Mətbuat
və ədəbiyyat cəfakeşi
Yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri
doktoru, professor Nazim Axundov haqqında düşünəndə
öncə xatırladığım onun kitabları, bir də
barəsində qələmə alınan yazılardan
süzülən ehtiram dolu sözlərdir. Hələ 20 il
öncə onu «elmin nurlu yolları ilə mətin
addımlayan bir alim kimi» səciyyələndiriblər. Onu mən
də görmüşdüm. Saçları bəmbəyaz
idi. Mənə elə gəlirdi ki, Nazim müəllim zülmət
qaranlıqda yola çıxsa, hər tərəf
işığa dönər. Mütəxəssislər də,
qələm dostları da, tələbələri də Nazim
Axundovu daxili aləmi çox zəngin olan, əsl ziyalı
kimi ömür sürdüyünü danışırlar.
O, 1924-cü ilin yayında
Şuşada ziyalı ailəsində doğulub. İbtidai təhsil
aldıqdan sonra Bakıda pedaqoji məktəbə daxil olur.
1937-ci ilin repressiya dalğası ölkəni
bürümüşdü. Hər səhər auditoriyaya daxil
olanda Nazim Axundov sevimli müəllimlərinin bir-bir «yox»a
çıxmasının şahidi olurdu. Repressiya ac qurd kimi
caynaqlarını elə işə salmışdı ki, Azərbaycanın
say-seçmə övladları bir-bir güdaza gedirdi.
1940-cı ildə Tərtər
rayonunda müəllim kimi əmək fəaliyyətinə
başlayan Nazim Axundov bir qədər sonra növbəti
amansızlığın da şahidi oldu. İkinci Dünya
müharibəsi başlamışdı. Bir vaxt ona dərs deyən
müəllimlər qəfləti gedər-gəlməzə
yollanırdı. İndi də iş yoldaşları
müharibəyə gedirdi. Nazim Axundov ən gənc müəllim
idi. Bütün ağırlıq onun çiyinlərinə
yüklənirdi. Çalışırdı ki, şagirdlər
məktəbdən yayınmasınlar, dərslərinə
müntəzəm davam etsinlər. Müharibə illərində
Pedaqoji İnstitutda qiyabi ali təhsil aldı. Çox sonralar
o illəri xatırlayan pedaqoqlar etiraf etdilər ki, müharibə
dövründə tərtərli uşaqların təhsilində,
təlim-tərbiyəsində Nazim Axundovun böyük əməyi
olub. Elmə marağı onu yenə Bakıya gətirdi. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirən
Nazim Axundov «Molla Nəsrəddin» jurnalı tarixinin tədqiqi»
mövzusunda dissertasiya müdafiə edərək elmlər
namizədi adını aldı. Azərbaycan mətbuatının
görkəmli tədqiqatçılarından sayılan Nazim
Axundov tutarlı fakt və dəlillərlə «Molla Nəsrəddin»
jurnalının bir sıra Yaxın Şərq ölkələrində
geniş yayılmasında və böyük nüfuz
qazanmasında əsas amil kimi rəsmlərdən,
karikaturalardan ilk dəfə olaraq dəyərli məlumat
verdi. Həmin vaxta qədər Azərbaycan mətbuat və ədəbiyyat
tarixinə məlum olmayan onlarca arxiv sənədinin tədqiqata
cəlb olunması onun dissertasiyasının elmi məziyyətini
artırdı. Görkəmli ədəbiyyatşünas alim
Kamran Məmmədov yazırdı: «Nazim öz elmi əsərində
«Molla Nəsrəddin» jurnalını ətraflı tədqiq
etmişdir. O, jurnalın rus və dünya klassik ədəbiyyatı
ilə, Nizami, Füzuli, Mirzə Fətəli Axundov kimi
böyük simalarla yaxın münasibətdə olduğunu dəlil
və sübutlarla göstərmişdir. Nazim elmə yiyələnmiş,
kamilləşmiş, xoşbəxt adamlardan biridir».
Ömrünü elmi
axtarışlarda, arxivlərdə keçirən Nazim
Axundovun ilk monoqrafiyası 1959-cu ildə işıq üzü
gördü. «Molla Nəsrəddin» jurnalının nəşr
tarixinə həsr olunan bu qiymətli elmi əsər 40 min
tirajla çap edildi. O, mətbuat tariximizin öyrənilməsində
ilk sanballı tədqiqatlardan biri sayılır. Sonrakı illərdə
də Nazim Axundovun «Azərbaycanda dövri mətbuat», «Azərbaycan
satira jurnalları», «Azərbaycan mətbuatının ilki («Əkinçi»-100)»,
«Azərbaycan dövri mətbuatı (biblioqrafiya)», «Hümmət»
qəzetinin izahlı biblioqrafiyası», «Sənədlərin
dili ilə», «Üzeyir Hacıbəyov» və s. kitabları mətbuat
tariximizin öyrənilməsində, ətraflı tədqiqində
böyük rol oynadı.
Nazim Axundovun tədqiqatında
böyük Azərbaycan şairi Səməd Vurğunun həyat
və yaradıcılığı da mühüm yer tutur. O,
unudulmaz şair haqqında silsilə məqalələrin, elmi
biblioqrafiyanın müəllifidir. Səməd Vurğunun
altıcildlik akademik nəşrinə izah və
biblioqrafiyanı da Nazim Axundov yazmışdır. Bu təkcə
şairin yaradıcılığını yox, həm də
ümumiyyətlə, o dövrkü Azərbaycan ədəbiyyatını
öyrənmək baxımından ən yaxşı və
etibarlı mənbələrdən biridir.
Nazim Axundov əsasən iki sahənin
araşdırılmasında çox böyük zəhmət
çəkib. O həm mətbuat tariximizin, həm də ədəbiyyatımızın
ən yaxşı və cəfakeş tədqiqatçılarındandır.
Bəzən də çətinlik çəkirsən ki,
hansı sahədə o daha üstün idi. Demək çətindir.
Çünki bu iki sahə onun
yaradıcılığından paralel xətt kimi keçir.
Yaradıcılığının bu iki qanadı, demək
olar ki, eyni ahənglə və mükəmməl şəkildə
inkişaf edib. Uzun müddət elmi-ədəbi fəaliyyətinin
nəticəsi olan «Nizaminin epoxası», «Mirzə Fətəli
Axundov», «Mirzə Ələkbər Sabir», «Məmməd Səid
Ordubadi», «Cəfər Cabbarlı» kimi sanballı əsərləri,
bir çox biblioqrafik kitabları ilə Azərbaycan ədəbiyyatşünaslığını
zənginləşdirən Nazim Axundov yorulmazlığı,
işinə bağlılığı, sənət və
millətsevərliyi ilə hamının hörmətini
qazanmışdır. Onun elmi ictimaiyyət və həmkarları
arasında böyük nüfuzu və hörməti vardı.
Onu bir pedaqoq kimi tələbələri də sevirdilər.
Onun haqqında mətbuat səhifələrində
dərc edilmiş yazıları vərəqlədikcə
tanınmış ədiblərin, ədəbiyyatşünas
alimlərin Nazim Axundovla bağlı maraqlı fikirlərinə
rast gəldik. Mirzə İbrahimov, Mir Cəlal, Ziyəddin
Göyüşov, Cəfər Xəndan və başqaları
alimin yaradıcılığına yüksək qiymət verərək
Nazim Axundovu Azərbaycan ədəbiyyatşünaslığının
bel sütunlarından biri hesab etmişlər.
Nazim Axundovun 1991-ci ildə çap
edilmiş «Qarabağnamələr» adlı kitabı unudulmaz
professorun doğma vətəninin tarixinə aid faktlarla zəngindir.
Təəssüf ki, məhz bu kitabın nəşrindən
bir il sonra doğma Şuşa şəhəri ermənilər
tərəfindən işğal edildi. Yaşının
ahıl çağında vətən itkisi ona çox
ağır təsir etdi. Şuşanın əldən getməsi
onun ömrünün də son nöqtəsi oldu. Gəlini Bəsti
Sevdiyevanın (tanınmış xanəndə) göz
yaşları ilə söylədiyi bu sözlər bizi riqqətə
gətirdi: «Nazim müəllim gümrah, həyat eşqli, daim
yazmaqdan, yaratmaqdan bezməyən, ürəyi arzularla dolu olan
ağır-batman, zabitəli bir kişi idi. Şuşanın
işğalı onu birdən-birə qocaltdı, rəngini-rufunu
dəyişdirdi. Səsi titrəyirdi, gözləri yol çəkirdi.
Mənim illər boyu tanıdığım Nazim müəllim
iki ilin içində çox dəyişdi. Elə
«Şuşa» deyə-deyə də gözlərini yumdu.
Dünyada ən böyük arzum budur ki, Şuşa alınan
günü o yeddi dolamanı qalxıb Cıdır
düzündə üzümü dağlara, daşlara tutub
«Qarabağ şikəstəsi» oxuyum. Onun övladı, gəlini,
nəvələrinin anası kimi bu borcun ağırlığı
məni sıxır. Əgər Şuşaya getməsək,
o yerləri qarış-qarış dolanmasaq, Nazim müəllimin
ruhu rahatlıq tapmaz».
O günün tezliklə gələcəyinə,
şuşalıların doğma şəhərə dönəcəkləri
günə inanırıq. Təkcə Nazim Axundovun ruhu narahat
deyil ki?! Şuşadan pərvazlanmış yüzlərlə
sənət adamının, mədəniyyət xadiminin, elmin
müxtəlif sahələrində zirvələr fəth edən
şəxsiyyətlərin ruhu o yerlərdə dolaşır.
Başı dumanlı dağların bəxtinə gün
doğacaq, karvanlar yola düzüləcək. Bir səhər
Günəşə üz tutub «Ya Allah, yolumuz
Şuşayadır» deyəcəyik! «Heyratı» üstündə
muğamlarımızın qanadından tutub bir ağızdan
səslənəcəyik: “Gedək üzü Şuşaya!”
Bu nə yuxu olacaq, nə də xəyal!
Bu, bizim vətən həsrətindən dərd
bağlamış ürəyimizə sevinc notları gətirəcək
bir müjdə olacaq! Bir-birimizə
gözaydınlığı verəcəyik, bir-birimizdən
şirinlik istəyəcəyik! Gözün aydın,
Şuşa! Övladların yola düzəlib gəlir! Bu xəbərin
qanadlanacağı, ellərə yayılacağı günə
isə min qurban demişik. Bax, o gün - o müqəddəs
qalibiyyət günü Şuşa dağlarının
başından duman çəkiləcək, yollarında toz
qopacaq. Nazim Axundov kimi alimlərin də ruhu dincələcək
biz Şuşaya qayıdanda!..
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.- 2012.- 10
oktyabr.- S. 13.