Sehrli
meyvənin vətənində “Alma
bayramı”
O gün qədim “Quba
meydanı”nda Quba almaları gözəlliyi
ilə göz qamaşdırdı, ətir
saçdı, Qubaya “alma
yağışı” yağdı...
Oktyabrın 6-da Qubada “Alma bayramı” keçirildi. Quba Rayon İcra
Hakimiyyəti və Mədəniyyət və
Turizm Nazirliyinin birgə təşkil etdiyi bayramda Milli Məclisin deputatları, xarici ölkələrdən qonaqlar,
rayon ictimaiyyəti iştirak
edirdi. Tədbirdən danışmazdan öncə almanın və Quba almasının
tarixindən qısa söz açaq.
Cənnətin
alması Qubada
Bu meyvənin tarixi
Adəmlə Həvvanın
zamanına gedib çıxır. Sonralar sirli-sehrli
meyvə Yer üzünün hər tərəfinə yayıldı.
Ancaq minilliklər boyu Adəm övladlarının
almaya sevgisi azalmadı. Bu möcüzəli meyvə
ölkəmizin hər
yerində bitsə də, Qubanı özünə “vətən”
seçdi. Hələ eramızdan
əvvəl Azərbaycana
gələn bir çox səyyahlar meyvəçilik haqqında
maraqlı məlumatlar
veriblər. XIII əsrdə Azərbaycana gələn ərəb coğrafiyaşünası Yaqut
Həməvi burada zəngin meyvə bağları olduğunu yazırdı. XVIII-XIX əsrlərdə Qubada geniş meyvə bağlarının olması
barədə məlumatlar
var. Quba alması barədə ən mükəmməl bilgilər
isə sözsüz ki, yerli sakinlərə
- qubalılara məxsusdur.
Quba alması barədə qubalılar belə deyir:
...Bu yerlərin dağının
adı Şahdağdır,
düzünün adı
Şah düzüdür.
Bağının adı Padşahlar
bağıdır, bulağının
adı Şahlar bulağıdır.
Meyvəsi də...meyvələrin şahı Almadı.
Tumurcuğundan tumunacan, qoxusundan tamınacan, qabığından qaxınacan,
şəkərindən duzunacan,
şirəsindən dəmirinəcən,
mürəbbəsindən ceminəcən,
turşusundan zülalınacan,
dürlü-dürlü vitaminlərindən
minerallarınacan...möcüzə
dolu Alma...
Yurdumuzda Göyçayın narı,
Gəncənin xurması,
Lənkəranın limonu,
Abşeronun ağ-qara
şanısı kimi,
Qubanın da alması məşhurdur.
Təbiətin alma bəxşişi Quba bağlarının payına
düşüb...Quba
almasının şöhrəti
dünyada dolaşır...
Quba bağlarında yetişən “Azərbaycan
gözəli” öz bənzərsizliyi ilə,
“Şıxcanı” şux
ətir şirəsi,
“Cırhacı” öz
qabığındakı yaddaşlara
məlhəm dəmirliyi,
“Sarı turş” tamı, “Şafran” öz sarılı-duzlu lətafəti, “Qızıl
Əhmədi” al-əlvan
çalarları, “Aşiqi”
cilvəli görünüşü,
“Mürsəli” nurani boylanışı, “Qəndil
sinab” uzunsov obrazı, “Cənnəti” müqəddəs şəfası
ilə gözəldir.
“Cibir”, “Hilal”, “Əyyubi”, “Atbaşı”,
“Canatan”, “Meşə alması”, rəngarəng
yay almaları... könül açan adlar, ruhoxşayan dadlar...
Hələ rusun, almanın, fransızın...Quba bağlarında yaşam haqqı qazanan “Rozmari”ni, “Smirinka”sı, “Napoleon”u, “Boykin”i, “Antonovka”sı və daha nələri...
Bu günə kimi
Quba alması barədə səbət-səbət
söz deyilsə də, şairlər şəninə söz düzüb, bəstəkarlar
gözəlliyinə mahnı
bəstələsə də,
yenə azdır.
Quba alması artıq Quba tarixinin bir parçası, simvoldur.
Oxşa, can-can gözəli,
Könül açan gözəli.
Gözəllər gözəlidir
“Azərbaycan gözəli”.
Qonaq gəlib bizə dostlar
“Alma bayramı”nın sorağı ilə səhərin gözü açılandan
“Quba meydanı”na kəndlərdən, obalardan
axışan qubalılar
bir-birini “Bayramınız
mübarək” gözaydınlığı
ilə salamladı. Hərə öz kəndinin almasını tərif etdi, hərə öz almasını təriflədi. Tarixdə
bir çox hadisələrin şahidi
olan qədim “Quba meydanı” öz meydanını almaya verdi.
Almalar meydanda butalaşdı, min
bir çeşiddə,
min bir formada çiçək açdı.
Bu yerdə hər bağ alma,
Dərə alma, dağ alma.
Ağ üzdə tül gözəldir,
Ağ əldə də “Ağ alma”.
Bayram iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki
əzəmətli abidəsi
önünə tər
çiçəklər düzərək
xatirəsini ehtiramla yad etdilər.
Tədbir qədim “Quba meydanı”nda davam etdi. Minlərlə qubalının iştirak
etdiyi “Alma bayramı”nda
rayon İcra Hakimiyyətinin
başçısı Mübariz
Ağayev çıxış
edərək Qubanın
tarixən meyvəçilik,
tərəvəzçilik və sənətkarlıq
mərkəzi olduğunu
bildirdi. Qeyd etdi
ki, ulu öndər
Heydər Əliyevin
1996-cı ildə uzaqgörənliklə
həyata keçirdiyi
torpaq islahatından sonra Qubada bağ
sahələri genişləndirilmiş,
meyvə istehsalı nəzərəçarpacaq dərəcədə
artmışdır. Hər
il orta hesabla
200-300 hektara yaxın bağlar salındığını
deyən icra başçısı hazırda
rayonda 14 min hektardan çox meyvə bağı olduğunu,
2011-ci ildə 117 min 480 ton məhsul
istehsal olunduğunu bildirdi.
Son illər Qubada həyata keçirilən
iqtisadi islahatların bəhrə verdiyini deyən M.Ağayev keçən il İkinci Nüğədi,
Vəlvələ kəndlərinin
hər birində 6 min
tonluq, Dəlləkli kəndində isə 7 min
tonluq soyuducu anbarların istifadəyə
verilməsini dövlətin
meyvəçiliyə göstərilən
qayğısı kimi
dəyərləndirdi. İcra başçısı
Qubada meyvəçiliklə
yanaşı, kənd
təsərrüfatının digər sahələrinin də inkişaf etdiyini qeyd etdi.
Qədim
tarixə malik olan bu bölgədə
20-dək xalqın nümayəndəsinin
mehriban dostluq, qardaşlıq şəraitində
yaşadığını deyərək çıxışının
sonunda Qubaya və qubalılara göstərilən diqqət
və qayğıya görə rayon sakinləri
adından ölkə
başçısına minnətdarlığını
bildirdi.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev qubalıları, bütün
tədbir iştirakçılarını
möhtəşəm bayram
münasibətilə təbrik
etdi. Nazir müavini son illər
unikal mədəni dəyərlərimizi, o cümlədən
bölgələrimizin mədəni
irsini dünyaya tanıtmaq istiqamətində
böyük işlər
görüldüyünü, müxtəlif layihələr
həyata keçirildiyini
bildirdi. Mədəniyyət
və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları”
proqramı çərçivəsində
2012-ci ildə Qubanın
“Azərbaycanın Sənətkarlıq
Paytaxtı” seçildiyini
deyən nazir müavini “Alma bayramı”na qubalıların çox gözəl hazırlaşdıqlarını razılıqla qeyd etdi: “Bu, məhsul bayramı olmaqla yanaşı, həm də dostluq, qardaşlıq, sevgi bayramıdır. Alma mövcud olan meyvələrin həm ilkidir, həm də əbədi və əzəli olanlarından biridir.
Bu gözəl bayram münasibətilə
hər kəsi təbrik edirəm”.
Kənd təsərrüfatı nazirinin
müavini Bəhram Əliyev və millət vəkili Vahid Əhmədov çıxış edərək
Qubanın iqtisadiyyatından,
həyata keçirilən
layihələrdən, meyvəçiliyin
inkişafından söz
açdılar. Qubada
yetişdirilən alma növləri barədə
qonaqlara ətraflı
məlumat verildi.
Sonra tədbir iştirakçıları meydanda
almadan düzəldilmiş
təamların və
müxtəlif alma növlərindən hazırlanan
şirniyyatların dadına
baxdılar.
Tədbirdə Qubanın tarixini,
mədəniyyətini əks
etdirən xalçaçılıq,
dulusçuluq, misgərlik
sənət nümunələri
sərgiləndi. Rayonda yaşayan
azsaylı xalqların
folklorunu, mətbəxini
və həyat tərzini əks etdirən stendlər nümayiş olundu. Kəndirbazların və pəhləvanların
nümunəvi çıxışları
tədbir iştirakçılarına
xoş anlar bəxş etdi.
Tədbir Quba meydanında konsert proqramı ilə davam etdi, qonaqlara hədiyyələr verildi.
Almalarla dolu 22 maşın tədbir iştirakçılarının
qarşısından keçdi.
“Alma bayramı”nda
tarixi toy
“Alma bayramı” daha
bir hadisə ilə yadda qaldı. Rəsmi hissədən sonra
“Quba meydanı”nda bayram bayrama qarışdı. Quba internat
məktəbinin iki məzununun nikah mərasimi keçirildi.
Rayon İcra Hakimiyyətinin
və Dövlət Qulluqçuları Həmkarlar
İttifaqının dəstəyi
ilə Elnur Kəramətzadə və
Leyla Qədirovanın
toy məclisi "Quba"
şadlıq sarayında
davam etdirildi. Bəylə gəlinə hədiyyələr
təqdim olundu. Bu tarixi toyda
dövlət rəsmiləri,
millət vəkilləri
ilə yanaşı, ölkəmizdə fəaliyyət
göstərən diplomatik
korpusların nümayəndələri
də iştirak etdilər.
Beləliklə, Qubanın tarixində
ilk dəfə keçirilən
“Alma bayramı” tarixə
düşdü və
qubalılar bu könülaçan bayramı
ənənəyə çevirəcəklərini
bildirdilər. Yazımızın
əvvəlində alma
barədə səbət-səbət
sözdən danışdıq.
Səbətdə almalar
çox olsa da, bir alma
daha çox xoşuma gəldi:
Vətəni gəz, alma var,
Qürbətdən həzz
alma, var,
Azərbaycan adında
Bir bölünməz alma var!
“Alma bayramı” başa çatanda göydən üç alma düşdü, biri yazanın, biri oxuyanın, biri də...
Təranə Vahid
Mədəniyyət.- 2012.- 10
oktyabr.- S. 8.