Dünya şöhrətli musiqiçi gənc ifaçılara ustad dərsləri keçib

 

   Mədəniyyətin bütün sahələri uğurla inkişaf edən ölkəmizdə hər il beynəlxalq festivallar, musiqi bayramları keçirilir. Dünyanın müxtəlif ölkələrindən tanınmış sənətkarlar respublikamıza qonaq gələrək incəsənətimizin inkişafı, o cümlədən musiqi sənətimizlə tanış olurlar.

  

   Sentyabrın 18-dən 29-dək Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına da bir çox görkəmli sənət adamları təşrif buyurmuşdu.

   Dünya şöhrətli violin ifaçısı, Rusiyanın Xalq artisti, professor Zaxar Bronun festivala qatılması musiqisevərlər üçün böyük hədiyyə idi. Qeyd etmək lazımdır ki, Z.Bronun təşkil etdiyi orkestrin hər bir üzvü beynəlxalq müsabiqələr laureatları olmuş istedadlı musiqiçilərdir. Bron Kamera Orkestri 2008-ci ildə Saint Moritz Festivalında debüt edib. Gənclər orkestriTonhalle Sürix”, “İnterlaken Klassik”, “Milan Verdi” kimi məşhur konsert salonlarında çıxış edib.

   Görkəmli musiqiçi ustad dərsləri keçmək üçün Mədəniyyət Turizm Nazirliyi tərəfindən Q.Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbinə dəvət olundu. Z.Bron ilk olaraq musiqi məktəbi ilə tanış oldu, buradakı Heydər Əliyev Muzeyinə baş çəkdi. Yeni avadanlıqlarla təchiz olunmuş, təmirli sinifləri gəzərək məmnunluğunu bildirdi.

   Məktəbin böyük zalında keçirilən ustad dərslərində Bakı Musiqi Akademiyasının musiqi məktəblərinin müəllimləri, tələbələri iştirak edirdilər.

   Respublikamızın istedadlı, bir çox müsabiqələr laureatları olan ifaçıları - Nərgiz Hüseynova, Nadir Eyvazov, Osman Eyyublu, Elgün Ağazadə, Əli İvanov, Ümidə Abbasova, Anar Yusifovun skripkada ifaları Z.Bron tərəfindən böyük məmnunluqla qarşılandı. Musiqiçi öz metodik tövsiyələrini, əsərlərin necə peşəkarcasına ifa edilməsi barədə fikirlərini gənclərlə paylaşdı.

   Məktəbin direktoru, Əməkdar müəllim Kamal Paşazadə dünya şöhrətli musiqiçiyə təhsil ocağına təşrif buyurduğuna, gənc ifaçılara ustad dərsləri keçdiyinə görə dərin təşəkkürünü bildirdi. Z.Bron məktəbin xatirə kitabına ürək sözlərini yazdı.

   Sonda onu qeyd etmək istərdik ki, belə tədbirlər, dünya şöhrətli musiqiçilərlə görüş ustad dərsləri musiqiçilər üçün böyük təcrübə imkanlarıdır. Bu şəraitin yaradılmasına görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk.

  

 

   Leyla Həsənova

 

   Mədəniyyət.- 2012.- 12 iktyabr.- S. 11.