Çexiya Milli
Kitabxanasında Azərbaycanla bağlı əlyazmalar tədqiq
edilib
Azərbaycan Milli
Kitabxanasının xarici ədəbiyyat və beynəlxalq
kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə
İsmayılova və AMEA Əlyazmalar İnstitutunun fars ədəbiyyatı
şöbəsinin müdiri Möhsun Nağısoylu
Çexiya Milli Kitabxanasında Azərbaycanla bağlı
XVII-XVIII əsrlərə aid əlyazmaları tədqiq ediblər.
Çexiya Milli Kitabxanasında ərəb, fars və
Osmanlı türkcəsində 680 əlyazma var.
Fars dilindəki
149 əlyazmanın 22-si Azərbaycana
aiddir. Əlyazmalar XIV-XIX əsrləri əhatə edir. Bu dildə Nizami Gəncəvinin “Xəmsə”
(XVI), “İsgəndərnamə”, “Xosrov və Şirin”, “Külliyate Nizami”, Füzulinin “Hədiqətül süəda”,
məşhur şərhçi
Şadi Abadinin “Xaqani divanının şərhi”, “İksire təvarex” və “Ziynətül təvarix” adlı kitabları araşdırılıb. XIX əsrə
aid “Ziynətül təvarix”
və Əli Qulu ibn Xosrov
Fəthəli şah Qacar tərəfindən yazılmış “İksiri
təvarix” adlı əlyazmalarda geniş olaraq Səfəvi, Qacar, Ağqoyunlu, Qaraqoyunlu, İraq və fars tarixinə
aid materiallar verilib, Azərbaycanın Gəncə,
Göyçə mahallarının
adı çəkilib,
görkəmli sərkərdələri
haqqında məlumat yer alıb.
Türk dilindəki (Osmanlı)
335 əlyazmanın 15-i Azərbaycana
aiddir. Füzulinin
“Hədiqətül süəda”sı,
Nəsimi və Füzulinin divanları, Əbdül Məcid Fereştenin 2300 sözdən
ibarət lüğəti,
Mahmud ibn Məhəmməd
əl-Təbrizi tərəfindən
yazılmış ovçuluğun
sirlərindən bəhs
edən “Baznamə” kitabları öyrənilib.
Bununla yanaşı, türk dilində tibbə aid müalicəvi
reseptlər verilmiş
“İlace şərbət”,
hərbi memarlıqdan
bəhs edən “Şərhə nosxeyi fənne hərb” kitabları tədqiq edilib.
Ərəb dilində 196 əlyazmanın
2-si Azərbaycana aiddir.
Kitablar Sührəvərdi və
Tusi haqqındadır.
Səfər çərçivəsində mütəxəssislərimiz bir
neçə türk əlyazması ilə - Əhməd Əfəndi,
İbrahim Çələbi,
Əhməd Paşa, Suzi kimi şairlərin
şeirlər toplusu və “Qurani-Kərim”in türk dilinə tərcüməsi ilə
də tanış olublar.
Burada XVII əsrə aid Nəsiminin
divanı, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”,
“Yeddi gözəl” və “İsgəndərnamə”
əsərləri maraq
doğurub. Araşdırma zamanı Qövsi
Təbrizinin “Külliyyate
divane Qövsi” adlı əlyazması diqqəti cəlb edib. Kitabda “Dişin ağrıyorsa çək qurtul”, “Ağac nə qədər bar gətirərsə
başın aşağı
dutar” və s. kimi qədim atalar sözləri, haşiyədə Füzulinin
şeirləri və
“Söz” qəzəlinə
Q.Təbrizinin yazdığı
nəzirə yer alıb.
Mədəniyyət.-
2012.- 5 oktyabr.- S. 4.