Xor musiqimizin bu günü

 

   Gülbacı İmanova: “Əvvəlki illərlə müqayisədə xora maraq daha yüksəkdir”

  

   Zəngin Azərbaycan musiqisinin ayrılmaz qollarından birixor, çoxsəsli oxuma mədəniyyətidir. Onun ilkin elementləri hələ qədim zamanlarda nənə-babalarımızın məclislərdə, şənliklərdə, həmçinin təsərrüfat işlərində (əkin-biçində) oxuduqları mahnılarda, bayatılarda özünü göstərib.

  

   Amma ümumilikdə xorun inkişafı, professional səviyyədə tədris və təbliği ötən əsrin 20-ci illərindən vüsət almışdır. Bu proses də Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Üzeyir bəy Azərbaycan Dövlət Konservatoriyasını yaradanda tədris proqramına xorla oxuma fənnini də daxil etmişdi. Dahi bəstəkar uşaq və gənclərdə bu sənətə maraq oyatmaq üçün kiçik xor əsərləri də yazmış, məşhur melodiyalarını ikisəsli xor üçün işləmişdi.

   Üzeyir Hacıbəylinin böyük səylə yaratdığı xor kollektivləri birinci dəfə II Dünya müharibəsinin başlaması ilə, ikinci dəfə isə onun vəfatından sonra dağılsa da, ənənələr yaşamaqda idi. 1966-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində həmin kollektivlərin xələfi sayıla biləcək böyük bir heyət - Azərbaycan Dövlət Xor Kapellası yarandı. Hazırda kollektivin repertuarına 1200-dən artıq irili-xırdalı əsər daxildir. Onların arasında xalq mahnıları, Azərbaycan, AvropaRusiya bəstəkarlarının əsərləri var.

   Xor üçün yazılan əsərlər, zəngin repertuar və konsertlərin sayının artması, xor müsabiqələrinin təşkili bu sənətə marağın artığını, onun inkişafını göstərir. Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Gülbacı İmanova ilə söhbətimiz də bu barədə oldu. Həmsöhbətim öncə kollektivin bu yaxınlarda İspaniyada keçirilən musiqi festivalında uğurlu iştirakından danışdı:

  

   - 1966-cı ildən fəaliyyət göstərən kapella Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edib, festivalların, mədəniyyət günlərinin iştirakçısı olub. Avqust ayında İspaniyada keçirilən məşhur Mendiqorriya Beynəlxalq Festivalında iştirakımız isə xoş bir təsadüf nəticəsində gerçəkləşdi. İki il əvvəl Qəbələdə ənənəvi musiqi festivalında məşhur musiqiçi Dmitri Yablonskinin dirijorluğu ilə konsertlər vermişdik. Kollektivin ifasını yüksək qiymətləndirən musiqiçi bu barədə xoş təəssüratlarını həmkarları, o cümlədən anası, dünya şöhrətli Oksana Yablonskaya ilə də bölüşmüşbununla da bizim İspaniyadakı festivalda iştirakımıza təşəbbüskar olmuşdur. Belə ki, həmin festivalda həm konsertlər verən, həm də ustad dərsləri keçən Oksana Yablonskayanın səyləri ilə sözügedən tədbirə dəvət olunduq. Təbii ki, onlar məsələnin maliyyə tərəflərini nəzərə alaraq bütün kollektivin deyil, daha məhdud heyətin festivalda iştirakını arzu etdilər. Əvvəlcə bizdən kvartetin ifasında Yohannes Bramsın «Sevgi mahnıları» silsiləsindən 55 və 62-ci opusları hazırlamağımızı istədilər. Biz 4 nəfərlə bu valsların ifasının mümkünsüz olduğunu bildirərək heç olmasa 8 nəfərlik qrup halında iştirakımızı təklif etdik, buna razılıq verildibiz İspaniyaya yollandıq.

   Avqustun 8-dən 17-dək davam edən tədbir İspaniyanın bir neçə şəhərində reallaşdı. Festivalda çıxışımız yaxşı qarşılandığından onlar saat yarımlıq daha bir konsert verməyimizi xahiş etdilər. Birinci konsertdən sonra biz tamaşaçıların israrlı xahişləri ilə saat yarım əvəzinə 2 saatdan artıq çıxış etdik. Proqramımız da zəngin idi. Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, milli musiqi nümunələrimizi də ispaniyalı sənətsevərlərə təqdim etdik. «Sarı gəlin» xalq mahnısını ifa etdik. Xorun təqdimatında bu gözəl xalq musiqi nümunəmiz heyranlıqla qarşılandı. Təsəvvür edin ki, ikinci konsertimizdən öncə zalın qarşısında uzun növbə gördük. İnanın ki, bu an mən və heyətimiz Azərbaycan musiqisinin əzəmətini bir daha hiss edib, uzaq İspaniyada təkrarsız bir sevinc yaşadıq. İfamızı yüksək qiymətləndirən təşkilatçılar gələn il keçiriləcək tədbirə də dəvətli olduğumuzu dedilər. Hətta yaxşı sponsor tapdıqları halda kamera xorunu da İspaniyada görmək və dinləmək arzusunda olduqlarını bildirdilər.

   - Belə səfərlər kollektivin inkişafında xüsusi əhəmiyyət daşıyır. Ən azı mübadilə və tanınmaq baxımından...

   - Əlbəttə. Düzdür, xarici səfərlərdə elə də çox olmuruq. Bizə konsertfestivallarda iştirakla bağlı mütəmadi dəvətlər gəlir, amma heç də hamısında iştirak etmək olmur. Odur ki, bütövlükdə xor kapellamızı dünya ölkələrinə göstərmək bizim arzumuzdur.

   - Xor musiqisi ilə bağlı müzakirələrdə onun təbliğatının zəif olması və ümumilikdə bizdə çoxsəsli oxu mədəniyyətinin elə də inkişaf etmədiyini düşünürlər. Necə düşünürsünüz, bunun səbəbi bəlkə bizdə kollektiv oxudan çox solo ifaya meyllə bağlıdır?

   - Xatirimdədir, ümummilli lider Heydər Əliyev iştirak etdiyi konsertlərdən sonra mütləq səhnə arxasına keçib musiqiçilərlə görüşər, təəssüratlarını bölüşərdi. Belə tədbirlərin birində o bizimlə də söhbət edərək xor sənəti, onun özəllikləri, ümumilikdə xor kollektivinin saxlanmasının çətinliklərindən danışdı və kollektivə kömək göstərəcəyini dedi. Böyük öndərin yüksək musiqi duyumu, sənətə qayğısını hər zaman hiss etmişik. Bu misalı çəkməklə bildirmək istəyirəm ki, xora münasibət heç də hər zaman kütləvi vüsət almayıb. Təsəvvür edin ki, indiki xor kapellası sovet dövründə təşkil olunsa da, ona marağı yaratmaq elə də asan olmayıb. Bunu öz təcrübəmə əsasən deyə bilərəm. Mən kapellada tələbəlik vaxtımdan oxumağa başlamışam. Hələ o zamanlar bizim konsertlərə az adam gələrdi. O dövrlə müqayisədə indi, şükür, vəziyyət daha yaxşıdır. Konsert zamanı zalda boş yer tapmaq çətindir.

   - Xora marağı artırmaq üçün gənclər arasında bu yöndə müsabiqələrin, festival və sənət yarışlarının keçirilməsi də vacibdir. Bu istiqamətdə atılan addımlar və onların nəticələri barədə nə demək olar?

   - Kapellaya 1996-cı ildən rəhbərlik edirəm. Elə o vaxtdan bu məsələ məni düşündürməyə başlayıb. Bu istiqamətdəki fəaliyyətimiz 1998-ci ildə bəhrəsini verdikollektiv nəzdində uşaq xor kapellasının təşkilinə başladıq. Çünki bazamaraq vacibdir, o da uşaq yaşlarından formalaşmalıdır. O vaxtdan bu istiqamətdə işlər görürük. 2000-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi nəzdində xor kapellasını yaratdıq. Uşaq və yeniyetmələrdə bu sənətə marağı hiss edirik.

   2000-ci ildən respublikada musiqi məktəbləri xor kollektivlərinin müsabiqəsi keçirilir. O müsabiqənin münsiflər heyətinə rəhbərlik edirəm. Ona görə də həmin vaxtdan bu günədək keçən dövrü də asanlıqla analiz edib deyə bilərəm ki, xora maraqonun səviyyəsi daha da artıb. Təsəvvür edin ki, müsabiqənin ilk ilində 70-ə yaxın xor kollektivi yarışırdısa, ötən il onların sayı respublika üzrə 170-dən çox oldu. Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətə olan diqqət və qayğısı, müsabiqənin yüksək səviyyədə təşkili, iştirakçıları stimullaşdırmaq üçün həyata keçirdiyi işlər həm müsabiqəyə marağı, həm də iştirakçıların sayını və ifa səviyyəsini artırıb.

   - Kollektivlərin sayının artdığını dediniz. Xoru yaratmaqla yanaşı, onu saxlamağın da öz çətinlikləri var. Bu mənada o kollektivlərin fəaliyyəti necə tənzimlənir? Yəni davamlılıq varmı, yoxsa tədbirdən-tədbirə çıxışlarını görürsünüz?

   - Təbii ki, o kollektivləri yaşatmaq çətindir. Mən musiqi məktəblərinin direktorlarını bu mənada gözəl anlayıram. Çünki elə məktəblər var ki, heç onların xoru yerləşdirmək üçün zalları yoxdur. Amma onlar çalışırlar ki, yaratdıqları kollektivlərin ömrü uzun olsun.

   - Yəqin ki, xor ifaçılığına uyğun səslərin seçilməsində də çətinlik var?

   - Bizim millətin balaları həqiqətən də istedadlı və musiqiyə vurğundurlar. Bu, xora olan maraqda da özünü büruzə verir. Çox gözəl səslər və bu sənətə həvəsli uşaqlar var. Sadəcə xormeysterlər yoxdur, yaxud azdır. Bu problem xüsusən də rayonlarda daha qabarıq şəkildə özünü göstərir. Düzdür, hər il müxtəlif bölgələrdən konservatoriyanı bu istiqamət üzrə məzunlar bitirir. Amma onların çoxu rayonlara qayıtmır və Bakıda qalıb işləməyə üstünlük verirlər. Belə olduqda xormeysterlər sarıdan kadr problemi də üzə çıxır.

   - Xor səslərdə nəsil dəyişməsi də çətin olur. Bu sahədə vəziyyət necədir, heyətinizdə gənc nəsil üstünlük təşkil edir, yoxsa...

   - Təbii ki, xor kollektivi üçün də səs faktoru əsasdır. Zamanla nəsillər dəyişir, yeni səslər və ifaçılar gəlir. Onlarla da çalışmaq uzun vaxt aparır. Amma buna rəğmən bizim heyətin 80 faizi gənclərdir. Çalışıram ki, onları tələbə vaxtından seçim. Bu zaman yaxşı səs, səhnə, ifa manerası ilə yanaşı, səhnə görünüşünü də əsas götürürəm. Ümumilikdə xor üçün bir ifaçını yetişdirmək böyük zəhmət və heç olmasa 5 illik əmək istəyir. Xor ifaçısının yaxşı səsindən savayı bilgili olması, musiqi nəzəriyyəsini bilməsi, yüksək səhnə mədəniyyətinə mənsubluğu vacib amillərdəndir.

   - Repertuarınızda 1200-dən artıq müxtəlif həcmli musiqi nümunələri var. Bu sırada yeni nümunələr çoxdurmu? Ümumiyyətlə, bəstəkarlarımız xor üçün yeni əsərlər yazırlarmı?

   - Var, amma azdır. Onların da heç də hamısını xor üçün mükəmməl, qənaətbəxş nümunə saymaq olmaz. Korifeylərin qoyub getdiyi irsi nəzərə almasaq, bu gün bəlkə də üç-dörd bəstəkar var ki, onların yaratdığı musiqiləri əsl xor məhsulu saymaq olar. Hər bəstəkar da xor üçün əsər yaza bilməz. O gərək xoru, səslərin imkanlarını bilsin. Ona görə də mən bizə təqdim olunan əsərlər arasında məhz bu nüansları nəzərə alaraq seçim edirəm. Çünki xora yaşayan, daim müasir, gözəl və yüksək səviyyəli əsərlər lazımdır.

  

 

   Söhbətləşdi: Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 10 oktyabr.- S. 7.