Respublika dekorativ-tətbiqi
sənət festival
Festivalın növbəti
sərgisi Bakıda keçirildi
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bu ilin fevralında start verilən II Respublika dekorativ-tətbiqi sənət
festivalı davam edir.
Festivalın proqramına uyğun olaraq daha bir
sərgi oktyabrın
5-də Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsi və Rəssamlar İttifaqının birgə
təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda açıldı.
Tədbirdə
çıxış edən
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli
İbrahimov sərginin
əhəmiyyətindən söz açdı: “Sərgiyə maraqlı əl işləri təqdim olunub. Bütün bunlar onu göstərir ki, xalq sənətkarlıq
ənənələri nəsildən-nəslə
ötürülür. Yaradıcı
insanlar qədim sənət növlərini
yaşadırlar. Mən
bu sərgilərdə
sənətkarlarımızın ildən-ilə püxtələşdiyini
görürəm”.
Mədəniyyət və Turizm
Nazirliyi İncəsənət şöbəsinin Təsviri və
dekorativ sənət sektorunun müdiri Qalib Qasımov belə sərgilərin
respublikada bədii yaradıcılıq proseslərinə
stimul verdiyini bildirdi: “Festival zəngin ənənələrə
malik Azərbaycan dekorativ-tətbiqi sənətinin daha da
inkişaf etdirilməsi, istedadlı gənclərin, yüksək
sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət
əsərlərinin aşkarlanması məqsədilə
keçirilir. İndiyədək Gəncə, Şəki,
Xaçmaz və Lənkəran şəhərlərində
baş tutan regional sərgilərdə 50-dək şəhər
və rayondan dekorativ-tətbiqi sənət ustaları
iştirak edib. İştirakçıların sayı, təqdim
olunan sənət nümunələri onu göstərir ki,
festival qarşısına qoyduğu məqsədlərə
nail olub”.
Xalçaçı-rəssam Aydın
Rəcəbov, Dövlət Rəssamlıq Akademiyası
Dekorativ-tətbiqi sənət kafedrasının dosenti Məmmədhüseyn
Hüseynov sərgi ilə bağlı fikirlərini
bölüşdülər. Qeyd olundu ki, qədim sənət
növləri xalqın etnoqrafiyasını, məişətini
əks etdirir, milli dəyərləri yaşadır.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev
bildirdi ki, dövlətin diqqət və qayğısı nəticəsində,
mədəniyyətin bütün sahələri kimi,
dekorativ-tətbiqi sənət növləri də
yaşadılır, inkişaf etdirilir: “Bakıda xalq tətbiqi
sənət ustaları çoxdur. Burada nümayiş olunan əsərlər
seçilmiş əl işləridir. Bu sərgidən
seçilən ən yaxşı əsərlər ilin sonunda
açılacaq festivalın yekun sərgisində
nümayiş olunacaq”.
Üç gün davam edən sərgidə
bədii şüşə, ağac üzərində bədii
oyma, zərgərlik, dulusçuluq, bədii tikmə, toxuma
qrafikası, batika, makrame, ikebana sənəti üzrə
ümumilikdə 25 müəllifin 400-dək əsəri
nümayiş olundu.
Qeyd edək ki, festivalın yekun sərgisi
noyabrda Muzey Mərkəzində təşkil olunacaq.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 5.