İlyas Əfəndiyev əfsanəsi
“Müəllif öz adına və oxucuya hörmət
etməlidir”
16
il bundan əvvəl, oktyabrın 3-də XX əsr Azərbaycan
ədəbiyyatının klassiklərindən biri, Xalq
yazıçısı İlyas Əfəndiyev
dünyasını dəyişdi. Böyük ədibin hər
zaman anılacaq və xatırlanacaq əbədi ömrü
başlandı...
İlyas Əfəndiyev o xoşbəxt
sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq
üçün səbəblər çoxdur. Çünki
onun yaradıcılığı mədəniyyətimizin qiymətli
bir parçasıdır. İlyas Əfəndiyev ədəbiyyatımıza
“Kənddən məktublar”la gəlsə də, qısa vaxt ərzində
həyat qədər həyati hekayələri, povestləri,
romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi
mühiti xeyli durulda bildi. İlyas Əfəndiyev əlinə
qələm aldığı gündən ömrünün
son gününə kimi ürəyinin səsinə qulaq asdı,
ədəbiyyat naminə yazdı...
Ötən illərə
qayıdaq, sağlığında əfsanələşən
yazıçının keçdiyi yollara, qısa da olsa, nəzər
salaq.
İlyas Məhəmməd oğlu
Əfəndiyev 1914-cü ildə Füzulidə
tanınmış tacir ailəsində anadan olub. Ata-babası
bütün Qarabağda kasıba, yoxsula əl tutan, xeyirxah
insanlar kimi ad qazanmışdı. Bu ailənin bir qolu tacir nəsli,
digər qolu ruhani təhsili almış axund və üləmalardan
ibarət idi. Ona görə də bu ailə sovet hakimiyyətinin
qanlı-qadalı dövründə - 30-cu illərdə ciddi
təqiblərə məruz qalır, onların dədə-baba
mülkü əllərindən alınır, ailənin bəzi
üzvləri “xalq düşməni” elan olunaraq güllələnir,
bəziləri həbs edilərək vətəndən
uzaqlara sürgün olunur. Yazıçının atası Məhəmməd
Əfəndiyevin evi, mülkü, bağı əlindən
alınır, “səs hüququ”ndan məhrum edilir.
İllər keçəcəkdi,
gələcəyin böyük yazıçısı o hadisələri
belə xatırlayacaqdı: “Bizim ailəmiz çox
ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum
edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi
uşağın böyüyü mən idim. Bizim doqquz adamdan
ibarət ailəmizə hökumət tərəfindən zəbt
edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq
vermişdilər”.
Qarabağın aran rayonlarında
yaşayan ailələr kimi Məhəmməd kişi də
yay aylarında ailəsi ilə bərabər yaylağa -
Şuşaya köçər, İlyasın uşaqlıq
illərinin bir hissəsi Şuşada keçərdi. Zaman
ötəcəkdi, İlyasın uşaqlıq xatirələri
zaman-zaman boy verəcək, Şuşa və Qarabağ
mövzusu onun yaradıcılığında mühüm yerlərdən
birini tutacaqdı.
Ancaq ailənin xoş günləri,
İlyasın uşaqlıq illərinin sevincli anları uzun
sürmür. Məhəmməd kişi 1934-cü ildə 50
yaşında dünyasını dəyişir.
Atasının vəfatından sonra İlyasın bir gənc
kimi formalaşmasında, kitaba, ədəbiyyata
marağının artmasında anası Bilqeyis xanımın əvəzsiz
xidmətləri olur. Ədib xatirələrində yazır:
“Anam keçmiş müsəlman qızları kimi, evdə
mollakunə adamlardan dərs almışdı. Ərəb və
rus əlifbalarında yazıb-oxuyurdu. Mütaliəni çox
sevirdi... Ümumiyyətlə, anamız çox incə
zövqə malik bir qadın idi...”
Yolların sonundakı işıq
İlyas Əfəndiyev 1930-cu ildə
pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə
bitirdikdən sonra bir müddət Böyük Bəhmənli
kəndində dil və ədəbiyyat fənnindən dərs
deyir. Gələcəyin görkəmli dramaturqu Füzulidə
fəaliyyət göstərən kiçik kollektivin
tamaşalarında “teatr” adlı sehrli bir aləmlə tanış
olur. Sonralar o, qeyd edir ki, «mən də ora tez-tez gedir və
böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim».
Ailə vəziyyəti ilə əlaqədar
olaraq, təhsilində bir neçə il fasilə versə də,
ali təhsil almaq arzusu onu tərk etmir. 1934-cü ildə Pedaqoji
İnstitutun ədəbiyyat şöbəsinə daxil olur,
lakin elə həmin il “qolçomaq oğlu olduğu
üçün” institutdan uzaqlaşdırılır.
Hökm verən zamandır.
İlyas Əfəndiyevin alın yazısını kimsə dəyişə
bilməzdi. 1938-ci ildə o, APİ-nin coğrafiya fakültəsinin
qiyabi şöbəsini bitirib rayona qayıdaraq müəllimliyini
davam etdirir.
... 30-cu illərin sonlarında
İ.Əfəndiyev ədəbiyyata gəlir və bir-birinin
ardınca hekayələr yazmağa başlayır. “Rayonda
ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə
bərabər, hələ gecə kurslarında da dərs
deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın
qarlı, uzun qış gecələrində heç kəsə
bir söz demədən hekayələr yazdım. Sonralar «Kənddən
məktublar» adı ilə çap olunan həmin hekayələri
götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim
Bakıya...”
Bakı ədəbi mühiti onun
yaradıcılığında mühüm rol oynayır.
İ.Əfəndiyev ilk mətbu əsərilə əlaqədar
yazır: “1939-cu ildə “İnqilab və mədəniyyət”
jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm
çıxdı. Bundan az sonra “Kənddən məktublar”
kitabım nəşr olundu”.
Yazıçı bir neçə
qəzetlə əməkdaşlıq edir. Əmək fəaliyyətini
əvvəlcə “Kommunist” (1939-1940), sonra isə “Ədəbiyyat
qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam
etdirir.
“İlyas Əfəndiyev teatrı”
40-cı illərdə ilk dram əsərlərini
qələmə alan yazıçı dramaturgiyaya gəlişini
belə xatırlayır: “...Tanınmış
yazıçı Mehdi Hüseyn bir gün mənə
yaxınlaşıb “istəyirsən birlikdə bir pyes yazaq”,-
dedi. Məşhur yazıçının təklifi gənc
yazıçı üçün çox xoş idi və mən
razılıq verdim. Biz “İntizar” pyesini yazdıq. Pyesi Adil
İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid
Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla
bərabər, dramaturgiyaya daxil oldum».
Bundan sonra o, milli teatrımız
üçün “İşıqlı yollar” (1946) və “Bahar
suları” (1947) pyeslərini yazır. 40-cı illərin
axırlarında İ.Əfəndiyev artıq
özünü bir nasir və dramaturq kimi təsdiq edir.
Yaradıcılıq yollarında
inamla addımlayan gənc yazıçı 1941-1945-ci illərdə
Azərbaycan Radio Komitəsində ədəbi verilişlər
şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında
ssenari şöbəsinin rəisi, daha sonra isə “Azərnəşr”də
bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində
çalışarkən ədəbi ictimaiyyətlə
bilavasitə təmasda işləyir, həyatı dərindən
öyrənir, dünyagörüşünü daima
artırır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq
gecələr” adlı ikinci kitabı nəşr olunur.
1949-cu ildə respublikanın mədəni
ictimaiyyəti və bütün sənətsevərlər Azərbaycan
Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə
qeyd edərkən, səhnə sənətinin
inkişafındakı xidmətləri nəzərə
alınaraq İ.Əfəndiyev “Şərəf
nişanı” ordeni ilə təltif edilir.
1954-cü ildə tamaşaya
qoyulmuş “Atayevlər ailəsi” dramaturqun
yaradıcılığında uğurlu bir addım kimi yadda
qalır. Pyes Tofiq Kazımovun quruluşunda səhnələşdirilir.
Bir-birini kəşf etmiş iki sənətkar
sonralar Azərbaycan teatr tarixinin parlaq səhifələrini
yazacaq, yaradıcılıq əlaqələri uzun illər
davam edəcəkdi.
Yazmaq onun alın yazısı idi
İlyas Əfəndiyev 1958-ci ildə
ilk irihəcmli “Söyüdlü arx” romanını oxuculara təqdim
edir. Əsər yazıçıya böyük uğur
qazandırır.
Ədəbiyyatın bütün
janrlarında kamil sənət nümunələri yaradan
yazıçının yaradıcılığında
60-80-ci illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə
onun ədəbi fəaliyyətində janr rəngarəngliyi
özünü göstərir, bir-birinin ardınca iri nəsr
əsərlərini - ciddi ictimai-siyasi problemlər qaldıran,
gözəl mənəvi keyfiyyətlər aşılayan,
müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli
nümunələri kimi şöhrət qazanmış
“Körpüsalanlar” (1960), “Dağlar arxasında üç
dost” (1963), “Sarıköynəklə Valehin nağılı”
(1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981)
kimi povest və romanlarını dərc etdirir.
Eyni zamanda maraqlı dram əsərlərini
qələmə alır, publisist və ədəbiyyatşünas
kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin
məhsulu olan “Sən həmişə mənimləsən”
(1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən
dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968),
“Məhv olmuş gündəliklər” (1969), “Qəribə
oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s.
pyeslərini yazır.
Ədib ölməz sənət
nümunələri ilə Azərbaycan dramaturgiyası xəzinəsini
zənginləşdirir, beləliklə, “İlyas Əfəndiyev
teatrı” yaranır.
“İlyas Əfəndiyev
teatrı”nın uğurlarından söhbət açarkən,
təkcə onu göstərmək kifayətdir ki, ilk
tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi
1981-ci ilə qədər Azərbaycan Milli Dram Teatrı səhnəsində
350 dəfə oynanılmışdır.
Əlinə qələm
aldığı ilk gündən müasir mövzulara daha
çox müraciət edən dramaturq 1971-ci ildə tarixi mövzuda
«Mahnı dağlarda qaldı» pyesini yazır. Yeni
yaradıcılıq uğuru kimi qarşılanmış pyesə
görə 1972-ci ildə respublika Dövlət
mükafatına layiq görülür.
Görkəmli ədəbiyyat
xadimi kimi geniş şöhrət qazanmış İ.Əfəndiyev
1979-cu ildə Azərbaycanın “Xalq yazıçısı”
fəxri adına layiq görülür.
60 ildən çox
yaradıcılıq yolu keçmiş ədib 80-ci illərin
sonu - 90-cı illərdə də məhsuldar
yazıçı kimi yazıb-yaradır. Dramaturqun “Şeyx
Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin
cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə
ağacı” (1991), “Dəlilər və ağıllılar”
(1992), “Hökmdar və qızı” (1994) və s. pyesləri
tamaşaya qoyulur, bir sıra yeni kitabları nəşr olunur.
Azərbaycanın ədəbi
ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq
yazıçısı İ.Əfəndiyevin anadan
olmasının 80 illiyini təntənəli surətdə qeyd
edir. Ədəbiyyatımızın inkişafında
böyük xidmətlərinə görə, Prezident Heydər
Əliyevin fərmanı ilə müstəqil Azərbaycanın
“Şöhrət” ordeni ilə təltif olunur. Respublikanın
sənət adamları arasında o, birinci sənətkar idi
ki, həmin ordenə layiq görülmüşdü.
Zəngin yaradıcılıq yolu
keçmiş, həyatın acılı-şirinli günlərini
yaşamış İlyas Əfəndiyev 1996-cı il
oktyabrın 3-də Bakı şəhərində
dünyasını dəyişdi, Fəxri xiyabanda dəfn
olundu. Sağlığında canlı klassik adlandırılan
ədibin əbədi həyatı - İlyas Əfəndiyev əfsanəsi
başlandı...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 7.