On ildir, kamanın
gözü yoldadır...
Unudulmaz ifaçı, Əməkdar artist Ədalət
Vəzirov dünyaya bahar fəslində, 1951-ci
ilin aprelində gəlmişdi, son baharda -
2002-ci il oktyabrın 4-də həyata
əlvida etdi. Vəfatından 10 il keçməsinə
baxmayaraq o, bu gün də musiqisevərlərin yaddaşında
yaşayır, yetişdirdiyi
adlı-sanlı tələbələrinin
və dostlarının
xatirindədir.
O, ilk musiqi təhsilini Bülbül adına orta
ixtisas musiqi məktəbində almış,
sonra Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında oxumuşdur. 1980-ci ildən bu təhsil
ocağında və Sumqayıt Musiqi Texnikumunda müəllim kimi fəaliyyət göstərmiş, ömrünün
son iki ilini texnikumun direktoru vəzifəsində çalışmışdır.
Sənətkar uzun müddət
Əməkdar artist Baba Salahovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında
və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik
etdiyi ansamblda çıxış etmişdir.
Sənət səfərlərinə
getdikləri ABŞ, Kanada,
İraq, Misir, Yaponiya və s. ölkələrdə kamança
ifaçılığını peşəkarcasına nümayiş
etdirən sənətkar
həm də bacarıqlı fortepiano və
qarmon ifaçısı
olmuşdur.
Dünyaya musiqiçi ailəsində
gəlmişdi. Atası Səfərəli
Vəzirov da gözəl qarmon ifaçısı imiş.
Dövlət radiosunun
“qızıl fond”unda
lent yazıları durmaqdadır.
Ailədə bütünlüklə musiqiyə bağlı olduqlarından Ədalət
və qardaşları
da eyni sahəni
seçirlər. Bu gün qardaşlardan Kamil Vəzirov atalarının yolunu davam etdirir. Tanınmış qarmon ifaçılarımızdan
biridir. Digər qardaşları Babək
klarnet ifaçısı,
gənc yaşlarında
dünyasını dəyişmiş
Ramiz isə pianoçu olmuşdur.
Öz sənəti ilə
yüksələn, dəqiq
ifaçılıq qabiliyyəti
ilə tamaşaçının
qəlbinə yol tapan Ədalət Vəzirov həm də bacarıqlı müşayiətçi olmuşdur.
Musiqiçilər gözəl bilirlər
ki, üçlükdə
çalğıçı olmağı, xanəndəni
müşayiət etməyi
hər ifaçı bacarmır. Ədalət Vəzirov isə
ustad xanəndələrimizlə
dünyanın bir çox ölkələrində
uğurlu konsert proqramları ilə çıxışlar etmişdir.
Mərhum sənətkar 1999-cu ildən ömrünün
sonunadək Tekfen Karadeniz Solistleri Orkestrində çalışmışdır.
Xəzər, Qara və Aralıq dənizləri ətrafı 20 ölkənin
seçilmiş sənətkarlarını
birləşdirən mükəmməl
orkestrdə o, hər zaman ölkəmizin musiqi sənətini layiqincə nümayiş etdirməyi bacarmışdır.
2001-ci ilin iyununda
onun iştirak etdiyi konsertlərdən biri nüfuzlu İstanbul festivalına daxil edilmiş, haqqında Türkiyə mətbuatında xoş sözlər yazılmışdır.
Ədalət Vəzirovun yüksək
sənətkarlığına heyranlıq o dərəcədə
dərin olmuşdur ki, onun orkestrdəki
fəaliyyəti və
ecazkar ifasına görə Azərbaycana minnətdarlıq məktubu
göndərilmişdir. Sənətkar hər hansı
bir əsəri ifa etməklə kifayətlənmirdi. Öz əlavə
və xırdalıqları
ilə ona xüsusi bir rəng qatırdı.
Hacı Xanməmmədovun “Kamança
və simfonik orkestr üçün konsert” əsəri haqqında dediyi fikirdə də bunun şahidi oluruq. Bəstəkar
bu əsər haqqında deyərmiş:
“Mən o əsəri
sadəcə nota köçürmüşəm,
ona əsl həyatı isə Ədalət verib”.
Sənətkarın
uzun illər birlikdə çalışdığı
kamança ifaçısı
Mirnazim Əsədullayev
dostu ilə bağlı xatirələrində
yazır: “Kamanının
iniltisini eşidəndə
istər-istəməz düşünürsən,
nədir bu nalə? Kimsəsiz bir ürəyin
sızıltısı, nakam
bir eşqin harayı, yoxsa qürbətdə can verən
sahibinin son hıçqırtısımı?
Dərdli kaman, sən
sahibini itirmisən, mən əziz dostumu, sirdaşımı.
Elə insanlar var ki,
onlar evdən yox, eldən gedirlər. Ədalət də belə
insanlardan idi. O, mahir kaman ustası
olmaqla bərabər, həm də gözəl ailə başçısı, əsl
dost, vətənini, millətini
sevən bir insan idi. Onunla 1970-ci ildən,
tələbəlik vaxtından
dostlaşmışdıq. Bir-birini əvəz edən illər bu dostluğu
daha da möhkəmləndirmişdi.
Onunla bağlı xatirələr
yaddaşımda silinməz
izlər qoyub”.
Ustad sənətkar Habil Əliyev də onun ifasını və şəxsiyyətini
yüksək dəyərləndirərək
“öz kamançamı
etibar edə biləcəyim ifaçılar
sırasında məhz
Ədalət Vəzirovu
birinci görürəm”,- söyləmişdi.
Yazılanı pozmaq olmaz, deyiblər. Heç kimin ağlına
gəlməzdi ki, sevilən ifaçı yaradıcılığının ən parlaq, məhsuldar dövründə
dünyasını dəyişəcək.
2003-cü ildə lentə alınan “Kamanın Ədalət ucalığı” adlı
sənədli film sənətkarın
həyat və yaradıcılığından bəhs etməklə yanaşı, həm də onu gələcək
nəsillərə tanıtmaq
üçün körpüdür.
Ssenari müəllifi Müqəddəs
Şahbazov olan film sənətkarın xatirəsinə
bir hədiyyədir.
Xalq şairi Cabir Novruz “Ədalət
Vəzirova ağı”
adlı şeirində
ürəkləri kövrəldən,
qəlbləri göynədən
misralarla sənətkarı
yad etmişdir:
Necə yazım, necə deyim,
Heyif, Ədalətə, heyif.
Heyif qızıl barmaqlara,
İndi o kaman ağlayır,
İndi o kaman inləyir,
O, ölüm nədi, bilməyir,
O, Ədaləti
gözləyir...
Lalə Azəri
Mədəniyyət.- 2012.- 5
oktyabr.- S. 15.