“Borçalı bülbülü” - Xındı Məmməd
Haqq aşığı
Xalq şairi Zəlimxan Yaqubun təbirincə
desək, sazın, sözün, səsin və havacatın ulu
babası, Borçalı bülbülü, məclislər bəzəyi,
havalar pəhləvanı, gözəllər sirdaşı,
Tanrı dostu Xındı Məmməd zəmanəsinin elə
ünlü sənətkarı oldu ki, sənət
meydanında misli görünməmiş ad qazandı.
Mən qocaman bir aşığam,
Meydanda mərdü-mərdanə,
- deyən ustad zəngin bir irs qoyub
getdi.
El arasında Xındı Məmməd kimi tanınan Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə
Borçalı mahalının
Böyük Muğanlı
kəndində anadan olub. Uşaqlıq illəri ağır keçib. Körpəlikdən
çox məlahətli
səsə malik olduğunu duyan dayısı Hüseyn Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı Qaçaqanlı
Ağacana şəyird
verir. Məmməd ustadından Şərq və xüsusilə, İslam tarixini dərindən öyrənir,
şeirin-sənətin sirlərinə
bələd olur, aşıq-şair kimi püxtələşir.
Sonralar Xındı Məmməd dövrün
məşhur aşığı
Bəyazidli aşıq
Məsimlə qarşılaşır.
Bu onun nadir ifaçı
kimi yetişməsində
mühüm rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik Məmməd aşıq sənətinə dərindən
yiyələnir, Borçalının
ustad aşığı
kimi formalaşır və sonralar "Xındı Məmməd"
təxəllüsü ilə
aşıq şeirinin
gözəl nümunələrini
yaradır.
Xındı Məmməd istər haqdan imdadı,
Çağırır dadına
o min bir adı,
Borçalının bəlli
olan ustadı,
Şair Nəbi, Ağacanı neylədin?
Qısa bir vaxtda
Xındı Məmməd
Borçalıda ustad
aşıq kimi məşhurlaşır, gözəl
dastan danışan ifaçı sənətkar,
hazırcavab, bağlama
və qaravəllilərin
mahir bilicisi kimi şöhrət tapır.
İfasında Kərəm
yanğısının göynərtisi,
Koroğlu zənguləsi
duyulan Xındı Məmməd “Yurd yeri”, “Mənsuri”, “Yanıq Kərəmi”, “Zarıncı”, “Bəhməni”
kimi incə, ağır havalarla yanaşı, “Misri”, “Cəngi” kimi qəhrəmanlıq havacatlarının
da əvəzsiz ifaçısı olur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd geniş yaradıcılıq
yoluna qədəm qoyur, divani, təcnis, gəraylı, müxəmməs kimi şeir formalarında gözəl sənət nümunələri yaradır.
Mən eşqdən abdal olub,
Düşdüm dildən-dillərə.
Xındı Məmməd Məcnun kimi,
Saldın çöldən-çöllərə.
Sənətkarın şeirlərində
Vətənə, elə-obaya
sonsuz məhəbbət,
dostluğa, insanlığa
sədaqət tərənnüm
olunur:
Nəzər qıldım tənəzzülün işinə,
Mərd yerini namərd aldı, ay hayıf.
Mən aşığam,
ay hayıf,
Kimlər oldu, ay hayıf
Getdi daha qalmadı,
Qədir bilən, ay hayıf.
Qədir bilən, şirin gülən dostları,
Fələk vurub ayrı saldı, ay hayıf.
Onun zəngin irsindən 200-dən çox
şeiri günümüzəcən
gəlib çatıb.
O bir çox ustad aşıqların şeirlərinə qabaq-qaytarmalar
yazmış, neçə-neçə
ustadlarla dövrünün
mükəmməl, tanınmış
el şairi və aşıqları - şair
Ağacan, şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Ancaq bütün böyük sənətkarlar
kimi onun da həyatı çətin sınaqlardan
keçir. 1930-cu ildə
“Borçalı bülbülü”nə
qara yaxaraq pantürkizmdə ittiham edirlər. Aşıq həbs olunaraq bir müddət Tiflisdəki Metex qalasında saxlanılır.
Köklü bir qayanı, atalar demiş,
Qaldırıb yerindən yel ata bilməz.
Layiq bilib sığışdırmaz
adına,
Namərd kölgəsində
mərd yata bilməz.
1941-ci ildə Böyük Vətən müharibəsi
başlayanda aşıq
cəbhəyə gedir.
O, müharibəyə yola
düşməzdən əvvəl
canından artıq sevdiyi sədəfli sazını "Cəngi"
havası üstündə
kökləyib divardan
asır. Müharibədən
sağ-salamat evə dönən Xındı Məmməd öz gözəl sənətini
davam etdirir. Sənətdə ustadlıq
zirvəsinə çataraq
Borçalıda xeyli
sayda ünlü aşığın ustadı
olur. Onlardan Aşıq Məhəmməd
Sadaxlı, Aşıq
Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları
ustadlarının yolunu
davam etdirir.
Xındı Məmmədin
şəyirdləri arasında
oğlu Gülabının
adını xüsusilə
qeyd etmək lazımdır. Zəlimxan
Yaqub “Meydanda mərdi-mərdanə” kitabının
ön sözündə
yazır: “Xatirələrdən
daha canlı, daha təravətli üç yadigarı da var Xındı
Məmmədin. Onun radionun “Qızıl fond”unda qorunub saxlanılan lent yazıları,
aşıqlarımızın dilindən düşməyən
şeirləri və yolunu çox böyük ləyaqətlə
davam etdirən Aşıq Gülabı kimi bir sənətkarın
varlığı. Hər
üç müqəddəs
nemət Xındı Məmmədin şəxsiyyət
və sənətkar xoşbəxtliyidir”.
Ustadın böyük oğlu fizika-riyaziyyat elmləri doktoru, professor Lətif müəllim də atasının sənətinə ürəkdən
bağlı olan, onun adını yaşadan övladdır.
O, atası ilə bağlı xatirələrində
yazır: “Atam Şərq, ərəb, türk və xüsusilə İslam tarixini mükəmməl bilirdi. Çox yaxşı yadımdadır,
o, məşhur ərəb
tarixçisi Təbərinin
“Hökmdarlar və peyğəmbərlər tarixi”,
həmçinin İsgəndər
bəy Münşi-Türkmanın
“Şah Abbasın tarixi” əsərlərindən
çoxlu sayda epizodlar danışardı”.
Xındı Məmməd vədə yetib,
Tarix çatıb ölümə.
Qoy qazılsın bir səhrada,
Məzarım innən belə,
- deyən saz-söz ustadı 1968-ci il avqustun 28-də vəfat edir. Ustadı Böyük Muğanlı
kənd qəbiristanlığında
dəfn edirlər.
Qəlbən, ruhən elə-obaya, torpağa bağlı olan aşığın şeirləri
eldən-elə, dildən-dilə
dolaşır. Şeirləri
2001-ci ildə Bakıda
"Meydanda mərdi-mərdanə"
adı altında çap olunub. Qədirbilən Borçalı
camaatı Xındı
Məmmədin 1986-cı ildə
90, 1996-cı ildə 100 illiyini
böyük təntənə
ilə qeyd edib. O, bu gün
də ustad aşıq kimi yaddaşlarda, xatirələrdə
yaşayır, çünki
ölümsüzlük belə
böyük sənətkarlara
yaraşır.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 12
oktyabr.- S. 15.