“Cənnət
yuxuları”
Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət
Muzeyində istedadlı rəssam İnna Kostinanın fərdi
sərgisi açıldı. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
gerçəkləşən “Cənnət yuxuları”
adlı sərgidə rəssamın 1993-cü ildən bu
günədək çəkdiyi müxtəlif janrlı 150-dən
artıq əsəri nümayiş etdirilir.
Açılışda
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev çoxcəhətli
yaradıcılığa malik rəssamın bir sıra beynəlxalq
müsabiqələrin laureatı olduğunu bildirdi. Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağəli
İbrahimov rəssam İnna Kostinanın uzun illər
uşaqlarla işlədiyini və bu istiqamətdə
maraqlı əsərlər yaratdığını qeyd etdi.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı
Ömər Eldarov fırça ustasının rəngarəng
əl işləri ilə gözəllik dünyası
yaratdığını vurğuladı. Xalq rəssamı Səlhab
Məmmədov İnna Kostinanın ən çətin
vaxtlarda da sənətindən imtina etmədiyini bildirdi.
Mərasimdə
çıxış edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə rəssamın
yaradıcılığını yüksək qiymətləndirdi.
Onun yaratdığı obrazların xalq dastanlarının,
miflərin, nağılların səhifələrindən
qoparaq canlanan obrazlar olduğunu vurğuladı, sənətkarın
öz əsərləri ilə bütöv bir dünya
yaratdığını dedi.
Sonda İnna Kostina
çıxış edərək sərginin təşkilatçılarına
təşəkkür etdi.
Çıxışlardan sonra sərgiyə
baxış keçirildi.
Reyhan
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 4.