Xalq şairinə böyük
ehtiram
ABŞ-da fəaliyyət
göstərən Azərbaycan Nyu-York
Assosiasiyası Zəlimxan Yaqubu fəxri diplom və medalla təltif
etdi
Oktyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən Xalq şairi Zəlimxan Yaqubun fəxri diplom və medalla təltif olunması münasibətilə tədbir keçirildi. Assosiasiyanın prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, professor Əli Nəsibov qeyd etdi ki, bu mükafat Azərbaycanı dünyada tanıdan, xaricdəki diasporumuzun işinə yaxından kömək edən görkəmli ədəbiyyat və incəsənət adamlarına, ictimai-siyasi xadimlərə verilir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Zəlimxan Yaqubu ABŞ-da yaxşı tanıyırlar. Bu ölkədə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar onun əsərlərini sevə-sevə oxuyur, Azərbaycan məktəblərində sevimli şairimizin kitabları təbliğ olunur. Ə.Nəsibov şairin Nyu-Yorkdakı Azərbaycan diasporu ilə əlaqələrindən danışdı və arzu etdi ki, Z.Yaqubla növbəti görüş Amerikada təşkil olunsun.
Mükafata görə minnətdarlığını bildirən Xalq şairi ürək sözlərini dilə gətirdi: “İndiyədək bir çox mükafatlara layiq görülsəm də, bu mükafat mənim üçün böyük əhəmiyyət daşıyır. Çünki bunu mənə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin daha da möhkəmlənməsində körpü rolu oynayan bir təşkilat verir. Bu gün Azərbaycanın səsini dünyanın hər yerinə yaymaq vətəndaşlıq borcumuzdur”.
Azərbaycan Nyu-York Assosiasiyasının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən şair ona verilən mükafata görə minnətdarlığını bildirərək quruma gələcək fəaliyyətində uğurlar arzuladı, Amerikada yaşayan soydaşlarımıza salamlarını çatdırmağı xahiş etdi.
“Zəlimxan Yaqub Azərbaycanın böyük yaddaş şairidir, Azərbaycanın yaddaşıdır” deyən tədqiqatçı-alim Azər Turan ədibi bu mükafata layiq görülməsi münasibətilə təbrik etdi.
Təranə
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 6.