Gənc istedadın növbəti uğuru

 

   İslam Qasımov VII Delfi Oyunlarından medalla qayıdıb

  

   Ölkəmizdə incəsənət sahəsində yetişən istedadlı gənclərimizin dünyanın müxtəlif festival və müsabiqələrində nailiyyətlər əldə etməsi artıq xoş bir ənənə halını alıb.

  

   Əlbəttə, gənclərimizin bu uğurlarında onlara dövlət tərəfindən yaradılan şərait, göstərilən diqqət və qayğının rolu danılmazdır. Təsadüfi deyil ki, milli mədəniyyətimizin dünyada tanıdılması, habelə istedadlı gənclərin aşkara çıxarılmasında beynəlxalq tədbirlərin böyük rol oynadığı nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeniyetmə və gənclərimizin belə müsabiqələrdə iştirakına hər zaman dəstək verilir.

   Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB ölkələrinin VII açıq Delfi Oyunlarında da Azərbaycan layiqincə təmsil olunub. Sentyabrın 24-dən 29-dək davam edən tədbirdə iştirak edən Dövlət Uşaq Filarmoniyasının solisti, Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin 4-cü sinfinin vokal şöbəsinin şagirdi İslam Qasımov «estrada-vokal» nominasiyası üzrə bürünc medala layiq görülüb. Xatırladaq ki, İslam bir qədər əvvəl - iyul ayında “Paris səması“ adlı beynəlxalq mahnı festivalında da ölkəmizi uğurla təmsil edərək birinci yeri qazanmışdı. Bu uğurlarda yeniyetmə ifaçının müəlliməsi, Azərbaycan Milli Konservatoriyasının dosenti Məryəm Babayevanın da böyük əməyi var.

   Məryəm xanımın sözlərinə görə, müsabiqə çox gərgin rəqabət şəraitində keçib: “Müxtəlif nominasiyalar üzrə keçirilən bu tədbir hər il MDB-nin müxtəlif yerlərində gerçəkləşir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən budəfəki Delfi Oyunlarına göndərilən nümayəndə heyətimiz 14 nəfərdən ibarət idi. İslam yaşına görə «estrada-vokal» nominasiyasına düşdü. O, dünyada çox məşhur olan “My way” (“Mənim yolum”) əsərini ifa etdi. Bir müəllim kimi onun çıxışından çox razıyam. Çünki İslam öz istedadını yüksək səviyyədə göstərə bildi. Müsabiqədə çox böyük rəqabət vardı. Doğrudur, hər zaman gərək daha böyük zirvələrə can atasan. Amma mənə elə gəlir ki, bu yarışmada bürünc medal əldə etmək də mühüm uğurdur”.

   Söhbət əsnasında Delfi Oyunlarının əhəmiyyətindən də bəhs edən Məryəm xanım bildirdi ki, bu, dünyada incəsənət aləmində olan yeganə olimpiadadır: «Burda yer yox, medallar mövcuddur. “Estrada” nominasiyasında 10-15, 16-21 yaş arasında olan musiqiçilər yarışır. Bundan sonrakı isə «akademik-vokal» nominasiyasıdır. Bizim nominasiyada 18 nəfər, «akademik-vokal» nominasiyasında isə 21 nəfər iştirak edirdi. Münsiflər heyəti İslamın repertuar seçimini çox bəyəndi və bildirdi ki, o artıq peşəkar ifaçıdır».

   Delfi Oyunlarından danışan müəllimə gənc musiqiçilərin yetişdirilməsi ilə bağlı bir məqama da toxundu: «Yaxşı olardı ki, bu yarışmada “akademik-vokal” nominasiyasında da aşağı yaş qrupu olardı. Çünki özül klassikadır. Estrada və xalq ifaçılıq janrında daha çox sinə səsi istifadə olunur. Sinə səsi sinir sistemi və endokrin sistemlə sıx əlaqəlidir. Əgər uşaq düzgün yolla öyrədilmirsə, gələcəkdə sağlamlığında fəsadlar yaşaya bilər. Mən bilirəm ki, Azərbaycanda İslam kimi istedadlı uşaqlar çoxdur. Əgər Bakıda da uşaqların səsinin quruluşu üzrə bir mərkəz yaradılsa, çox gözəl olardı. Ümumiyyətlə, vokal müəllimi həm də tibbi biliklərə yiyələnməli, uşağın səsini qorumalıdır».

  

   “Şadam ki, ölkəmə medal gətirə bildim”

   

   İlk dəfə bu yarışmada iştirak etdiyini deyən İslam uğurlarının təməlində müəlliməsinin böyük zəhmətinin dayandığını bildirir: “Əgər Məryəm müəllimə tələbkar olmasaydı, müvəffəqiyyətlərə nail ola bilməzdim. Azərbaycan Dövlət Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri fəaliyyətə başlayandan 4-5 ay sonra onun ilk solisti oldum. Bakıda keçirilən bir sıra konsert proqramlarında, festivallarda uğurla çıxış etmişəm. VII açıq Delfi Oyunlarında gərgin bir mübarizədə iştirak etdim. Çox şadam ki, ölkəmə medal gətirə bildim. Bu çətin yarışmada adımı qaliblər sırasına yazdırdım. İndiyədək əldə etdiyim nailiyyətlərdə Məryəm xanımın rolu əvəzsizdir. Bu uğura görə də ona çox minnətdaram”.

   Festivaldan zəngin təəssüratla qayıtdığını deyən İslam bu uğurun onun gələcək yaradıcı fəaliyyətinə stimul olacağını deyir: “Qələbə özümə əminliyimi daha da artırdı. İnanıram ki, gələcəkdə bundan böyük müsabiqələrdə iştirak edəcəyəm. Bununla yanaşı, həm də özümə qarşı tələbkarlığımı artırmalıyam”.

   Müəllimə də İslamın nailiyyətini daha böyük uğurların başlanğıcı hesab edir: «Bundan sonra daha çox çalışmaq lazımdır. Uşaq təkcə yaradıcı istiqamətdə də deyil, eyni zamanda, intellektin yüksəldilməsi istiqamətində püxtələşməlidir. Onun həm dünyagörüşü, həm savadı, həm də əcnəbi dil bilgiləri olmalıdır. Əlbəttə, yaradıcı fəaliyyətlə məşğul olan, daim səhnədə yaşayan insan həm də fiziki möhkəmliyə malik olmalıdır. Müntəzəm qastrol səfərləri, məşqlər, səhnədə çıxışlar - yaradıcı insan bunlara davam gətirməlidir».

   Məryəm xanım gənc istedadlara dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 1.