ağaclar kimi bütün dövrlər üçün təzə-tər
qalmasının sirri nədədir? Yəqin bundadır ki, dahi
şair və mütəfəkkir öz sehrli qələmi ilə
insanın elə ülvi hiss və həyəcanlarını
ifadə etmişdir ki, onlar əbədidir və bəşəriyyət
durduqca duracaqdır.
Nizami Gəncəvi
müəyyən mənada Avropa İntibahını bir xeyli,
azı iki əsr qabaqlamışdır. Renessansın əsas
məzmununu təşkil edən insana, onun şəxsiyyətinə
maraq və humanizm məsələsi ilk dəfə olaraq məhz
onun əsərlərində öz ifadəsini və mükəmməl
bədii təcəssümünü tapmışdır.
Şəxsiyyət azadlığı, onun iradəsinin
qatı xurafat zülmündən qurtuluşu, bitkin humanizm nəzəriyyəsi
Nizaminin ölməz poeziyasının ayrılmaz tərkib hissəsidir.
Bu əsərlərdə Nizami dövrünün ən
humanist, ümumbəşəri idealları parlaq şəkildə
əks olunmuşdur.
Nizami Gəncəvi
həm də böyük vətənpərvər idi. Nizami
misilsiz poeziya günəşidir. O, bəşər
övladı var olduqca parlayacaq, sirli-sehrli, əsrarəngiz
şüaları ilə yeni nəsillərə mənəvi
qida verəcək”.
* * *
Konfransda
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil
naziri Misir Mərdanov məruzə ilə
çıxış edərək Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi ilə bağlı ölkə
başçısı tərəfindən imzalanmış sərəncamın
milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi
və gələcək nəsillərə ötürülməsi
sahəsində dəyərli töhfə olduğunu qeyd etdilər.
Dahi şairin əsərlərinin bəşəriyyətin
yetişdirdiyi böyük dühaların yaratdığı
ölməz abidələr arasında özünə layiqli
yeri tutduğunu bildirdilər.
Misirin
İsgəndəriyyə kitabxanasının direktoru, Misir Elmlər
Akademiyasının prezidenti İsmayıl Seragəldin,
Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga,
Qırğızıstanın sabiq dövlət
başçısı, professor Roza Otunbayeva, BMT-nin Elektron
Hökumət Komissiyasının sədri Valter Fust, Türkiyənin
sabiq mədəniyyət naziri Namik Kamal Zeybək, İngiltərə
Kral Akademiyasının rəhbəri, Oksford Universiteti Linkoln
Kollecinin professoru Baronessa Susan Greenfild və başqaları
çıxış edərək Şərq
xalqlarının ədəbiyyatına son dərəcə
yüksək humanist ideyalar və yeni sənətkarlıq
nailiyyətləri gətirərək yeni istiqamət
açan dahi Azərbaycan şairi Nizami Gəncəvinin
yaradıcılığını təhlil etdilər.
UNESCO-nun Azərbaycan
Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva
qurumun baş katibi İrina Bokovanın təbrik məktubunu
konfrans iştirakçılarının nəzərinə
çatdırdı. “Dahi şair və mütəfəkkir
Nizami Gəncəvi ümumbəşəri dəyərə
malik bir alimdir. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası
dialoqa bir çağırışdır və UNESCO bu
yubileydə iştirakdan çox böyük şərəf
hissi duyur. Nizami yaradıcılığı bəşəriyyətin
müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın
axarını dəyişməyə
çalışmasını təbliğ edir, ləyaqətli,
ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir.
Onun əsərləri mədəniyyətin xalqlar arasında
körpü salmasını və ictimai şüuru təcəssüm
etdirir. Heç şübhəsiz Nizaminin ədəbi irsi Azərbaycan,
Mərkəzi Asiya və digər ölkələrdə
insanların həyatına çox böyük təsir
göstərib. "Ruhumu sevgiyə qərq edin" humanist
çağırışı yaşadığımız
qeyri-müəyyən zaman üçün bir ilhamdır”, -
deyə məktubda vurğulanır.
Konfransda həmçinin
Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin
yubileyə ünvanladığı təbrik məktubu səsləndirildi.
Məktubda deyilir: “Nizami sülhü, sevgini, xeyirxahlıq və
qardaşlığı təbliğ etmişdir. Gələcək
nəsillərə zəngin mənəvi miras qoyan şairin fəlsəfi
düşüncələri, ibrət dolu nəsihətləri
bu gün də yaşayır. Onun
yaradıcılığı təkcə Azərbaycanda deyil,
bütün dünyada böyük maraqla öyrənilir.
Nizami Gəncəvi, eyni zamanda, türk dünyasının mədəniyyətinin
təşəkkül tapmasında misilsiz xidməti olan
böyük şəxsiyyətdir”.
Konfransın sonunda Gəncə Şəhər İcra
Hakimiyyəti ilə Misirin İsgəndəriyyə, Türkiyə,
Gürcüstan və Kəşmir milli kitabxanaları
arasında əməkdaşlıq haqqında niyyət
protokolları və Gəncə şəhəri ilə
Tacikistanın Xocənd şəhəri arasında
“Qardaşlaşmış şəhərlər” sazişi
imzalandı.
Şeirdən
ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.
Bununla da Nizami Gəncəvinin vətənindəki
tədbir başa çatdı.
Hələ
çox əsrlər keçəcək, çox tarixlər
dəyişəcək, ancaq Nizaminin söz xəzinəsi
dünyanın ən qiymətli sərvəti olaraq qalacaq.
Sözün heykəlini qoyan Nizami anılacaq, xatırlanacaq,
yaşayacaq...
Təranə Vahid
Bakı-Gəncə-Bakı
Mədəniyyət.- 2012.- 3
oktyabr.- S. 8;9.