Bakıda
“İdman-incəsənət” sərgisi
“İdman ili” və Milli Olimpiya Komitəsinin 20 illik
yubileyi münasibətilə təşkil
olunan sərgi oktyabrın 15-dək davam edəcək
Oktyabrın 9-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan
rəssamlarının əsərlərindən ibarət
“İdman-incəsənət” (“Sport-Art”)
adlı rəsm sərgisi açıldı. Sərgi Mədəniyyət
və Turizm Nazirliyi,
Azərbaycan Rəssamlar İttifaqı, Muzey
Mərkəzi və Dövlət Rəsm Qalereyasının
təşkilatçılığı ilə ərsəyə
gəlib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin 2012-ci ilin dövlət başçısı tərəfindən “İdman ili” elan olunması və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə təşkil olunduğunu bildirdi. Qeyd olundu ki, sərgi həm də ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin sənət əsərləri vasitəsilə nümayişi, gənc nəslin idman və incəsənətə marağının artırılması məqsədi daşıyır: “Milli Olimpiya Komitəsinin 20 illik yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. “İdman ili”ndə də idmançılarımız bir sıra uğurlar əldə ediblər. Onların qazandıqları nailiyyətlər yaradıcı insanların bu mövzuya müraciət etməsinə səbəb olur. İdman mövzusu rəngkarlıq, heykəltəraşlıq, ümumiyyətlə, təsviri sənətdə öz əksini tapır. Bu da təsadüfi deyil. Çünki idman gözəllikdir, gücdür, iradədir və istənilən yaradıcı insanın idman mövzusuna müraciət etməsi təbiidir. Hələ qədim dövrlərdən başlayaraq idman mövzusu incəsənətdə geniş yer almışdır. Qədim yunan və Roma heykəltəraşlığı nümunələrində, ehramları və məbədləri bəzəyən freskalarda, çini və keramika nümunələrində idman fraqmentlərinə rast gəlinir. Azərbaycan rəssamlıq ənənələrinin davamı kimi gənc rəssamların da yaradıcılıq axtarışlarında idman mövzusu önəmli yer tutur. Mən onların hər birinə yeni yaradıcılıq uğurları arzulayıram”.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında layihənin önəmindən danışdı: “Sərgi yaradıcı insanların idman mövzusuna cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu il Azərbaycanın idman həyatı rəngarəng tədbirlərlə, müxtəlif layihələrlə, yeni uğurlarla zəngin olub. İl ərzində 700-dən artıq medal qazanılıb. Bu təxminən hər gün Azərbaycan bayrağının 2-3 dəfə yüksəklərdə dalğalanması deməkdir. Dünyanın hər yerində Azərbaycanı tanıyırlar. Bu təbliğat işində mədəniyyət sahəsində çalışanların da böyük rolu var. İnanıram ki, Azərbaycan mədəniyyəti və Azərbaycan idmanı bundan sonra da ölkəmizi dünya miqyasında layiqincə təmsil edəcək”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəssam və heykəltəraşlar arasında idman mövzusunda müsabiqələr keçirildiyini və qalib əsərlərin beynəlxalq tədbirlərdə sərgiləndiyini qeyd etdi. Vurğulandı ki, Olimpiya hərəkatı təkcə idman yarışlarından ibarət deyil, o həm də insanları, gəncləri idman ruhunda tərbiyə etmək məqsədi daşıyır.
Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı
Fərhad Xəlilov bildirdi ki,
layihənin başlıca vəzifəsi müasir
müəlliflərin diqqətini bu mövzuya cəlb etməkdir: “İdman
çox maraqlı mövzudur.
Arzu edərdim ki, bu mövzuda
professional əsərlərin sayı daha da artsın”.
Sonra sərgiyə baxış
keçirildi. Sərgidə rəssamların rəngkarlıq,
qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri
nümayiş etdirilir.
Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 15 rəngkarlıq
və 1 heykəltəraşlıq
əsəri arasında
Xalidə Səfərova,
Arif Qazıyev, Tofiq Ağababayev, Nadir Qasımov və digərlərinin əsərləri
ilə yanaşı, gənc rəssamların da işləri maraqla qarşılandı.
Sərgi
oktyabrın 15-dək davam
edəcək.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 4.