Ömrə
şərəf gətirən müəllim
Həyatda elə insanlar
olur ki, dünyadan gedəndən sonra
onu ömrün boyu unuda bilmir,
xatirələrində yaşadırsan. Yaxşı, pis günlərində ürəyindən bir hiss keçir
- kaş onunla qəlbimdəkiləri
yenə də bölüşə biləydim, üzünü
görüb səsini eşidəydim.
Görəydi ki, əziyyəti itməyib,
ümidləri özünü doğruldub. Onun yoxluğu daim hiss olunur, bu
boşluğu heç
nə doldura bilmədiyindən nisgilə çevrilir. Təsəlli bircə budur ki, yolunu
davam etdirib
arzularını həyata keçirmək istəyənlər
var. Sən də onu xoş xatirələrlə yada
salır, alicənab əməllərindən onu
tanımayanlara da danışıb ürəyini
boşalda bilirsən.
Haqqında söhbət açacağımız sadə, təvazökar, həssas insan, gözəl pedaqoq, professor, uzun illər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Mədəniyyət və İncəsənət Universitetinin musiqi fənləri və dirijorluq kafedrasının müdiri işləmiş, işığından hamıya pay düşən böyük ziyalı Aytəkin Tofiq qızı Həsənovadır.
Bu il o, yeni dərs ilində öz həmkarlarının, sevimli tələbələrinin yanında olmadı, hər il qeyd edilən “Müəllim günü”ndə hörmətli ustadlarını təbrik edə bilmədi... Elə avqustun 17-də doğum günü də onsuz keçdi... Bu gün iş yoldaşları, yetirmələri qəlblərdə yaşayan əziz insan haqqında ürək sözlərini bizimlə bölüşürlər.
Fəlsəfə elmləri doktoru, professor, Əməkdar
müəllim, Bakı Musiqi
Akademiyasının fortepiano fakültəsinin
dekanı Nərminə Quliyeva:
- Aytəkin Həsənovanı kiçik yaşlarımdan tanıyırdım. Bülbül adına musiqi məktəbində birgə oxumuşduq. Sonra ali məktəbdəki təhsil illərimizdə və həmin musiqi məbədində işlədiyimiz zaman yaxın münasibətlərimiz davam etdi. Çox vaxt bir yerdə olurduq. Fədakar müəllim idi, gecə-gündüz işləməkdən yorulmurdu. İnsanları, həyatı çox sevirdi, incə yumora malik ciddi xanım idi. Yüksək səviyyəli musiqi duyumu olduğu kimi insanlara qarşı da doğma, isti münasibəti vardı. Heç kəsə, heç nəyə biganə qala bilməzdi. Konservatoriyada İveta Plyam adlı çox yaşlı bir müəllim vardı. Onunla böyük yaş fərqimiz olsa da, fortepiano ansamblının mütəxəssisi kimi professional maraqlar bizi birləşdirirdi. Bakıda tək qalan bu ahıl insan ömrünün son çağında bərk xəstələnib yorğan-döşəyə düşmüşdü. Aytəkin xanım ondan heç bir köməyini əsirgəmədi, hər cür yardım etdi. Könlü açıq insan idi. Sonuncu dəfə onunla bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın yubileyilə bağlı konsert tədbirinə hazırlaşırdıq. Özü yazdığı proqramı müzakirə edib bəyənmişdik. Ertəsi gün bildirdi ki, bəzi dəyişikliklər etsək konsert daha maraqlı alınar. Təəccüblə soruşdum ki, bunları nə vaxt düşündün? Sakitcə cavab verdi ki, gecə vaxtı. Bəli, o, həmişə musiqinin içində idi, musiqisiz yaşaya bilməzdi. İnanın ki, onun dünyasını dəyişməsi bizim üçün böyük itkidir...
Sənətşünaslıq namizədi,
professor, Bakı Musiqi
Akademiyasının fortepiano
kafedrasının müdiri Minarə Dilbazi:
- 1994-cü ildə respublika səviyyəli geniş bir konfrans keçirdik. Aytəkin xanım da maraqlı məruzə ilə çıxış etdi. Sonra mənimlə söhbətində bildirdi ki, Üzeyir bəyin yaratdığı bu musiqi məktəbində həvəslə dərs deyərdim. Onun kimi istedadlı, yüksək musiqi duyumu olan müəllimlərə bizdə həmişə yer olduğunu söylədim. Aytəkin xanım 1997-ci ildən rəhbərlik etdiyim kafedrada çalışmağa başladı. Onunla birlikdə ümumi fortepiano kursu üçün 3 dərs vəsaiti, çoxlu proqramlar yazmışıq. Bu təhsil ocağında işləməsi ilə fəxr edir, tələbələrinə görə qürur hissi keçirirdi. Onun yetirmələri (həm Musiqi Akademiyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində) tez-tez konsertlərdə çıxış edib nəyə qadir olduqlarını göstərirdilər. O, dünyasını dəyişəndən sonra anası Elmira xanım mənimlə söhbət zamanı söylədi ki, ona nə qədər desəm də yorulursan, iki ali təhsil ocağının birində çalış, heç cür razılaşmırdı. Deyirdi ki, bu təhsil ocaqlarının hər ikisində yaxşı tələbələrim var, mən onlardan necə imtina edim? O, xəstə olanda da fikri tələbələrinin yanında idi, tez-tez zəng edib onları soruşurdu. Çox təəssüf ki, həyatı yarıda qaldı...
Fəlsəfə doktoru,
dosent Maya Sadıqzadə:
- Aytəkin Həsənovanı tələbəlikdən tanıyırdım, möhkəm dost idik. Sonra bu, ailəvi dostluğa çevrildi. O, musiqi ilə yaşayırdı desəm səhv etmərəm. Dərs proqramlarını həmişə təzələyirdi, durğunluğu, təkrarçılığı sevməzdi. Gənclərlə işləməkdən zövq alırdı. Tələbələri üçün canını fəda edər, bircə dəfə də yorğunluqdan şikayət etməzdi. Sözün yerini, onu deməyin tərzini bilirdi. Ən çətin məqamda fikrini elə dəqiq ifadə edirdi ki, məsələ birdəfəlik həll olunurdu. Tanrı ona hərtərəfli qabiliyyət vermişdi, təəssüf ki, daha böyük işlər görməyə ömür vəfa qılmadı.
Fəlsəfə elmləri namizədi,
İncəsənət Gimnaziyasının müəllimi Sevda Ağayeva:
- Aytəkin xanımla Konservatoriyada bir yerdə oxumuşuq, sonra da əlaqəmiz qırılmayıb. Dostluğu yüksək qiymətləndirən, haqqı hər zaman müdafiə edən, həssas, qayğıkeş, kübar, işgüzar, sənətini nəhayətsiz dərəcədə sevən bir insan idi. Ətrafdakılara qarşı çox həssas idi, heç nə diqqətindən yayınmırdı. Bilirdi ki, oğlum - skripka ifaçısı Oqtay Zeynalov dünya şöhrətli Mstislav Rostropoviçdən iki dəfə ustad dərsi alıb. Görkəmli sənətkar oğluma tövsiyə etmişdi ki, təhsilini Almaniyada davam etdirsin. Aytəkin xanım görüşlərimizin birində övladımın işlərilə maraqlandı, xaricə getməklə bağlı bəzi problemlər olduğunu dedim. Bu söhbətdən iki gün keçməmişdi ki, mənə zəng vurub məsələnin həll olunacağını dedi. Ona təşəkkür etmək istəyəndə zarafata salıb söylədi ki, biz həmyerlimiz Rostropoviçin tövsiyəsini yerinə yetirmişik. Həqiqətən də oğlumun hazırda qazandığı bütün uğurlara görə Aytəkin xanıma borcluyuq. Təkcə oğluma deyil, Bakı Musiqi Akademiyasında neçə-neçə istedadlı tələbəyə öz dəstəyini əsirgəməyib.
Güclü yumor hissinə malik həyatsevər, şən insan idi, hər sözü zarafata çevirə bilirdi. Zəngin leksikonu vardı. Hərdən mənə elə gəlirdi ki, musiqini seçməsəydi, ondan yaxşı yazıçı olardı - babası Mir Cəlal müəllimin yolunu layiqincə davam etdirə bilərdi. Bir dəfə söhbət əsnasında soruşdu ki, nənəmin paxlavalarını xatırlayırsan da, necə dadlı idi...Təəssüf ki, o vaxtlar Püstə xanımdan reseptini soruşub yazmadım... Dedim ki, narahat olma, nənən bunun “sirrini” mənə demişdi - o, şərbəti balla hazırladığından paxlavaları o cür gözəl, dadlı çıxırdı. Aytəkin xanım ciddi görkəm alıb söylədi: “Bax, görürsən, səni boş yerə evimizə aparmırdım. Nənəmdən mətbəxinin daha hansı sirlərini öyrənmisən - hamısını yadına sal”. Belə zarafatları çox olurdu... Onun kimi dostu itirmək bizə çox ağırdır...
Fəlsəfə elmləri doktoru, dosent, Mədəniyyət
və İncəsənət Universitetinin
dekanı Ellada Hüseynova:
- Aytəkin xanımı 45 ildir ki, tanıyırdım. Hələ Bülbül adına musiqi məktəbində eyni vaxtda oxumuşduq, tələbəlik illəri və daha sonra eyni təhsil ocağında pedaqoji fəaliyyət. Professor Aytəkin Həsənova həmişə gözəl insani keyfiyyətləri, yüksək professionallığı, özünə, tələbələrinə qarşı tələbkarlığı ilə diqqəti cəlb edib. İşləməkdən yorulmazdı, elə bil həssas qəlbilə ömrünün qısa olacağını hiss etmişdi və buna görə də sanki tələbələrinə, cəmiyyətə daha çox şey verməyə çalışırdı. Musiqi fənləri və dirijorluq kafedrasının müdiri olan əziz həmkarımız gənclərlə işləməkdən əlavə, onlar üçün tövsiyələr, proqramlar hazırlayır, not yazırdı. Onun nəcib xüsusiyyətlərindən, insanlara incə münasibətindən danışdıqca danışmaq olar. Təəssüf ki, aramızdan erkən getdi...
Əməkdar incəsənət xadimi, dosent, kafedra müdiri Sona İbrahimova:
- Aytəkin xanım haqqında deyilən bütün xoş sözlərə mən də qoşuluram. Onun bircə cəhətini də qeyd edim. Əvvəllər işlədiyim Bülbül adına musiqi məktəbində həmişə verilən konsertləri dinləməyə gəlirdi. Sakitcə arxa cərgədə əyləşirdi. Biz onun zalda olduğunu konsert başa çatdıqdan sonra bilərdik. Sonadək oturub rəyini söyləyər, ifaları təhlil edər, məsləhətini verərdi. Həmişə şagirdləri ruhlandırır, onların gələcək planları ilə maraqlanaraq istiqamət verirdi. Kafedrada, bizim aramızda Aytəkin xanımın yeri həmişə görünəcək...
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent İradə Köçərli:
- Hələ uşaqlıq illərində Bülbül adına musiqi məktəbində bir yerdə oxumuşuq, sonra konservatoriya illəri, daha sonra eyni kafedrada fəaliyyət göstərmişik. 50 ilə yaxın idi ki, bir-birimizi tanıyırdıq. O, sözün həqiqi mənasında, əsl vətəndaş idi. Azərbaycan bəstəkarlarının musiqisini çox yüksək qiymətləndirir, daim təbliğ edirdi. Fədakar müəllim idi, çox sevdiyi işlə məşğul olduğundan heç vaxt nədənsə şikayətləndiyini eşitmədik. Hər cəhətdən zirvədə olan Aytəkin xanım həmişə bu yüksəklikdə qaldı. Onda olan qeyri-adi təvazökarlıq, müsbət aura həmişə diqqətimi cəlb edirdi. Onun yaxşı müşahidə qabiliyyəti vardı. Hər hansı hadisəni elə canlı, maraqla danışırdı ki, sanki sən özün onun iştirakçısı olmusan. Bir dəfə kollektivlə Qubaya istirahətə getmişdik, orada təbiəti də necə sevdiyinin şahidi oldum. Mənə demişdi ki, bir yerdə Gədəbəyə də gedərik. Orada babamın vaxtilə dərs dediyi və indi onun adını daşıyan məktəbi görmək istəyirəm. Amma amansız əcəl bu fürsəti bizə vermədi... Ruhu şad olsun...
P.S. Şərəfli həyat yaşamış Aytəkin xanım haqqında söz demək istəyənlər çox olsa da, təəssüf ki, hamı ilə görüşə bilmədik. Amma onun haqqında xatirələr bitməyəcək, daim yaddaşlarda yaşayacaq....
İradə Əsədova
Mədəniyyət.-
2012.- 5 oktyabr.- S. 7.