“Tabutçunun yelləncəyi”
filmi təqdim olundu
Oktyabrın 5-də Dövlət
Filarmoniyasının kamera
və orqan musiqisi zalında (Kapelhaus) Almaniyanın ölkəmizdəki səfirliyinin
təşkilatçılığı ilə gənc rejissor, Köln Beynəlxalq
Kino Məktəbinin məzunu
Elmar İmanovun “Tabutçunun yelləncəyi”
filminin premyerası keçirildi.
Tabut düzəldən ata (Yaqub) ilə
əqli çatışmazlığı
olan yetkin oğul (Musa) arasında münasibətlərdən bəhs
edən film dramatik məqamlarla yadda qalır. Ata oğlu ilə daim sərt davranır, onu sevmir. Musa isə
dinməzcə yaşayır.
Günlərin birində oğlunun
qızdırmadan halının
pis olduğunu görən ata onu həkimə aparır. Həkim Yaquba bəd xəbər verir: oğlu ağır xəstədir, onda şiş var, ömrünün sonuna az qalıb.
Ata artıq
oğlu üçün
qəbrin yerini müəyyən edir.
Onun boyunu belə ölçür. Lakin bu günlər ərzində
Yaqubda atalıq hissi oyanır. O, oğluna acıyır və çalışır
Musa üçün nəsə
etsin. Ona yemək hazırlayır,
hətta yedizdirir.
Yelləncək düzəldir. Oğlunu çimizdirir, üzünü
qırxır. Öz rahat
yatağını oğluna
verir, özü isə yerdə yatır. Film boyu Musanın da ölümə doğru getdiyini hiss etməsi, atada acıma və mərhəmət hislərinin
oyanması məqamları
qabardılır.
Xəstəxananın əvvəlki həkiminin
düzgün müalicə
aparmadığına görə
işdən çıxarıldığını
öyrənən Yaqub
oğlunu yeni həkimin yanına gətirir və məlum olur ki, Musa sadəcə güclü soyuqlamadan əziyyət çəkirmiş.
Final səhnəsində
maşının kuzovunda
yanaşı oturan ata və oğulu
görürük. Musa
qorxa-qorxa başını
atasının çiyninə
qoyur. Atası isə onun üzünə
baxır və heç nə demir. Bu yaxınlığa,
ata-oğul sevgisinə
bir növ razılıq verir. Filmdə dialoqların az olması,
aktyorların real oyunu
sadə həyat hadisəsini olduqca inandırıcı nəql
edir.
Nümayişdən sonra yaradıcı
heyət səhnəyə
dəvət olundu.
Tamaşaçılar film haqqında fikirlərini
bildirdilər.
Qeyd edək ki,
“Tabutçunun yelləncəyi”
filmi 2012-ci ildə “Tələbə Oskarı”
mükafatında “Xarici
film” nominasiyası üzrə
bürünc medala layiq görülüb.
Filmin ssenari müəllifi
və rejissoru Elmar İmanov, prodüseri Eva Blondiau, operatoru Driss Azhari, səs rejissoru Jan Push, dizayneri Ketevan Nozadze, geyim və qrim
rəssamı Kerstin Baardır.
Filmdə Şamil Süleymanov
(Yaqub), Rasim Cəfər (Musa), Qurban İsmayılov, Zülfiyyə
Qurbanova və başqaları çəkiliblər.
Film oktyabrın
6-da “Park Cinema” kinoteatrında keçirilən Avropa Film
Festivalı proqramı
çərçivəsində də nümayiş olundu. Təqdimatdan sonra yaradıcı
heyət tamaşaçıların
suallarını cavablandırdı,
filmin müzakirəsi
aparıldı.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 6.