“Hər
musiqinin öz fəlsəfəsi olmalıdır”
O, Azərbaycanın təbii
konservatoriyası sayılan Şuşada dünyaya gəlib.
Musiqinin sehrinə nə vaxt düşdüyünü
xatırlamasa da, atası tar çalanda evləri sanki
işıqlanar, bu işıqda hamıdan çox o xoşbəxt
olardı. Tarı ilk dəfə sinəsinə
sıxdığı günü də xatırlamır. Bircə
onu xatırlayır ki, tar özündən böyük olsa
da, dostluqları alındı. Tar ona sevə-sevə xalq
mahnılarını, muğamları öyrətdi.
Müsahibimiz tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, 20-yə yaxın simfonik əsərin müəllifi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının musiqi redaktoru Rauf Əliyevdir.
- Rauf müəllim, musiqi ictimaiyyəti sizi kifayət qədər tanısa da, istərdim, oxucularımıza özünüz barədə bir qədər ətraflı məlumat verəsiniz.
- 1947-ci il mayın 1-də Şuşada məşhur Mamayi məhəlləsində dünyaya gəlmişəm. Həmin evdə ki, o ev vaxtilə görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı Mir Mövsün Nəvvabın olub. Yadıma gəlir, otaqların divarlarında, tavanda çox gözəl ornamentlər, müxtəlif həndəsi fiqurlar vardı. Bu rəsmləri zamanında Mir Mövsün Nəvvab öz əlləri ilə çəkmişdir. Uşaq vaxtı evin taxtapuşuna çıxardıq, orda ərəb əlifbası ilə yazılmış çoxlu sayda əlyazmalar vardı. Sonralar təəssüflənirdim ki, niyə o zamanlar bu qiymətli mirası qoruyub saxlamayıblar.
- Şuşada hər kəsin qəlbi musiqi ilə döyünürdü. Yəqin siz də bu sənətə təsadüfən gəlməmisiniz?
- Doğrudur. Atam tarix
müəllimi olsa da, yaxşı tar çalardı. Tarda ifa etməyi də ilk dəfə atamdan öyrəndim.
1953-cü ildə ailəmizlə Bakıya
köçdük. 24 nömrəli musiqi məktəbinin
tar sinfində oxudum, müəllimim Orxan Orxanbəyli idi.
Müəllimimlə bağlı çox
yaxşı təəssüratlarım var. O, tar sənəti
ilə yanaşı, musiqi barədə bizə hərtərəfli
bilgilər verirdi. Musiqi məktəbini bitirəndən
sonra A.Zeynallı adına Musiqi Texnikumunun
xor dirijorluğu sinfinə daxil oldum. Son kurslarda oxuyarkən
Leytenant Şmidt (indiki Səttarxan - red.) zavodunun mədəniyyət
sarayında xor kollektivinin bədii rəhbəri işləməklə
yanaşı, xor sənəti ilə praktiki olaraq yaxından tanış olmaq imkanı qazandım. Bu bədii özfəaliyyət kollektivi ilə
keçmiş SSRİ-nin bir çox şəhərlərində
çıxış edirdik, o cümlədən həmkarlar təşkilatının
xətti ilə iki dəfə Moskvada, Kremlin sütunlu
zalında konsert verdik. Həmin konsertlər
o zaman mərkəzi televiziya ilə çəkilib
yayımlandı.
Musiqi Texnikumunda
oxuyarkən artıq kiçik musiqi əsərləri
yazmışdım. Sonralar peşəkar bəstəkar
olmaq üçün Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq fakültəsinə
daxil oldum. Elə hesab edirəm, mənim bəxtim gətirib
ki, professor Xəyyam Mirzəzadənin
sinfinə düşdüm.
- Xəyyam Mirzəzadə
Qara Qarayev kimi böyük bəstəkarın tələbəsi
olub. Siz də Xəyyam Mirzəzadə kimi
görkəmli bəstəkarın. Müəllimizdən
nələri öyrəndiniz?
- Xəyyam müəllimin musiqinin
bir çox janrlarında yüksək səviyyəli əsərləri
var. Ən əsası odur ki, müəllimin nüfuzu
olmalıdır, tələbə müəlliminə
inanmalıdır. O, tələbkar olmaqla yanaşı, tələbəyə
sərbəstlik, seçim imkanı verən müəllimdir.
Tələbənin psixologiyasını bilir, hər
kəsə fərdi yanaşır. Tələbəyə
musiqinin bütün sirlərini - musiqiyə yanaşmanı,
musiqi formalarını, əsərin orkestrləşdirmə
prinsiplərini öyrədir. Ümumiyyətlə,
musiqinin inkişafında böyük janrlı əsərlər
olmalıdır ki, başqa janrları arxasınca apara bilsin.
Konservatoriyanın son kursunda diplom işi kimi
böyük həcmli əsər olan “Simfonik orkestr
üçün konsert” yazmışam. Üstündən
40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin əsərlə
indi yazdığım əsərlər arasında peşəkarlıq
baxımından elə bir fərq yoxdur. Yəqin
ki, bu, mənim müəllimimdən irəli gəlir. Söz yox ki, uzun illər ərzində təcrübə
toplamışam. Simfoniya, konsert, xor və
simfonik orkestr üçün bir çox əsərlər
yazmışam.
“Hər
filmin öz musiqisi olur”
- Konservatoriyanı bitirəndən
sonra sənətinizi hansı sahədə davam etdirdiniz?
- 1973-cü ildə
konservatoriyanı bitirib Bakı Dəniz Donanmasının
ansamblında musiqiçi kimi xidmət etdim və matros kimi hərbi
xidmətimi başa vurdum. Bir müddət
dövlət radiosunda musiqi redaktoru işlədim. 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında
musiqi redaktoru işləyirəm. Bu illər
ərzində yüzlərlə filmin musiqi redaktoru olmuşam.
Bununla yanaşı, təxminən 40-a yaxın
bədii, sənədli, animasiya filmlərinə musiqi
yazmışam. Bu sırada “Qaladan tapılan
mücrü”, “Qara volqa”, “Kənar adamlar”, “Biz qayıdacağıq”,
“Küçələrə su səpmişəm”,
“Çölçü”, “Ölüm növbəsi” bədii
filmlərini, “Cırtdan və div”, “Yalançı
çoban”, “Taya”, “Lovğa fil balası” animasiya filmlərini
qeyd edə bilərəm.
- Filmə musiqi yazmağın
hansı çətinlikləri var?
- Sözsüz ki, hər filmin
öz orijinal musiqisi olur. Bu, bəstəkardan
böyük təcrübə tələb edir. Məlumdur ki, filmdə musiqi rejissorun ideyasına xidmət
edir, lakin eyni zamanda bəstəkarın da yazacağı musiqi
barəsində öz fikirləri olur və bunu rejissorla
mütləq razılaşdırmalıdır. Çətinliklər isə əsasən onunla
bağlıdır ki, musiqi yalnız filmin epizodlarının
çəkilişlərindən sonra, montaj dövründə
yazılır. Belə ki, filmdə həmişə
musiqinin yazılışına az vaxt
qalır. Ekran əsəri lentə
alınır, montaj müddətində musiqi
yazılmalıdır.
- Musiqiləriniz janrından
asılı olmayaraq incə melodiyası ilə insanların qəlbinə
yol tapır, ruhunu oxşayır. Bu incəlik nədən
qaynaqlanır?
- Mənim fikrimcə, hər bir
musiqi özünün fəlsəfəsi ilə
yanaşı, həm də emosional olmalıdır. Musiqi müəyyən bir ideyadan yaranır. Bəstəkar o hisləri, o musiqini öz qəlbindən
keçirərək nota köçürür.
-
Yaradıcılığınızda “Azadlığa gedən
yollar” adlı vokal simfonik poemanın xüsusi yeri var. Bu əsərin
yaranma tarixi barədə nə deyərdiniz?
- 1990-cı ilin 20 Yanvar hadisəsi
hər bir azərbaycanlı kimi mənə də ağır
təsir etmişdir. Həmin vaxt rejissor Xamis
Muradov 20 Yanvar hadisələri ilə bağlı film çəkməyə
hazırlaşırdı. Bəstəkar
kimi mənə müraciət etdi. Musiqinin sözlərini
yazmaq üçün Fikrət Qocaya müraciət etdik,
qısa vaxt ərzində şeiri yazdı:
... Mən ölərəm,
xalqım yaşar,
Xalqım yaşar, mən
yaşaram.
Azadlığa gedən yollar
Məndən
başlar.
Çox gözəl,
təsirli şeir idi. Bu sözlərə
yazdığım musiqilər Moskvada, SSRİ Dövlət
Kinematoqrafiya Komitəsinin Simfonik Orkestrinin və Azərbaycan
Dövlət Xor Kapellasının ifasında lentə
yazıldı. Onu da qeyd edim ki, həmin
musiqi filmdən kənar vokal-simfonik poema kimi öz həyatını
yaşayır.
- Musiqi əsərlərinizin həm
də özünəməxsus adları var.
- “Şuşanın
dağları başı dumanlı” əsərimin
adını Xan Şuşinskinin məşhur
mahnısının adından götürmüşəm.
Bu əsər 2010-cu ildə Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalında ifa olundu.
2011-ci ildə isə Qəbələ
festivalında “Şuşanın sıldırımlı dərələrini
xatırlayarkən” adlı simfonik əsərim ifa olundu.
Son illər Kiyevdə
keçirilən beynəlxalq musiqi festivallarına dəvət
olunuram. Orada, bu iki əsərlə yanaşı, mənim
xor əsərim olan “Ballada” və “Simfonik orkestri
üçün konsert”im çox gözəl ifa olunub. Bu
yaxınlarda Qazaxıstana dəvət olunmuşam, noyabrın
21-də Astanada keçirilən beynəlxalq musiqi
festivalında “Şuşanın sıldırımlı dərələrini
xatırlayarkən” əsərimlə iştirak edəcəyəm,
noyabrın 25-də isə bu əsər Almatı şəhərində
Qazaxıstanın Dövlət Kamera Orkestrinin ifasında səslənəcək.
Bəstəkar kimi bu festivallarda iştirak etmək
mənim üçün çox qiymətlidir.
- May ayında 65 yaşınız
tamam oldu. Filarmoniyada yaradıcılıq gecəniz
keçirildi, haqqınızda xoş sözlər deyildi,
yaradıcılığınız yüksək qiymətləndirildi.
Səhv etmirəmsə, ikinci dəfə idi ki,
yaradıcılıq gecəniz keçirilirdi.
- Birinci yaradıcılıq gecəm
2007-ci ildə Filarmoniyada keçirilmişdi. Azərbaycan
Dövlət Simfonik Orkestri ilə yanaşı, Azərbaycan
Dövlət Xor Kapellası da iştirak edirdi. Bu il mayın 19-da keçirilən ikinci yaradıcılıq
gecəm də iki hissədən ibarət simfonik konsert idi. Budəfəki
konsertdə beş yeni simfonik əsərim
səsləndirildi.
- Bayaq qeyd etdiniz ki, bəstəkar
bütün janrlara musiqi bəstələməlidir. Mahnı janrına necə, müraciət etmisinizmi?
- Qara Qarayev deyirdi ki,
professional bəstəkar sifariş olunan hər bir janrda əsər
yazmalıdır. Mahnı janrı da
çox məsuliyyətli janrdır. Çünki
bunun öz tələbləri var. Mahnı yazan bəstəkar
özünü tam o janra həsr etməlidir. 10-dan artıq mahnı yazmışam, o
mahnıları Eldar Axundov, Oqtay Ağayev, Akif İslamzadə
ifa ediblər.
- Dahi Üzeyir bəyin
ruhu yaşayan Şuşada anadan olmusunuz. Bu
sizin üçün nə deməkdir?
- Xoşbəxtəm ki,
Şuşada anadan olmuşam, oranın havasını udub,
suyunu içmişəm. Azərbaycan professional
musiqisinin bünövrəsini qoyan Üzeyir bəy musiqidə
elə məktəb yaradıb ki, biz o məktəbin
davamçılarıyıq. O, bizə hansı yolu
göstəribsə, biz o yolla gedirik. Şuşa
bəstəkarlıq sülaləsi var. Söhbət
Şuşada dünyaya gələn bəstəkarlardan gedir.
Baxmayaraq ki, mənim 65 yaşım var, mən hələlik
onların sonuncusuyam. Lakin inanıram ki, Şuşa
bəstəkarlarının Şuşada doğulub, yetkinləşən
peşəkar davamçıları olacaq!
- Şuşa həsrəti
elə böyük həsrətdir ki, onu hansısa bir
simfoniyaya sığışdırmaq mümkün olmasa da, bu
həsrəti musiqinin dili ilə milyonlarla insana
çatdıra bilirsiniz...
- Mənim bütün əsərlərim,
xüsusilə vokal simfonik musiqilərimin hamısı nikbin əsərlərdir.
Mən Şuşanın, Qarabağın azad
olacağına inanıram. Ümumiyyətlə,
xeyrin şərə, işığın qaranlığa,
haqqın nahaqqa qalib gələcəyinə
inandığım üçün ümidli və nikbin hislərlə
yaşayıram.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 12.