“Xalq şairi - El anası”
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə oktyabrın 1-də “Park İNN”
hotelində Xalq şairi
Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr edilmiş
“Xalq şairi- El anası” mövzusunda dəyirmi
masa keçirildi.
Mərkəzin direktoru, professor Vilayət İsmayılov Mirvarid Dilbazinin həyat yolu və yaradıcılığı, Azərbaycan mədəniyyəti tarixində rolu və bədii irsi haqqında məlumat verdi.
Millət vəkili Arif Rəhimzadə çıxışında qeyd etdi ki, Azərbaycanda incəsənətə və ədəbiyyata həmişə yüksək qiymət verilib. Mirvarid Dilbazinin layiq görüldüyü titul və mükafatları sırasında ən böyük mükafatın xalqının sevgisi olduğunu bildirən millət vəkili şairənin də xalqına hədsiz sevgisi və vurğunluğundan söz açdı. Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev şairənin əsərlərində xalqa, vətənə məhəbbətin başlıca mövzu olduğunu vurğuladı: “Biz onun yazdıqlarını vərəqlədikcə bir daha bunun şahidi oluruq. Ədəbiyyat xadimi üçün bu, ən dəyərli şərtlərdən biridir”.
Tədbirdə
S.Mümtaz adına Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymur “Mirvarid Dilbazinin həyat və
yaradıcılığı”, AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva “Mirvarid Dilbazinin
lirikası”, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş
memarı Fəxrəddin Miralayev “Xatirələrdə
yaşayan Mirvarid
Dilbazi” mövzularında
çıxış etdilər. Bildirildi ki, Mirvarid Dilbazi
XX əsrin lirik şairəsi kimi sevilib. Yaradıcılığında qadının cəmiyyətdə
roluna geniş yer ayrılıb, kövrək ana duyğusu, sülh, vətənə məhəbbət
və doğma yurdun təbiəti bənzərsiz obrazlarla təsvir edilib.
Çıxışlardan
sonra şairənin ədəbi irsi haqqında müzakirələr
aparıldı, Əməkdar
artist Tünzalə Ağayeva
şairənin sözlərinə
bəstələnmiş mahnılar
haqqında məlumat verdi. Tədbirdə Mirvarid Dilbazinin ailə üzvləri, qohumları, millət vəkilləri, elm və mədəniyyət xadimləri
iştirak edirdilər.
L.Azəri
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 4.