Qədim
Şabran şəhər yerində arxeoloji qazıntılar
AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun
şöbə müdiri, tarix
elmləri üzrə fəlsəfə doktoru
Qoşqar Qoşqarovun
rəhbərliyi ilə qədim Şabran
şəhər yerində aparılan qazıntı-ekspedisiya
işləri başa çatıb.
Qazıntı zamanı şəhərin
XV-XVII əsrlərə aid olan mədəni təbəqəsi
tədqiq edilmişdir. Məlum olmuşdur ki, bütün
qazıntı sahəsinin yer səthindən 70-90 sm dərinlikdə
olan hissəsində ağır yanıq izləri var. Belə
ki, tədqiq olunan sahədə möhkəm yanıq izləri,
kül və komin qatı özünü büruzə
vermişdir.
Aparılan müşahidələrə
əsasən belə qənaətə gəlinmişdir ki, bu
dağıntılar Səfəvilər dövlətində
XVII əsrin əvvəlində daxili müharibənin nəticəsi
idi. Məhz bu hadisələrin nəticəsində Şabran
şəhəri tam dağılmış, əhali buranı
tərk etmişdir.
Tədqiq olunmuş qazıntı
sahəsində XV-XVII əsrlərə aid olan 6 təndir, 3
ocaq, balaca hovuz, evlərin özülləri,
dağılmış divarlar, emalatxanalar, təsərrüfat
tikililəri və bu dövrə aid maddi-mədəni
qalıqlar aşkar edilmişdir. Məlum olur ki, buradakı ailələr
təndir çörəyi istehsalı ilə həm özlərinin
tələbatını ödəmiş, həm də onun
satışı ilə məşğul olmuşlar.
Tapılan qalıqların içərisində müxtəlif
şirəli-şirəsiz qabların fraqmentləri, dəmir
alətlərin qalıqları, mis pullar, şüşə məmulatları
və s. arxeofaktlara rast gəlinmişdir.
Qazıntı işləri göstərir
ki, bu dövrdə Şabranda dolğun həyat olub və
şəhər tarixi ticarət yolunun üstündə
olduğundan Səfəvilər dövlətinin Rusiya, Şərqi
və Qərbi Avropa ilə əlaqələrində
mühüm rol oynamışdır. Arxeoloji qazıntı
işləri növbəti ildən yenidən davam etdiriləcək.
Elnur Şahbazov,
“Şabran” Dövlət Tarix və
Mədəniyyət
Qoruğunun kiçik
elmi
işçisi
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 14.