XaçmazQusar rəsm qalereyalarının fəaliyyəti müzakirə olunub

 

   Dövlət Rəsm Qalereyası Xaçmaz Turizm İnformasiya Mərkəzində toplantı keçirib

  

   Oktyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xaçmaz Rayon Turizm İnformasiya Mərkəzində toplantı keçirildi. Tədbirdə XaçmazQusar rayon Dövlət Rəsm Qalereyasının direktorları və əməkdaşları iştirak edirdi.

  

   Sözügedən rayonların rəsm qalereyalarının fəaliyyətinə həsr olunan toplantını Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev açaraq respublikamızda, bütün sahələr kimi, mədəniyyət sahəsinin də uğurla inkişaf etdiyini vurğuladı. Xaçmaz rayonunda da maraqlı layihələr, tədbirlər keçirildiyini nəzərə çatdıran şöbə müdiri, eyni zamanda həlli vacib məsələlərin də olduğunu bildirdi: “Biz bölgənin mədəniyyət potensialından çox yüksək səviyyədə istifadə etməliyik. Digər sahələrlə yanaşı, Dövlət Rəsm Qalereyasının da fəaliyyəti gücləndirilməlidir. İndi bölgəyə gələn əcnəbi turistlərin sayı gündən-günə artmaqdadır”.

   Mədəniyyət və Turizm Nazirliyi Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxışında Azərbaycan dövlətinin mədəniyyətə göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrdən, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə fəaliyyətindən söz açdı.

   Qeyd etdi ki, bu diqqət və qayğı sayəsində Azərbaycan mədəniyyəti bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Mədəniyyətin digər sahələri kimi, rəsm qalereyalarının da fəaliyyətini gücləndirməliyik: “Düzdür, problemlər var, ancaq onların həlli ilə bağlı işlər görülür. İndi vahid proqram hazırlanır. Bu proqram əsasında fəaliyyətimizi genişləndirəcəyik. Məlumdur ki, bu günə qədər bölgələrdə hər rəsm qalereyasının öz fondu olub. Lakin bu fondların potensialı o dərəcədə də qaneedici deyil. Bu fondlarda olan rəsmlər çox azdır. Onların əksəriyyəti köhnəlib, çoxunun bərpaya ehtiyacı var. İndi çalışırıq ki, bölgələr üzrə ümumi fond yaradılsın. Eyni zamanda bu fondun bazasını gücləndirək. Bölgədə keçirilən dövlət tədbirlərində və şənliklərdə yüksək səviyyədə sərgilər keçirək. Rayonlara gələn əcnəbi turistlər üçün sərgilərin keçirilməsi nəzərdə tutulmalıdır. Eyni zamanda, bu sərgilərdə rəsm əsərlərinin satışı da diqqətdən qaçmamalıdır. Rəsm qalereyaları yerli rəssamların potensialından səmərəli istifadə etməlidirlər. Onların da əsərləri toplanıb sərgilər keçirilməlidir. Bu işə gənc istedadları cəlb etmək və onlarda sənətə maraq yaratmaq lazımdır”.

   E.Hüseynov qeyd etdi ki, qalereyalarda eksponatlar mütəmadi olaraq yenilənməlidir. Yeni eksponatların alınması üçün fəal olmaq və təşəbbüs göstərmək lazımdır. Sərgilərdə təkrar-təkrar eyni əsərləri nümayiş etdirmək olmaz. Çünki bu, sərgiyə gələnlər üçün də maraqsızdır. Bir də müxtəlif tədbirlərdə sərgilənməsi üçün dəyərli əsərlərin fotosurətlərini çıxarmaq lazımdır.

   Qusar Rayon Dövlət Rəsm Qalereyasının direktoru Nərmin Salmanova mədəniyyət müəssisəsinin fəaliyyətindən danışdı. Bildirdi ki, qalereyada 150 əsər var. Onların arasında dəyərli sənət nümunələri çoxdur: “Təəssüf ki, onların bir çoxunun bərpaya ehtiyacı var. Əlbəttə, yeni əsərlərə də ehtiyac duyuruq. Bu məsələ ilə əlaqədar müraciətimiz olub. Onu da deyim ki, bizim rayonda əcnəbi turistlər çox olur. Qalereyadakı əsərlər turistlərdə də maraq doğurur. Bu yaxınlarda Qusara Mərakeşdən turistlər gəlmişdi. Onlar təşkil etdiyimiz sərgiyə maraqla baxdılar. Qalereyaların ekspozisiyasının mütəmadi yenilənməsini biz də vacib hesab edirik. Eyni zamanda, yerli rəssamların əsərləri də alınmalıdır. Odur ki, bu sahədə fəaliyyətimizi gücləndirməliyik”.

   Xaçmaz Rayon Dövlət Rəsm Qalereyasının direktoru Sənan Rüstəmov çıxışında səslənən fikirlərə şərik olduğunu bildirdi: “Biz işimizi bu günlə səsləşən səviyyədə qurmalıyıq. Fondda olan əsərlər mütləq yenilənməlidir. Çünki bizim rayona çoxlu turistlər gəlir. İndi bizim rəsm qalereyası üçün yeni bina tikilir. Söz yox ki, yeni bina hazır olandan sonra işlərimizi ən yüksək səviyyədə quracağıq. Gənc istedadları qalereyaya dəvət etmək, onlarda bu sənətə daha çox maraq yaratmağa çalışacağıq. Silsilə sərgilər təşkil etməyə səy göstərəcəyik”.

   Sonda Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov hər iki rayonun rəsm qalereyasının rəhbərlərinə gələcək işlərində uğurlar arzu etdi.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 5.