Kübar qadının puç
arzuları
Kabus illərin salnaməsi
Ceyran Bayramova - o daha çox Bakıda qadınlar klubunun
yaradıcılarından biri kimi tanınır. Ötən əsrin
20-ci illərinin kübar Bakı mühitində aktiv ictimai fəaliyyəti,
siyasi dairələrdə qadınlar mövzusunun ən
müxtəlif aspektlərdə müzakirəçisi,
onların hüquqlarının müdafiəçisi kimi
adından tez-tez söz etdirərdi.
Qadın azadlığı,
onların təhsilə cəlb olunmasında, idarə və
müəssisələrdə çalışması
üçün şəraitin yaradılmasında,
qadınlarla bağlı qurultay və toplantılarda hər
zaman ön sıralarda yer alar, ötkəm danışar və
bir az özündənrazı görkəmi ilə liderlik
iddiasında da olardı. Onu xarakterizə edərkən
Avropasayağı görkəmi, fərqli geyim tərzi,
saç düzümü kimi zahiri özəlliklərini də
xüsusi qeyd edirlər.
Bir sözlə, 20-ci illərin
tipik komsomolçu qadın görünüşündən fərqli
«imic»ə malik idi. Bütün bunların fonunda məlum siyasi
maraq və mənsubiyyətindən başqa o bir xanım, ana,
həyat yoldaşı, xalqının qadınları
üçün mütərəqqi planlar cızan irəli
düşüncəli ziya sahibi idi. Bu günün nəzər
nöqtəsinə görə isə inqilabçı, məşum
37-nin qurbanlarından biri.
Dost
kim, düşmən kim...
Amma məni onun haqqında
yazmağa sövq edən tam başqa bir məqamdır,
başqa maraqdır. Qütblərə bölünən,
siyasi mövqe sahibi, dövrün tanınmış ictimai
xadimlərinin xanımları kimi bir-birini həzm etməyən
qadınların eyni taleyə - sürgün həyatına məhkum
olduqları vaxtlardakı davranış, hiss və həyəcanları.
Bu məqamı böyük şairimiz Əhməd Cavadın
həyat yoldaşı Şükriyyə Axundzadənin xatirələrində
daha aydın sezdim. Acar knyazının qızı
Şükriyyə bir zamanlar ona kinayə ilə baxan, əsil-nəcabətini
həzm etməyən, zavod və fabriklərdə sıravi fəhlə
kimi işləməsində «canfəşanlıq» göstərən
Ceyran Bayramovaya bəslədiyi kin-küdurəti unutmasa da,
ağır məqamda ona acımadan da keçməmişdi.
Deməli, eyni taleyə məhkum qadınların bir-birinə
sığınmaq, peşmanlıq və kədər dolu həyatın
sınaq illərini baş-başa keçirməkdən
başqa çarələri yox idi. Çünki həyat
mövqeyi, siyasi baxışları fərqli olsa da, uzaq
Qazaxıstan çölündə, Akmola düşərgələrində
hər ikisi eyni taleyi yaşayırdı.
Qadın klubunun yaradıcısı
Onun tərcümeyi-halı qısa
və lakonikdir. Gördüyü işlər böyük gələcəyə
hesablanmış olsa da. 1896-cı ilin 22 martında Qubanın
Zərqova kəndində doğulan Ceyran Şirin qızı
Bayramova ilk təhsilini Bakıdakı rus-tatar qız məktəbində
almışdı. Sonra şəhərdəki məşhur
qızlar gimnaziyasından da məzun olmuşdu. Ali təhsil
almaq üçün Rusiyaya getmək istəsə də,
dövrün çaxnaşmaları, 1917-ci ilin inqilabi hadisələri
onun bu arzusunu ürəyində qoymuşdu.
Gimnaziyanı bitirdikdən sonra
ictimai fəaliyyətə atılan gənc qız ailə həyatı
qurduqdan sonra taleyini həmişəlik Bakı ilə
bağlamışdır. Qadınlarla bağlı ilk ictimai
qurumlardan biri, qaynı, inqilabçı Əli Bayramov adına
klubun açılmasında xüsusi fəallıq göstərərək
onun fəaliyyətinin daha da genişlənməsinə nail
olmuşdur. Beləliklə, 1920-ci ildə Bakı və ətraf
rayonların qadınlarını fəal ictimai həyata cəlb
etmək üçün Əli Bayramov adına Qadınlar
Klubu açıldı. 1921-ci il mayın 30-da xalq maarif
komissarı Dadaş Bünyadzadə qurumla bağlı
müvafiq sərəncam da verdi. Sənəddə təşkilatın
fəaliyyət perspektivləri barədə deyilirdi:
«Yoldaş Əli Bayramov adına müsəlman qadın klubu,
yeganə nümunəvi müəssisə kimi, Xalq Maarif
Komissarlığının tabeliyindədir. Heç bir digər
idarələr klubun işinə qarışa bilməzlər,
nə inzibati, nə maliyyə, nə də təşkilati
baxımdan. Klubun idarə heyətinə təklif edilir ki,
onlara aid bütün məsələlər üzrə
bilavasitə Xalq Maarif Komissarlığına müraciət
etsinlər”.
Deməli, işləmək
üçün hər cür şərait var idi. Ceyran
xanım da bu imkanlardan maksimum istifadə etməklə ətrafına
fəal qadınları toplamağa başladı. Əslində,
nəticə də pis deyildi. Yarandığı dövrdən
qısa müddət keçməsinə baxmayaraq, klub fəallarının
sırası və fəaliyyət istiqamətləri
genişlənirdi.
Setkinin qəhrəmanı
O vaxtkı qəzetlərdən
birində klubun fəaliyyətini əks etdirən yazı bunu
bir daha təsdiqləyir: «Başda Ceyran Bayramova və onun
yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova,
Hökumə Məmmədova, Mələknisə Məlikova
olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı
qərara alırlar ki, qadınları kluba cəlb etmək
üçün müsahibə, ucadan qiraət,
yığıncaqlardan başqa, onları tikiş
emalatxanasının işinə geniş şəkildə cəlb
etmək vacibdir. Bu işin təməlini elə o bir neçə
qadın qoydu, onlar ərləri və atalarından gizli evdən
öz tikiş maşınlarını gətirdilər və
kiçik tikiş emalatxanası təşkil etdilər. Bir
neçə gündən sonra elə həmin qadınlar,
birinci olaraq savadsızlığın ləğv edilməsi
kurslarına yazıldılar. Bir neçə ay sonra
müdavimlər imtahan verməli idilər. Bu zaman şayiə
yayıldı ki, yaxşı qiymət alanları kəndə
işə göndərəcəklər. Əvvəllər
bu həyəcan doğurdu, lakin sonra təşəbbüskarlar
tapıldı. Onlar bəyan etdilər ki, burada qorxulu heç
bir şey yoxdur. Qadınlar həyəcanla deyirdilər - kluba
gəldik, emalatxana təşkil etdik, çadranı
çıxartdıq, savadsızlığımızı ləğv
etdik, bəs sonra? Axı, digər qadınlara da kömək
etmək lazımdır. Beləliklə, məzunların
birinci qrupu böyük inqilabi iş - azərbaycanlı
qadınların cəmiyyətin tamhüquqlu üzvünə
çevrilməsinə nail olmaq üçün
respublikanın qəzalarına yollandılar. Mina xala
Şamaxı qəzasına, Məsmə Məmmədova
Xızıya, Tahirə Ələkbərova Göyçay qəzasına,
Xanım Ağayeva Lənkərana, Bilqeyis Əsgərli Qubaya,
Xanım Əliyeva Naxçıvan diyarına, Hökumə Məmmədova
Şuşaya yollandılar. Yerlərinə çatan kimi, onlar
qızğın surətdə fəaliyyətə
başladılar”.
Klubun artan nüfuzu alman siyasətçisi,
kommunist hərəkatının fəal
iştirakçısı, Almaniya Kommunist Partiyasının
yaradıcılarından biri, qadın hüquqlarının
müdafiəçisi Klara Setkinin də qulağına
çatır və o, 1924-cü ildə Əli Bayramov
adına kluba gələrək onun fəalları ilə
görüşür. Gördüklərindən təsirlənərək
qadın klubunu «inqilabi qüvvələrin toplanış məntəqəsi»
adlandırır. O dövrdə çap olunan «Qafqaz od
içində» kitabında təşkilat haqqında bu qeydləri
yazır: «Sovet İttifaqının şərq və cənub-şərq
respublikalarındakı müsəlman qadınların klubu
proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Müsəlman qadınlarında, yüzilliklər ərzində
həyatın kütləşdirici şəraitinə
baxmayaraq, insanlıq ləyaqəti və insan
hüquqlarını əldə etmək səyi oyanır”.
Setkinin maraqlı bənzətməsi
klubu və onun liderini daha da populyarlaşdırır. Ceyran
Bayramova 1929-cu ildə Bakıda Azərbaycan
qadınlarının birinci qurultayında iştirak edərək
qadınlar, onların ictimai fəaliyyəti, təhsil və
iş şəraitlərinin
yaxşılaşdırılması, müəyyən idarə
və təşkilatlarda vəzifələrə cəlbi
istiqamətində alovlu çıxış edərək məqsədlərini
bir daha bəyan edir. Beləcə, Bakının kübar
qadın mühitinin tanınmış siması ətrafına
toplaşanların say sırasını daha da genişləndirir.
Onun istər iş, istərsə də şəxsi həyatı,
gözəl ailəsi və övladları başqa
qadınlara nümunə kimi göstərilirdi. Hər kəs
liderinə həsədlə baxırdı. Amma bu o qədər
də uzun sürmədi, çərxi-fələk birdən-birə
tərsinə döndü.
Sürgünlərin bitkin qadını
Bütün parlaq ideyalar, sosializm
quruculuğu və bu yoldakı fədakarlıqlara baxmayaraq,
onun da aqibəti bir zamanlar sevmədiyi, millətçi, əksinqilabçı,
müsavatçı kimi xor (!) baxdığı qadınların
taleyi ilə eyni oldu. Belə ki, o da «xalq düşməni»nin
arvadı kimi sürgün, ağır məşəqqətlər,
təhqir və təzyiqlər yaşadı. Nə qədər
sadiq kommunist olduğunu isbat etməyə çalışsa
da, ona heç kim inanmadı, daha doğrusu, inanmaq istəmədi.
Və o, həyat yoldaşı Oruc Bayramovun 1935-ci ildə Xalq
Daxili İşlər Komissarlığı tərərəfindən
əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq
həbs edilib, 1937-ci il 31 iyul tarixdə güllələnməsindən
sonra «qara siyahı»ya salındı.
SSRİ MİK-nın 4 iyul
1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova «vətən
xaini»nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi
Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını
islah-əmək düşərgəsində çəkməklə
8 il müddətinə azadlıqdan məhrum edildi,
Qazaxıstanın məşəqqət vədli Akmola həbs
düşərgəsinə göndərildi. Həbs edilərkən
ailə tərkibi, azyaşlı uşaqları və uzun illik
fəaliyyəti qətiyyən nəzərə
alınmadı. 9, 10 və 13 yaşlarındakı
oğlanları Aydın, Fərid və Əli, eləcə də
3 yaşlı qızı Nazilə taleyin hökmünə
buraxıldı, bətnində iki aylıq körpə
daşıyan ana dözülməz əzablara düçar
olunaraq ünvanı bəlli qatarın naməlum
yolçularından biri kimi çox uzaqlara üz tutdu...
O qatar 8 ilin tamamında
apardığı bir çox qadınlar kimi Ceyran
xanımı da geri qaytardı. Azərbaycan SSR Ali Məhkəməsinin
Cinayət İşləri üzrə Məhkəmə
Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən
ona bəraət də verildi. Bakıya qayıtdıqdan sonra
yenidən ictimai-siyasi həyata qatılan qadın (qəribə
də olsa) iki dəfə - “Lenin” və “Oktyabr inqilabı”
ordenləri ilə təltif edildi. Bilmirəm, Ceyran xanım o
ordenləri sinəsində necə daşıdı, amma
1987-ci ilədək yaşadı. Uzun ömrün acı xatirələrini
daşıya-daşıya.
47
məhbusdan biri
Şükriyyə xanımın
xatirələrindən bir neçə məqam Qazaxıstana,
Akmolaya şütüyən qatarda yaşananları, Bakıda
bir-birini heç cürə həzm etməyən iki fərqli
dünyabaxışlı qadının sürgün
yoldaşlığına məhkumluğunu, münasibətlərini
əks etdirmək və ümumilikdə orada yaşananları
təsvir etmək üçün ən bariz nümunədir:
«Əvvəllər daha fərqli ünvanlarda bir-birimizə
rast gəlsək də, sanki bir-birimizi görmürmüş
kimi üzümüzü çevirərdik. Amma indi bu mümkün
deyildi. Buna heç
imkan da yox idi. Həddindən artıq dar
yer idi. Odur ki, hər kəs
sükutla sanki nəyisə gözləyirmiş
kimi dayanmışdı.
Qatar uzun-uzadı fit verdi...»
Bu xatirələrin
sonrası daha dəhşətli, tükürpərdicidir.
Amma içində insanı silkələyən
sadəcə bir məqam var: insanı adiləşdirən
də, aliləşdirən
də yaşantılarıdır.
Bu günün prizmasından baxdıqda bütün siyasi maraqları və mövqelərinə baxmayaraq,
o qatarlarda uzun-uzadı
yol gedənlər və nə yazıq ki, getdikləri kimi qayıtmaq imkanı olmayanların hər biri Azərbaycan qadını, onun ləyaqət və mərdlik timsalıdır.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 5 oktyabr.- S . 12.