“Tamaşaçıya xoş
enerji, yaşam gücü verməliyik”
Namiq
Ağayev: “Tamaşaçı həmişə sevgiyə
inanmaq istəyir. Maraqlıdır ki, tamaşadakı
ölümə inanmır, deyir - yalandan ölürlər.
Amma sevgiyə inanır. Bu bizim gücümüzdür”
Müsahibimiz Akademik Milli Dram
Teatrında «Qanlı Nigar»dan sonra ikinci uğurlu
tamaşanı - «Napoleon»u bu günlərdə
tamaşaçılara təhvil vermiş rejissor Namiq
Ağayevdir. Onunla kino, teatr, tamaşaçı barədə
söhbət etdik.
- Namiq müəllim, quruluş verdiyiniz «Napoleon» tamaşasının ilk nümayişi oldu. Nəticədən razı qaldınızmı?
- Prosesdən də, nəticədən də razı qaldım. Oqtay Mehdiyev də (Napoleon), Zemfira Nərimanova da (Jozefina), Sabir Məmmədov, Elşən Rüstəmov, digər aktyorların da oyunu yaxşı idi...
- Tamaşa içində bir “kukla səhnəciyi” vardı. Məncə, bu pyesdə yoxdur...
- Jozefinanın polyak qızı ilə söhbəti bir qədər ölü səhnə idi, mən kuklalarla bunu canlandırdım. Məncə, kənardan yamaq kimi görünmürdü. Napoleon dövründə kuklalarla belə mövzular oynanılırdı. Həm də burada belə səhnəciyə ehtiyac vardı: «Jozefina yalandan hamiləymiş kimi görünməlidir» yalan-oyununu tamaşaçı yaxşı başa düşsün deyə.
- Siz kukla tamaşaları da hazırlamısınız. Kuklalarla və canlı aktyorlarla işləməyin nə qədər fərqi var?
- Maraqlı odur ki, kukla teatrında kuklaları yalnız pozitiv enerjili aktyorlar oynatmalıdır. Məsələn, dram teatrında aqressiv rolları aqressiv aktyorlar oynaya bilər, amma kukla teatrında bu keçərli deyil. Kukla teatrında mənfi enerjili aktyor kuklanı dirildə bilmir. Bu, bir az böyük çıxmasın, yaratmaq, əşyaya ruh vermək, can vermək kimidir. Əslində, kukla teatrına rejissor, aktyor, rəssam bölgüsü düz deyil. Kuklaçı deyilən biri hər şeyi etməlidir. Rejissorluğu da, rəssamlığı da. Amma teatr sənəti industriyallaşdıqca bu bölgülər yaranıb və mən bunun əleyhinə deyiləm. Hərçənd baş rejissor olanda bu prosesdə dəyişiklik etdim. Rəssam, aktyor, mətn müəllifi, bəstəkar, rejissor yığışır, eyni vaxtda mövzu seçir, mətn yazırdıq, rəssamla obrazı düşünüb yaradırdıq və tamaşa hasilə gəlirdi. Amma normalda əvvəlcə mətn yazılır, rəssam eskizlər hazırlayır, sonra isə aktyorlar bu kuklaları əlinə götürür və mətnlə tanış olurdu. Mən bunu qəbul etmirdim.
Tarixdə o teatrlar qalır, aktuallığını qoruyur ki, teatrlarda bu proseslər birgə həyata keçirilib, mərhələ-mərhələ yox. Onlar mövzunu götürüb hamılıqla birgə işləyiblər. Bunu hazırda Pantomima, “Yuğ” teatrı, demək olar ki, edir.
- Ümumiyyətlə, proses necədir? Siz özünüzə yaxın olan, sizə toxunan mövzunu götürüb ona uyğun əsər seçirsiniz? Yoxsa sifariş verilir və siz iş kimi buna başlayırsınız?
-
Teatrımızın direktoru İsrafil İsrafilov
yaradıcı insandır. O, məndən soruşanda ki,
hansı əsəri tamaşaya qoymaq istəyirsən, dedim, o
qədər tamaşaya qoymaq istədiyim əsər var ki. Mən
buna bir az mistik yanaşıram. Yəni qismət məsələsi.
«Qanlı Nigar» istədiyim kimi oldu. Orada karnaval
estetikasını işlədim, bu əsər əsl mən
istəyən oldu. «Napoleon» ondan da yaxşı. Bir seçimi taleyə
buraxırsan və o səni seçir. Bu
da bir fəhmdir. Bəlkə
üçüncü dəfə tamaşa versələr, yenə
də deyəcəyəm «ax, nə yaxşı bu oldu».
Bütün əsərlərin cövhəri eynidir - eşq,
mübarizə, müharibə, xeyir, şər...
- Mistikadan söz
düşmüşkən, teatrın özünün qəribə
mistikası, vahiməsi olur. O da ola ənənəvi,
klassik bir teatr. Hətta binanın özündə
belə. Axı enerji itmir, o aktyora,
rejissora, hətta divara belə hopur. Belə
bir şey hiss etmisiniz?
- Təbii ki. Akademik
Milli Dram Teatrı monumentallığı ilə fərqlənib.
Burada böyük şəxsiyyətlər
işləyib. Mən o mistikanı hiss edirəm. Amma bu səhnəyə həm də böyük
stadion kimi baxıram. Balaca otaqda eksperimentlər
aparmaq olar, amma böyük zalda, həm də o mistik
ab-havalı zalda nəfəsiniz çatacaqmı? Mən hətta zarafatla başqa teatrlardan gələn
aktyorlara deyirəm ki, öz prinsiplərinizi bir qırağa
qoyun, burada canınızı qurtarsanız, böyük
işdir. Akademik teatrın hər bir
aktyoruna, istedadından asılı olmayaraq, cəngavər kimi
baxıram.
- Tamaşaçı ilə
aranızda nə hiss edirsiniz? Məqsədiniz nədir
- öz dünyanızı, düşüncələrinizi, təqdim
etmək, ya mesaj vermək?
- Əsas olan
sağlam enerji verməkdir. Deyirlər ki, sənətdə
resept olmaz, amma mən bunu az qala resept kimi
deyirəm. Tamaşaçıya yalnız
xoş hislər, müsbət enerji vermək lazımdır.
Qətiyyən, prinsipial olaraq,
«tamaşaçının səviyyəsi, teatrın səviyyəsi»
kimi ayrıntı yaradan söhbətlərin əleyhinəyəm.
Bu, teatrda bir təkəbbür yaradır.
Bəzən görürsən ki, heç bir mənəvi
dünyası olmayan adamlar da deyirlər ki, xalqı öz səviyyəmizə
qaldırmalıyıq və ya onun səviyyəsinə enməyək
və s. Bu, düzgün olmayan söhbətdir. İnanın,
elə tamaşaçı ola bilər ki,
həyatdan dərs keçər aktyora, rejissora.
Ümumiyyətlə,
«tamaşaçı səviyyəsi» deyilən bir
anlayış yoxdur. Şimal ölkələrində,
Skandinaviyada belə bir janr yaranmışdı - psixoloji teatr.
Bu həm də şəraitdən qaynaqlanan bir
janr idi. Onlar sobanın ətrafına
yığışıb psixoloji, həssas məqamları
mövzu edən tamaşalar yaradırdılar. Abstrakt mövzulardan dövlət quruluşu ilə
bağlı məsələlərə də gedib
çıxa bilirdilər. Cənub ölkələri
isə musiqili, vizual tamaşaları sevirlər. Bu sözsüz ki, coğrafi spesifikamızdan irəli
gəlir. Mən teatrın bütün
elementlərindən istifadə etməyi sevirəm. Vizual
görüntü, musiqi, kukla səhnəciyi... Mənim
müəllimlərim - Tofiq Kazımov, Mehdi Məmmədov,
Elmira Şabanova belə tamaşalar hazırlayırdılar.
Mehdi Məmmədov
«Dəli yığıncağı»nda kukladan istifadə edib.
Xordan istifadə edib. Tofiq
Kazımov canlı musiqidən istifadə edirdi. Aktyorlar, aktrisalar canlı oxuyurdu. Bizim yeganə etməli olduğumuz şey
tamaşaçıya sağlam, xoş enerji ötürməkdir.
Onu qaranlıq, bəd düşüncələrə
sövq etmək yox, sağlam enerjiyə, aydınlığa
yönəltmək. Bunun üçün
biz özümüz də ruhən sağlam olmalıyıq.
Mesaj ötürməyə qalsa, o məlumatı
internetdən ala bilər. Napoleonun tarixini
oxuyar. Şekspir də yaşı
artdıqca pozitiv enerjili sənət məhsullarına önəm
verib. İnsanlara yaşam gücü vermək.
Mənim sevdiyim
rejissor Antonen Artonun bir yolu vardı. O, teatrda
tamaşaçının canında cinləri
oynadırdı. Amma bu sarsıntı və
şoklarla tamaşaçıda katarsisə, mənəvi təmizlənməyə
nail olurdu.
- Onda biz «teatr tərbiyə edir»
deyiləndə qıcıq olmamalıyıq...
- Əlbəttə,
teatr tərbiyə edir, amma hərfi mənada yox, bu terapevtik tərbiyədir.
- Həyatınızda sizi şok
terapiya edən, iliklərinizə qədər sarsıdan filmlər,
kitablar, tamaşalar hansıdır?
- «Dəli
yığıncağı» məni bu mənada çox təsirləndirib.
Mənim üçün bu bir plankadır, zirvədir.
Bilirsiniz, dünya kinosunda bir dövr oldu ki, cərəyanların
dəyişən bir vaxtı bütövləşməmiş
insanlar şəxsiyyətlər oldu, onlar filmlər çəkdilər,
nə ötürmələrindən asılı olmadan dəst-xətləri
maraqlı idi. Amma indi, qloballaşma
dövründə tarixə nəzər salanda şəxsiyyəti
görmək istəyirsən. Necə ki,
muğamatçılar pis oxuyanları görəndə əsəbiləşir,
qıcıq olurlar, mənə elə gəlir ki, Spilberq,
Oliver Stoun, Koppola da Tarantinoya baxanda əsəbiləşirlər.
Yəni maraqlı, amma mesajı olmayan rejissorlar
çoxdur. Mən həm mühafizəkaram,
həm də avanqardam. Mənim teatr formulum
budur. Maksimal skeptiklik və maksimal
romantikliklə bir arada.
- Teatr və kino ilə eyni vaxtda məşğul
olursunuz. Fərqli proseslərdir...
- Teatrda durmadan aktyorlardan
qidalanırsan. Kinoda istehsal şərtləri
çoxdur. Hər şeylə məşğul
olmalısan. İqtisadi problemlərlə məşğul
olmalı olursan. Epizodları ard-arda
düzüb çəkəndə, ayrı-ayrı çəkilmiş
kadrlardan yığılan film komiksə bənzəyir. Ona görədir ki, rejissorlar mizan qurmurlar, aktyoru
meydançada güzəştli şərtlərlə
çəkirlər. Məsələn, aktyor
oturmalıdır, amma gəzərkən çəkə bilərlər...
Şəxsən mən
teatrda daha çox rahatam, balıq suda olan kimiyəm. Kino elədir ki, filmlərin arasında fasilə,
boşluq çox olur. Depressiya yaradan
boşluqlardır. Böyük
rejissorlarımız illərlə film çəkməyiblər,
teatrda belə deyil, nə vaxt istəsən, işləyə
bilərsən. Kino iddialarından əl
çəkmədən, zövq ala-ala teatrla da məşğul
olursan. Kino çəkmək çox əziyyətlidir,
böyük güc lazımdır. Mən
o gücü teatrdan alıram. Güc
toplayıb kinoya həmlə edəcəyəm (gülür).
- Deyəsən, paralel olaraq həm
də nəsə çəkirsiniz?
- İndi “Azərbaycantelefilm”də
gözəl yazıçımız Fərman Kərimzadə
haqda film çəkirəm. Orada bədii
canlandırmalar var. İrəvan xanlığı sənədli
filmini təhvil verdim. Cəngavərlik mənim
sevdiyim tərzdir, tam olmasa da, bir çox detalları istədiyim
kimi göstərdim bu filmdə. Xoşbəxt
oldum. Amma kinomuza hələ də öz
töhfələrimi vermək fikrim var.
- İnformasiya texnologiyalarını, sosial şəbəkələri
teatr kimi canlı, ruhsal sənətlə
qarşılaşdırırlar. Teatrın
bunların qarşısında keçirdiyi bir qorxu varmı,
sizcə?
- Bu, qorxaq, zəif teatrların
keçirdiyi hislərdir. Teatr və
darıxdırıcılıq bir-birindən uzaq
olmalıdır. «Teatr fəlsəfəsi»
anlayışı yoxdur. Şekspir
dövrünün «action» pyeslərini yazıb. Teatr həmişə gəlir gətirən bir sahə
olub. Sponsorlar da elə bilir ki, teatr
darıxdırıcıdır və rejissor da
tamaşaçının səviyyəsindən
narazıdır. Əksinə internet, sosial
şəbəkələr, telekanallar, audiovizual imkanlar
artdıqca bunun teatra böyük xeyri dəyir. Zəif teatrlar sıradan çıxır və nəyin
nə olduğu aydınlaşır. Yalnız
yaxşı teatrlar davam gətirir. Odur ki, əsl
sənətlə məşğul olanlar həmişə
yaşayacaq.
- Teatr üçün
qarşıda nə planlarınız, ideyalarınız var?
- Mövzu sevgidir. Həqiqətən
sevgini göstərəndə tamaşaçını
inandırmaq olur. Biz istəyirik,
tamaşaçı sevgiyə inansın. «Qanlı
Nigar»da, «Napoleon»da tamaşaçını buna
inandırmağa çalışmışıq. Tamaşaçı həmişə sevgiyə
inanmaq istəyir. Maraqlıdır ki,
tamaşadakı ölümə inanmır, deyir - yalandan
ölürlər. Amma sevgiyə inanır.
Bu bizim gücümüzdür.
Aliyə
Mədəniyət.-
2012.- 10 oktyabr.- S. 12.