Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

   2013-cü ildə isə Belarus mədəniyyət xadimləri ölkəmizə qonaq gələcək

  

   Oktyabrın 8-də Belarusda Azərbaycan Mədəniyyəti Günləri başlayıb. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edir.

  

   Mədəniyyət günlərinə Belarus Milli Böyük Teatrının foyesində “Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda» adlı turizmfoto sərgisinin açılışı ilə start verilib. Sərgidə Fərid Xayrulin, Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi məşhur fotoqrafların əsərləri nümayiş olunur. Fotoşəkillər qədim tarixi abidələri, Bakının görkəmli yerlərini və Azərbaycanın müasir quruculuğunu əks etdirir. Sərgidə Azərbaycanın turizm imkanlarını təcəssüm edən reklam-çap məhsulları da nümayiş olunur.

   “Azərbaycanla Belarusun mədəni əlaqələri getdikcə daha da möhkəmlənəcək”. Bu fikri sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov vurğulayıb. Nazir müavini qeyd edib ki, son illər iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq genişlənib. Bu özünü iqtisadi münasibətlərdə, ildən-ilə artan ticarət dövriyyəsində göstərir, eyni zamanda, humanitar sahədə, mədəniyyət, elm və təhsil istiqamətlərində əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir: «Mədəniyyət günləri hər iki ölkənin mədəniyyət və incəsənətinin inkişafına bir töhfədir. Bu tədbirləri mədəniyyətlərarası dialoq üçün unikal əhəmiyyətli vasitə kimi qiymətləndiririk”.

   Nazir müavini Mədəniyyət Günləri çərçivəsində nəzərdə tutulan tədbirlərdən söz açaraq Azərbaycan mədəniyyətinin müxtəlif nümunələrinin Belarus xalqına təqdim olunacağını vurğulayıb. Sonuncu dəfə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin 5 il əvvəl keçirildiyini xatırladan N.Səmədov ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

   Belarusun mədəniyyət nazirinin birinci müavini Vladimir Karaçevski öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın hüquqi bazasından söhbət açıb. Qeyd olunub ki, ikitərəfli əməkdaşlıq müqaviləsi muzeylər, kitabxanalar, teatrlar arasında əlaqələrin güclənməsinə imkan verir: “Mədəniyyət günləri bizə üç gün ərzində Azərbaycan xalqının adət-ənənələri ilə yaxından tanış olmaqkinematoqrafiya layihələrini izləmək imkanı verəcək».

   V.Karaçevski bildirib ki, 2013-cü ildə Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçiriləcək. Sonuncu dəfə Belarus mədəniyyət xadimləri 2008-ci ildə ölkəmizin qonağı olmuşdular.

   V.Karaçevski onu da qeyd edib ki, Azərbaycan kinematoqrafçıları Minskdə keçirilən «Listapad» beynəlxalq kinofestivalında çox fəal iştirak edirlər və həmişə də müxtəlif mükafatların nominantları olurlar.

   Qeyd edək ki, Belarusda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 8-də Minsk şəhərinin «Qələbə» kinoteatrında Azərbaycan filmlərinin nümayişi başlanıb. Tədbiri Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev açaraq iki ölkə arasında kino əlaqələrinin tarixinin 1935-ci ildən başlandığını bildirib. Belarus Film Fondunun direktoru Aleksey Bezuqlıy da iki ölkə kinematoqrafçılarının ənənəvi əməkdaşlığının daha da genişlənməsinə tərəfdar olduğunu vurğulayıb. Azərbaycan kinosu günlərində Belarus tamaşaçılarına son illərdə istehsal olunan «Vəkil hardadır?», «Girov», «Çölçü» filmləri təqdim olunur.

   Oktyabrın 9-da Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Belarus mədəniyyət naziri Pavel Latuşko ilə görüşü olub. Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd olunub ki, belə tədbirlər mədəni əlaqələrin dərinləşməsinə təkan verir.

   Həmin gün Belarus Milli Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı olub. Tamaşaçılara böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl» baleti nümayiş etdirilib. Belarusda Azərbaycan Mədəniyyəti Günləri oktyabrın 10-da başa çatacaq.

 

 

   Mədəniyyət.- 2012.- 10 oktyabr.- S. 3.