Bakıda
beynəlxalq türk əl toxumaları və
ənənəvi sənətlər konqresi
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində IV
Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi
sənətlər konqresi işə başlayıb.
Milli
Azərbaycan Tarixi Muzeyi, Türkiyənin Səlcuq Universiteti və
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı
ilə gerçəkləşən tədbirdə iki
qardaş ölkənin elm adamları, Azərbaycanın
dövlət qurumlarının təmsilçiləri
iştirak ediblər. Toplantıda Türkiyədən gətirilmiş
el sənəti nümunələrinin və azərbaycanlı
sənətçilərin milli sənət əsərlərinin
nümayiş olunduğu sərgi təqdim edilib.
Açılışda
çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin
direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı
tədbirin Bakıda keçirilməsindən məmnunluğunu
bildirib. Qeyd olunub ki, artıq ənənə halını
almış beynəlxalq türk əl toxumaları və sənətlər
konqresinin məqsədi türk sənətini bugünkü və
gələcək nəsillərə çatdırmaq, bu nümunələrimizi
yaşatmaqdır.
Səlcuq Universitetinin türk əl
sənətləri araşdırma və uyğulama mərkəzinin
rəhbəri Osman Kunduraci konqresin təşkilatçılarına
minnətdarlığını bildirib.
AMEA-nın birinci vitse-prezidenti,
akademik Arif Həşimov el sənəti nümunələri
ilə bağlı fikir və mülahizələrini
bölüşüb: “El sənətləri nümunələrinin
nümayiş olunduğu sərginin materialları ilə
tanışlıqdan sonra onun coğrafiyasının çox
geniş olması qənaətinə gəlirik. Çox incə
toxumaları olan nəcib el sənəti nümunələrini
fizika elmində olan nanotexnologiyalarla müqayisə edə bilərik.
Hər bir xalçada, hər bir texnologiyada bir kvadrat santimetrə
düşən toxumaların, ilmələrin sayına görə
onun keyfiyyətinə, tarixinə qiymət verilir. Bu isə
nanotexnologiyada bir kvadrat santimetrdə neçə atomun,
molekulun yerləşməsinə bərabər olan bir sənətdir.
Bu incəsənəti tarix boyu yaşadıb bugünkü nəsillərə
ötürən sənətkarların zəhməti
böyükdür”.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev Azərbaycanda xalq tətbiqi sənətinin
inkişafına göstərilən dövlət
qayğısından danışıb, bu sahədə
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən
müvafiq dövlət proqramlarının həyata
keçirilməsindən bəhs edib. Qeyd olunub ki, xalq tətbiqi
sənəti nümunələri arasında
xalçaçılıq sənəti çox yüksək
qiymətləndirilir. Bu qədim sənət türk
xalqları arasında minilliklər boyu inkişaf etmişdir.
Bu da türk xalqlarının yaşadığı coğrafi
mühitlə, onların məşğuliyyəti və iqlim
şəraiti ilə bağlı olub.
Milli xalçaçılıq sənətimizin
UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil
edildiyini xatırladan şöbə müdiri bildirib ki, Azərbaycan
xalçası artıq bütün bəşəriyyətin
sərvətidir və hamı tərəfindən
qorunmalıdır.
Tədbirdə Səlcuq Universiteti
türk əl sənətləri araşdırma və
uyğulama mərkəzinin müəllimi Əhməd
Aytaç və Osman Kunduraci mədəni əlaqələrimizin
qurulmasındakı xidmətlərinə görə Milli Azərbaycan
Tarixi Muzeyinin diplomları ilə təltif olunub. Muzeyin
direktoru, akademik Nailə Vəlixanlıya Türkiyənin Səlcuq
Universiteti tərəfindən "2012-ci ilin bilim və sənətə
katkı ödülü" təqdim edilib.
Tədbir çərçivəsində
Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasından ibarət
“Torpağa sancılmış qılınc” mövzusunda təşkil
edilmiş sərgiyə baxış keçirilib.
Konqres işini mövzu üzrə
dinləmələrlə davam etdirib, müzakirələr
aparılıb. Tədbir oktyabrın 5-də başa çatacaq.
Mədəniyyət.-
2012.- 5 oktyabr.- S. 5.