Milli müstəqilliyimizin mübariz
şairi
Xəlil
Rza Ulutürk - 80
Oktyabrın 9-da Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə “Park İnn” hotelində XX əsr Azərbaycan
poeziyasının tanınmış nümayəndəsi, Xalq
şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza
Ulutürkün 80 illik yubileyinə həsr olunmuş dəyirmi
masa keçirildi.
"Milli müstəqilliyimizin
mübariz şairi\" adlı tədbiri Elmi-Metodiki Mərkəzin
direktoru, fəlsəfə elmləri doktoru Vilayət
İsmayılov açaraq Xəlil Rza Ulutürkün həyat
və yaradıcılığına nəzər saldı. Bildirdi
ki, Azərbaycan poeziyasında böyük iz qoyan şairin
yaradıcılığının hər bir anı, hər
bir məqamı dəyərlidir. Onun şəxsiyyəti hər
bir Azərbaycan övladı üçün örnəkdir. Çünki
o, xalqının azadlığı üçün
yaşayıb, mübarizə aparıb.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov şairin bütün
istedadını millətə bəxş etdiyini
vurğuladı. Bildirdi ki, Xəlil Rza Ulutürk səhhətini,
sağlamlığını öz müqəddəs
amalı - Vətəninin azadlığı yolunda qurban
vermiş bir insandır: “Onun bütün
yaradıcılığı çap olunsa, böyük bir
külliyyat olar. O, ana dili uğrunda mübarizədən də
heç zaman usanmadı. Şeirləri dilinin sadəliyi, səlisliyi
ilə seçilir. O, hər yerdə mərd-mərdanə
sözünü deyib. Vətəninin, millətinin
azadlığı üçün insanları mübarizəyə
səsləyib. Xəlil Rza intellektini, varlığını,
övladını xalqına qurban verən şairdir. Onun tək
düşməni, xalqının azadlığını əlindən
alan rejim idi”.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, fəlsəfə doktoru Qurban Bayramov “Xəlil
Rza poeziyasında milli azadlıq hərəkatının bədii
təcəssümü”, həmin institutun baş elmi
işçisi Əlizadə Əsgərli “Xəlil Rza
Ulutürk milli və bəşəri sənətkar kimi”
mövzularında məruzə ilə çıxış
etdilər. Vurğulandı ki, ölkə
başçısının müvafiq sərəncamına əsasən
Xalq şairinin 80 illik yubileyinin qeyd olunması onun ədəbi
irsinə diqqət və hörməti ifadə edir. Şairin
vətənpərvərlik duyğuları ilə zəngin
ictimai-siyasi mövzulu yaradıcılığı
xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini
təşkil edir. O, dünya ədəbiyyatı xəzinəsinin
bir çox incilərini dilimizə çevirib. Ana dilini
qorumağı isə milləti qorumağa bərabər tutub.
Ədəbiyyat İnstitutunun fəxri
filologiya doktoru, Xəlil Rzanın həyat yoldaşı Firəngiz
Ulutürkün “Xatirələrdə yaşayan Xəlil Rza”
mövzusunda çıxışı tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılandı. O, şairlə bağlı xatirələrini
bölüşdü, tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Ceyhun
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 4.