“Sən
mənim melodiyamsan...”
Oktyabrın 7-də Heydər Əliyev
Sarayında böyük sənətkar,
SSRİ və Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin 70 illik yubileyi qeyd edilib. “Sən mənim
melodiyamsan. Görkəmli müğənniyə
həsr olunur...” adlı konsertdən əvvəl
iştirakçılar sarayın foyesində Müslüm
Maqomayevin həyat və
yaradıcılığını əks etdirən fotoşəkillərdən
ibarət sərgi ilə tanış olublar.
Dövlət və hökumət rəsmilərinin, Azərbaycan və Rusiyanın tanınmış sənətkarlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından uvertüra ilə başlayıb. Müğənni Müslüm Maqomayevin ifasında Aslan şahın ariyasının videoyazısı tamaşaçılara nümayiş etdirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub. Nazir qeyd edib ki, Prezidenti İlham Əliyevin imzaladığı sərəncam çərçivəsində görkəmli musiqiçinin 70 illik yubileyi ölkəmizdə geniş qeyd edilir, onun xatirəsinə həsr olunmuş konsertlər, tədbirlər, sərgilər keçirilir: “Müslüm həmişə bizim ürəyimizdə yaşayacaq. Bugünkü tədbir onun bizimlə növbəti mənəvi görüşüdür. Onun “Azərbaycan” mahnısı səslənəndə gənclərdə vətənpərvərlik hissi oyadır. Çünki bu, vətənpərvərlik musiqisidir”.
Konsertdə Azərbaycan və Rusiyanın görkəmli sənətkarlarının ifasında musiqi nömrələri, M.Maqomayevin repertuarından əsərlər səslənib. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov uşaqlıq çağlarından böyük sənətkarı tanımaq şərəfinə nail olduğunu deyib və onun repertuarından mahnı ifa edib. Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azərbaycanın “Eurovision-2012” müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva, Rusiyanın xalq artistləri İosif Kobzon, Larisa Dolina və başqalarının ifaları alqışlarla qarşılanıb.
Sonda
sənətkarın həyat yoldaşı, SSRİ Xalq artisti Tamara
Sinyavskaya çıxış edərək,
tədbirin təşkilinə görə təşəkkürünü
bildirib.
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 5.