Ölkəmiz
Yaponiyada turizm sərgisində
uğurla təmsil olunub
Yaponiyanın paytaxtı Tokioda keçirilən «JATA-2012» beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin əməkdaşları, «Geo Travel», «İmprotex Travel» və «ENC Tours» şirkətlərinin nümayəndələri, Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri daxil olub.
Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun verdiyi məlumata görə, 156 ölkədən 708 yerli və xarici şirkətin iştirak etdiyi sərgidə Azərbaycanın turizm imkanları 63 kvadratmetrlik stenddə nümayiş etdirilib. Ziyarətçilərə ingilis və yapon dillərində reklam-çap məhsulları paylanıb, ölkəmizin turizm imkanları haqqında geniş məlumat verilib. Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları sərginin qonaqları tərəfindən böyük maraqla izlənilib.
Sərginin davam etdiyi günlərdə nazir müavini Nazim Səmədov Yaponiya Turizm Agentliyinin rəhbəri Norifumi İdee və bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə bürosunun baş direktoru Toyohiza Kozuki ilə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında turist dövriyyəsinin artırılması, viza rejiminin asanlaşdırılması, beynəlxalq hava nəqliyyatı vasitəsilə ölkələrarası səfərlər üçün daha rahat şəraitin yaradılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Yaponiyanın turizm şirkətləri üçün 2013-cü ilin ikinci rübündə Azərbaycana infoturun təşkili müzakirə olunub.
Nazim Səmədov Yaponiyanın bir sıra nəşriyyat şirkətlərinin təmsilçiləri ilə görüşüb.
Nazir müavini «Globe Trotter» nüfuzlu beynəlxalq bələdçi kitabının nəşriyyat şirkətini, «İshii Brothers Co.», «Myata Communications İnc.» şirkətlərini, Yaponiyanın Rusiya və MDB ölkələri üzrə İqtisadi Araşdırmalar İnstitutunu Azərbaycanın turizm sənayesi ilə daha yaxın əməkdaşlıq etməyə dəvət edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 2.