“Nizami türk
dünyasının əvəzolunmaz mütəfəkkiridir”
Tuncel Acar Türkiyə Milli Kitabxanasının direktorudur. Onunla Mədəniyyət və
Turizm Nazirliyi,
TÜRKSOY və Azərbaycan
Milli Kitabxanasının
birgə təşkil
etdiyi “Nizami irsinin təbliği” adlı elmi konfransda həmsöhbət
olduq. Qonaq rəhbərlik etdiyi kitabxananın fəaliyyətindən,
Azərbaycan kitabxanaları
ilə əməkdaşlıqdan
və Nizami irsindən söz açdı.
- Bu mənim Bakıya altıncı səfərimdir. Zaman-zaman burada müxtəlif
mədəniyyət tədbirlərində
iştirak edirəm.
Hər səfərimdə qardaş
ölkənin daha da inkişaf etdiyinin şahidi oluram. Bu dəfə
bizi Bakıya Nizami Gəncəvi sevgisi gətirdi. Biz bu dahi Azərbaycan şairini eyni zamanda türk
dünyasının əvəzolunmaz
mütəfəkkiri kimi
qəbul edirik. Düşünürəm ki, bu tədbirlə dahi Azərbaycan şairinin irsinin təbliği ilə yanaşı, kitabxanalar arasında əlaqələrin güclənməsinə
də töhfə vermiş oluruq.
- 2008-ci ildə
Azərbaycan və Türkiyə milli kitabxanaları arasında əməkdaşlıq memorandumu
imzalanıb. Səfər əsnasında bu
xüsusda yeni sənədləşmə oldu.
Ötən dövrü qarşılıqlı
əlaqələr baxımdan
necə dəyərləndirirsiniz?
- İki
qardaş ölkənin
milli kitabxanaları arasında əlaqələr
1996-cı ildən yüksələn
xətlə davam edir. Beş il öncə
imzaladığımız memorandumdan
sonra birgə fəaliyyətimiz daha da artdı. İki ölkənin milli kitabxanaları bir-birlərini
daha yaxından tanıdı. Məlumat bazalarının
yaradılmasında ortaq
çalışmalarımız oldu və bu
işi ilin sonunadək yekunlaşdırmağı
planlaşdırırıq. Biz eyni zamanda
birgə Avropa kitabxanası məkanına
daxil olduq. İndi həm Azərbaycan, həm də Türkiyə Milli Kitabxanasının məlumat
bazası Avropa kitabxanası üzərindən
axtarıla bilir.
Bu, bizim üçün
çox önəmli
hadisə oldu. Bundan əlavə, Azərbaycan və Türkiyə türk dünyasının
digər kitabxanalarına
təcrübə baxımından
öncüllük etdi.
Birgə tədbirlər
təşkil edərək
türk dünyası
kitabxanalarının bir-birini
daha yaxından tanımasına nail olduq. Bütün bunlar səmərəli əməkdaşlığımızın nəticələridir. Əməkdaşlığın
daha beş
il uzadılmasına dair yeni memorandum imzaladıq və qarşıda çoxlu planlarımız var.
- Növbəti
beş ildən gözləntiləriniz nələrdir?
- Gözləntilərimiz
çoxdur. Növbəti illərdə də
bir sıra yeniliklərin həyata keçiriləcəyinə inanıram.
Yeni anlaşma ilə mütəxəssis mübadiləsi
aparacağıq, qabaqcıl
təcrübəni paylaşacağıq.
Qarşılıqlı səfərlərimiz olacaq. Xüsusilə məlumat bazalarının
rəqəmsallaşdırılması ilə bağlı məsələlərə önəm
veriləcək. Azərbaycanda bu istiqamətdə çox böyük işlər görüləcəyinə
inanıram.
- Nizami
Gəncəvi ilə bağlı əlyazmaların
surətini Azərbaycan
Milli Kitabxanasına hədiyyə etdiniz.
Rəhbərlik etdiyiniz kitabxanada
ölkəmizlə bağlı
materiallar çoxdurmu?
- Azərbaycanla
bağlı materiallar
çoxdur. Maraqlı
əlyazmalar var, kitabların sayı hər il
artır. Məsələn,
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov əməkdaşları tərəfindən
hazırlanmış “Nizami
Gəncəvi. Biblioqrafiya” kitabını
mənə hədiyyə
edib. Onu özümlə aparıb
fonda təhvil
verəcəyəm. Bizim kitabxanamızda
Nizami ilə bağlı əlyazmalar
var. Biz onların surətlərini
Azərbaycanın Milli
Kitabxanasına hədiyyə
etdik. Digər bir əlyazma
da var ki,
çox köhnəlib,
onun bərpasına çalışırıq. İşlər yekunlaşandan sonra
onun da surətini
təqdim edəcəyik.
Nizami böyük türk
şairidir. Etiraf edək
ki, illər uzunu türk dünyası tərəfindən
bir qədər diqqətdən kənarda qalıb. Amma son dövrlərdə Nizami irsinin önəmi daha qabarıq şəkildə
ortaya çıxır.
Ən vacibi isə o, Azərbaycan, türk şairi kimi qəbul edilir. Siz bilirsiniz ki, Qərb mətbuatında Nizaminin kimliyi barədə yanlış
məlumatlara rast gəlinir. Əsərlərini
farsca yazdığı
üçün onu bəzən fars
şairi kimi qələmə verirlər.
Hamımız bilirik ki, o dönəmdə fars dili
önəmli olduğuna
görə şairlər
farsca yazıb. Nizami elə bir bəşər
övladıdır ki,
ona hər kəs sahiblənmək istəyir. Amma biz həqiqəti olduğu kimi dünyaya çatdırmalıyıq.
Bu baxımdan Azərbaycanın apardığı
təbliğat işlərini
də xüsusi qeyd etməliyəm.
- Azərbaycanda
kitabxana sahəsində
vəziyyəti necə
dəyərləndirərdiniz?
- Buraya hər səfərimizdə
kitabxana sahəsində
yeniliklər görürük.
Əməkdaşlıq etdiyimiz kitabxananın
timsalında bunu deyə bilərəm.
Türkiyədə biz kitabxana fondlarının
rəqəmsallaşdırılmasını,
demək olar ki, başa çatdırmışıq.
Bu məlumatları Avropa kitabxanaları üzərindən bütün
dünyanın istifadəsinə
veririk. Azərbaycanda
bu iş uğurla davam etdirilir. Ölkələrimiz müxtəlif beynəlxalq
təşkilatlarla, o cümlədən
kitabxana sahəsində
ən nüfuzlu beynəlxalq təşkilat
olan Kitabxana Assosiasiyaları və İnstitutların Beynəlxalq
Federasiyası (İFLA) ilə
əməkdaşlıq edir.
Məsələn, növbəti ildə
Avropa Birliyi ölkələri milli kitabxanalarının rəhbərləri
Bakıya toplaşacaq,
təcrübə mübadiləsi
aparılacaq. Bu, çox böyük mədəni hadisədir.
Avropa milli kitabxanaları rəhbərlərinin
toplantıları hər
il bir
ölkədə keçirilir.
Avropa Birliyinə üzv olmayan ölkələrin də bu tədbirlərdə
iştirakına imkan yaradılıb. Bu il tədbir Lixtenşteyndə baş tutub. Türkiyə, Azərbaycan kimi
quruma üzv olmayan ölkələr kitabxana sahəsində təcrübə mübadiləsi
apara bilirlər.
- Türkiyə
Milli Kitabxanası haqqında qısa məlumat verərdiniz?
- Kitabxanamız
Türkiyənin ən
böyük kitabxanasıdır,
3 milyondan artıq kitab fondumuz var. Onların tam əksəriyyəti
rəqəmsallaşdırılıb.
Kitablarla
yanaşı, 300 mindən
artıq əlavə
material var. Buraya əlyazmalar,
vallar, CD-lər, tablolar və s. aiddir. Bütün kataloqlarımız elektron formatdadır.
Kitabxana həftənin 7 günü
səhər saat 9-dan
22-dək açıqdır. Gün ərzində 2500-dən
artıq adam
kitabxanamızı ziyarət
edir. Ötən il 665 min insan
bizim mərkəzin xidmətlərindən istifadə
edib. Gözdən əlil vətəndaşlarımıza
xidmət edən səsli kitabxanamız da mövcuddur. Bütün dünya ilə əlaqələrimiz var. Çalışırıq
dünyada olan ən qabaqcıl təcrübəni ölkəmizdə
tətbiq edək.
Müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq
çərçivəsində ixtisasartırma kursları
təşkil edir, mütəxəssislərimizin bilik
və təcrübələrini
artırırıq.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 6.