Rafiq
Qasım oğlu Atakişiyev
Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Teatr sənətinin
tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət
işçisi Rafiq Qasım oğlu Atakişiyev 2012-ci il
sentyabrın 27-də 72 yaşında vəfat etmişdir.
Gəncə Dövlət Dram
Teatrının quruluşçu rejissoru Rafiq Atakişiyev
1940-cı il mayın 20-də Füzuli rayonunda anadan
olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1968-ci ildən Ağdam Dram
Teatrında əmək fəaliyyətinə başlayan R.Atakişiyev
teatrın yaradıcılarından biri olmuş və uzun illər
bu teatrda baş rejissor vəzifəsində
çalışmışdır. 1976-1978-ci illərdə
Moskva şəhəri Mayakovski adına Akademik Dram Teatrında
rejissor-stajor işləmişdir.
1978-ci ildən 1989-cu ilə qədər
Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi
müddətdə R.Atakişiyev O.Kazımovun «Qızıl
toy», E.Sabitoğlunun «Nəğməli Könül»,
Offenbaxın «Fransız qonaq» və s. əsərlərə
quruluş vermişdir.
1978-90-cı illərdə teatrla
yanaşı, Mədəniyyət və İncəsənət
Universitetində baş müəllim, dosent kimi pedaqoji fəaliyyət
ilə məşğul olmuşdur. T.Kazımovun
yaradıcılığına həsr olunmuş «Rejissor teatra
gəlir» adlı monoqrafiyanın, teatr sənətçilərinin
yaradıcılığından bəhs edən bir çox
kitabların müəllifidir.
R.Atakişiyev 1990-cı ildən
1998-ci ilədək Akademik Milli Dram Teatrında sərəncamçı
direktor vəzifəsində işləmişdir.
1999-2008-ci illərdə Gəncə
Dövlət Dram Teatrının bədii rəhbər və
direktoru vəzifələrində
çalışmışdır. Burada sənətçinin
təşəbbüsü və rəhbərliyi ilə gənc
aktyorların yetişdirilməsi üçün ictimai əsaslarla
aktyor studiyası təşkil olunmuşdur.
Son illər R.Atakişiyev
C.Cabbarlının «Oqtay Eloğlu», İ.Əfəndiyevin
«Mahnı dağlarda qaldı», Bukovçanın «Qana qan»,
H.Cavidin «Afət» tamaşalarını
hazırlamışdır. O, Azərbaycan Teatr Xadimləri
İttifaqı idarə heyətinin üzvü, «Qızıl Dərviş»
mükafatı laureatı idi. 2005-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq
görülmüşdür. O, ömrünün 44 ilini teatr
sənətinə həsr etmişdir.
İstedadlı təşkilatçı,
gözəl insan Rafiq Atakişiyevin işıqlı xatirəsi
onun dostlarının, yaradıcı ziyalıların qəlbində
qalacaqdır.
Allah rəhmət eləsin.
Mədəniyyət
və Turizm Nazirliyi
Teatr Xadimləri İttifaqı
Gəncə
Dövlət Dram Teatrı
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 13.