Azərbaycanın
gənc bəstəkarları Drezdendə müasir
musiqi festivalında iştirak
edirlər
Oktyabrın 1-də Almaniyanın Drezden şəhərində
“TonLagen" beynəlxalq müasir musiqi festivalı
başlanıb.
Almaniyada yaşayan və təhsil
alan mədəniyyət meneceri Vazeh Mustafadan
aldığımız məlumata görə, oktyabrın 13-dək
davam edəcək festival çərçivəsində Azərbaycanın
gənc bəstəkarlarının iştirakı ilə incəsənət
layihəsi təşkil edilib. Layihənin əsas məqsədi
ölkəmizin müasir incəsənət
potensialının növbəti dəfə Almaniyada təqdim
edilməsi, iki ölkə arasında mədəni əlaqələrə
töhfə verilməsi, incəsənət xadimləri
arasında qarşılıqlı mübadilənin daha da
genişləndirilməsidir.
Müasir musiqi dünyasında
kifayət qədər yüksək nüfuza malik “TonLagen”
festivalına bu il ABŞ, Avstraliya, Çin, Danimarka, Estoniya,
Fransa, Kanada, İrlandiya, İslandiya, İspaniya,
İsveçrə, İtaliya və Yunanıstandan da sənətçilər
dəvət olunublar. Festivala dəvət edilmiş azərbaycanlı
bəstəkarlar - Ayaz Qəmbərli, Firudin Allahverdi, Tahir
İbişov, Türkər Qasımzadə (Sinsinnati
Universiteti, ABŞ) və Said Qəni (Amsterdam
Konservatoriyası, Niderland) yeni əsərləri ilə Azərbaycan
müasir musiqi incəsənətini təqdim edirlər.
Bəstəkarların festivalda
iştirakını təmin edən “Quinar” incəsənət
layihəsi Almaniyada Robert Bosch Fondu, Saksoniya Əyalətinin Mədəniyyət
Fondu və HELLERAU - Avropa İncəsənətlər Mərkəzi
tərəfindən maliyyə və texniki cəhətdən
dəstəklənir. Gənc bəstəkarların bu layihədə
iştirakına Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi də dəstək verib.
Layihə oktyabrın 9-da Drezdenin
HELLERAU - Avropa İncəsənətlər Mərkəzində
xüsusi formatda təqdim ediləcək. Əsərlərin
ifası gənc alman rejissoru Benyamin Şindler (Benjamin Schindler)
tərəfindən hazırlanmış video-instalyasiya və
gənc vokalçı Almut Kühne tərəfindən
hazırlanmış canlı elektron-improvizasiya ilə
müşayiət olunacaq.
Sara Muradova
Mədəniyyət.- 2012.- 5 oktyabr.-
S. 3.