O,
əsərləri ilə oxucuları tərbiyə etməyə
çalışırdı
Ötən
əsrin əvvəlində Azərbaycan ədəbiyyatında
realist nəsrin orijinal nümunələri yaranıb. Bədii
məziyyətləri ilə yanaşı, gənc nəslin tərbiyəsinə
də böyük təsir göstərən belə ədəbi
nümunələrin gözəl yaradıcılarından biri
də Süleyman Sani Axundov olub.
Görkəmli
yazıçı-dramaturq, maarifçi Süleyman Sani Axundov
1875-ci il oktyabrın 3-də Şuşada dünyaya göz
açıb. 1894-cü ildə Qori Müəllimlər
Seminariyasını bitirir. Pedaqoji fəaliyyəti ilə bərabər,
ədəbi yaradıcılığa başlayır.
Uşaqların acınacaqlı həyatından bəhs edən
“Qorxulu nağıllar” silsiləsindən “Əhməd və Məleykə”,
“Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf”
adlı hekayələri “Məktəb” jurnalında dərc
olunur. Eyni zamanda siyasi-ictimai mövzuda ifşa hədəfli əsərlər
(“Kövkəbi-hürriyyət”, “Yuxu”, “Qonaqlıq”,
“Tutuquşu”) qələmə alır. Vətəndaşlıq
pafosu ilə də səciyyələnən bu hekayə və
novellalarda lirizm və tənqid həmahənglik təşkil
edir.
1905-1920-ci illərdə Azərbaycan
ədəbi mühitində lətifə səciyyəli hekayələr
daha çox yazılır. Bu əsərlərin əksəriyyəti
uşaq və gənclər mətbuatında işıq
üzü görür. Məktəblərdə M.Ə.Sabir,
S.S.Axundov, A.Səhhət və A.Şaiq kimi
tanınmış şair və yazıçıların əsərlərinə
daha çox üstünlük verilir. Çünki onların
əsərlərində incə yumor, hikmət və kəskin
istehza özünü qabarıq göstərib. S.S.Axundovun
“Laçın yuvası”, “Eşq və intiqam”, “Molla Nəsrəddin
Bakıda”, “Şahsənəm və Gülpəri”, “Tamahkar”,
“Bir eşqin nəticəsi” və s. pyeslərində də
satirik gülüşün ictimai məzmunu özünü
büruzə verir.
“Tutuquşu” bir səhifəlik tərbiyəvi
hekayədir. Quşların timsalında rəmzləşdirmə,
istehza və alleqorik ruh onun əsas ideyasını təşkil
edir. Ədib əsəri nağıl kimi təqdim edir. Əslində
isə hekayə ana dilinə biganə qalan insanlardan bəhs
edir. Vətənsiz, məfkurəsiz ziyalılar
yazıçının tənqid hədəfidir.
Bülbülün oxumasında ana dilinin saflığı,
gözəl səsin aşıladığı estetik hissə
hüsn-rəğbət ifadə olunursa, tutuquşunun
timsalında isə qarğa kimi qarıldaması,
sağsağan kimi qırıldaması, qurbağa kimi
quruldamağı - təqlidçiliyi, hər işdən
avara qalması tənqid edilir.
“Qonaqlıq” hekayəsində
1905-ci il inqilabının yaratdığı ictimai-siyasi və
iqtisadi münasibətlərlə əlaqədar hadisələr
bir problem ətrafında cərəyan edir. Əsərdəki
dialoq M.Füzulinin “Meyvələrin söhbəti” alleqorik əsərindəki
hadisələri xatırladır. Meyvələr də öz
qüdrəti-təamı, şirinliyi, ləzzəti, xeyirliyi
ilə bəhsə girirlər. Buradakı bəy, tacir, alim,
ruhani, hərbçi bəhsə girərək hər biri
hökumətin sütunu olması ilə qürrələnir.
Sonda sadə kəndli məntiqlə onlara belə cavab verir:
“Ey ağalar, düzünü axtarsanız, hökumətin
sütunu biz kəndlilərlə o qan-tər içində
yük daşıyan fəhlələrdir. Biz əkməsək,
biçməsək, onlar da işləməsə, heç
bir hökumət yaşaya bilməz”. Hekayədə tüfeyli
ruhanilərin, kəndlərdə min hoqqadan çıxan bəylərin,
tarixin inkişaf qanunlarından baş çıxara bilməyən
alimlərin dialoqu, mübahisəsi və nəticə etibarilə
özünüifşası təsvir olunub.
S.S.Axundov nağıl-hekayələrində
ədəbiyyatın böyük tərbiyəvi əhəmiyyətini
əsas götürüb. “Qorxulu nağıllar” içərisində
ən kamil hekayə olan “Qaraca qız” uşaqlara humanizm,
dostluq və yoldaşlıq hissi aşılayır.
Usaqların daxili aləmi, onların mənəvi gözəlliyi,
həyatı, insanlığı sevmək və qiymətləndirməyi
bacarmaq qabiliyyəti burada daha mənalı verilib. O, hər
cür fəlakəti mövcud cəmiyyətdən doğan bəla
kimi təqdim edir. Bu cəhət yazıçının “Nurəddin”,
“Əhməd və Məleykə”, “Əşrəf” hekayələrində
də öz əksini tapır.
“Qaraca qız” isə xüsusilə
maraqlıdır. Körpəlikdən ata-anasını itirən
Tutu uzun əziyyətdən sonra Piri babanın himayəsində
yaşayır, gözüaçıq bir uşaq kimi həyatın
hər tərəfini düşünür. Oxucu bu qənaətə
gəlir ki, insanların mənəviyyatca müxtəlifliyi
qeyri-bərabərlikdən, birinin ağa, digərinin nökər
olmasından doğur. Akademik Məmməd Arif yazır: “Süleyman
Sani, hər şeydən əvvəl, bir müəllim idi.
Böyük mənada, ən hörmətli mənada müəllim
idi. Onun bədii yaradıcılığı da öz
ilhamını bu müəllimlikdən alıb. O,
bütün yaradıcılığında bir müəllim
kimi oxucuları tərbiyə etməyə, onlara bilik, ibrət
və mərifət verməyə çalışıb. Onun
“Qorxulu nağıllar”ı Azərbaycan ədəbiyyatı
tarixində layiqli yer tutur”.
Tanınmış
yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiq bu hekayələrin
əhəmiyyətindən bəhs edərkən yazıb: “Mən
onun əsərlərini, xüsusən usaqlar üçün
yazdığı hekayələri oxuyanda bir çox
müasirlərindən fərqləndiyini gördüm. Onun
dilində olduğu kimi, əsərlərinin tənqidindən
çox nəsihətlə, müsbət həyat hadisələrini
göstərməklə oxucusuna təsir etməyə
çalışıb. Onun əsərlərində satira yox,
lirika hakim idi”.
Savalan
Fərəcov
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 15.