“Buta”nı
uğurumun simvolu hesab edirəm”
İlqar Nəcəf: “Uşaqlarla film çəkməyin
bu cür çətin olduğunu ağlıma da gətirmirdim”
İlqar Nəcəf 1975-ci ildə Qərbi Azərbaycanın
Vedibasar mahalında anadan olub. 1988-ci ildən Sumqayıtda
yaşayıb, orta təhsilini də orada başa vurub. 1993-cü ildə İncəsənət
İnstitutunun bədii kino və televiziya rejissorluğu
fakültəsinə daxil olub. Özünün dili ilə
desək, o illərdə, mədəniyyətin bir çox sahələri
kimi, kino da diqqətdən kənar qalmışdı, ona
görə də bir müddət sənətdən
uzaqlaşıb. Lakin sənətə olan
bağlılıq öz sözünü deyir. 2000-ci ildən video çəkilişlərlə
bağlı sifarişləri yerinə yetirməyə, necə
deyərlər, kommersiya yolu ilə sənətə
qayıtmağa başlayır. Sənətlə ciddi məşğul
olmaq istəyi, bədii kinoya olan bağlılığı onu
yenidən təhsil ardınca aparır: “2003-cü ildə
Gürcüstanda “Avantı” proqramı çərçivəsində
bədii kinorejissorluq üzrə təhsilimi davam etdirdim. Bu bir il dünyagörüşümə çox
böyük təsir etdi”.
Beləliklə, o,
ilk ekran əsərlərini çəkməyə
başlayır. 10-a yaxın sənədli
filmin müəllifidir. “Sirat körpüsü”,
“Düyün”, “Qanadlarıma sığal çək”, “0-1”,
“Leninə məktub”, “Arxası qibləyə”, “Neftlə
çəkilmiş portret”, “Sonuncu”, “Yuva” və s. filmlərin
prodüseridir. 2009-cu ildə isə “Teatral həyat”
qısametrajlı filmi ilə bədii kinoya qədəm qoyub:
“Düşünürəm ki, baş rolun ifaçısı
Rasim Cəfəri o filmdə kəşf etdim. Film
bir aktyorun həyatından kiçik hadisəni əks etdirir.
“Teatral həyat” Amerikada mükafata layiq
görüldü. Fransada televiziya
kanallarında nümayiş olundu”.
İlqar Nəcəf “Butafilm” studiyasının
yaradıcısıdır. “Butafilm” və
“Azərbaycanfilm”in birgə istehsalı olan “Buta” tammetrajlı
bədii filmi son iki ildə Azərbaycan kinematoqrafiyasına bir
çox mükafatlar qazandırıb, o cümlədən
2011-ci ildə Asiya-Sakit Okean Kino Akademiyası tərəfindən
“Ən yaxşı uşaq filmi” elan olunub. Bu günlərdə isə ekran əsərinin
“Oskar” mükafatına təqdim edildiyini eşitdik. Rejissorla söhbətə də “Buta”dan
başladıq.
- “Buta” filmini çəkmək
ideyası necə yarandı?
- Filmin ssenarisini hələ
Gürcüstanda təhsil aldığım zaman yazmağa
başlamışdım. İlkin ssenaridə
filmin qəhrəmanı, hadisələr buta üzərindən
keçirdi. Lakin daha çox
uşağın başına gələn hadisələr
qabardılırdı. Əsl dram idi.
Daha sonra dramdan rəvayətə, hekayətə
gəlib çıxdım. Xalça ilə
bağlı hissələr ilkin ssenaridə yox idi. Nənə obrazı, xalçaçılıqla
bağlı məqamlar əlavə olundu. Nənənin
bayatıları səslənirdi. Bir
sözlə, buta naxışı bir külək kimi əsdi
keçdi və filmə öz sehrli havasını bəxş
etdi.
- Filmin baş qəhrəmanı
uşaqdır. Uşaqlarla işləmək isə elə də
asan deyil...
- Bu, ilk tammetrajlı bədii filmim
idi. Başa düşürdüm ki, çox
çətin yükün altına girmişəm və
artıq geriyə yol yoxdur. Filmin təqdimatında qocaman
aktyorumuz Rafiq Əzimov dedi ki, bu yaşımadək neçə
filmə çəkilmişəm, amma film öncəsi
heç vaxt bu qədər məşq etməmişdim. Əvvəlcədən belə bir şərt
qoymuşduq ki, uşaqla daim məşqlər olmalıdır.
Çünki kamera qarşısında o
reallığı almaq lazım idi. Ancaq nəzərə
almadığım bir məqam oldu, o da dublyaj idi. Uşaqları çəkmək bir çətinlikdirsə,
onu səsləndirmək ikinci məsuliyyətli məqamdır.
Film Qahirədə nümayiş olunandan sonra müzakirədə
bir qadın sual verdi ki, siz ancaq uşaq
filmi çəkirsiniz, bu istiqamətdə
ixtisaslaşmısınız? Mən də cavabında dedim
ki, bəlkə də bu mənim səhvim idi. Çünki
uşaqlarla işləməyin belə çətin
olduğunu ağlıma da gətirmirdim. Ancaq mənə
orada bir başqa tamaşaçı “bu cür səhvləri
tez-tez edin” - dedi.
- Elə biz də soruşmaq istəyirdik,
“səhvi” təkrarlamaq fikriniz yoxdur ki?
- Hələlik fikrim yoxdur. Lakin gələcəyi bilmək olmaz. İkinci filmin ssenarisinə nəzər saldıqda
görürəm ki, yenidən uşaqlara gedib
çıxır, lakin çox qabartmıram. Çalışıram, ikinci planda saxlayım.
- “Buta” filminin belə
uğur qazanacağına inanırdınızmı?
- Film çəkəndə bunu
düşünməlisən. Daxilində bir
iddia olmalıdır. Beynəlxalq
festivallarda uğurlar haqqında kimsə deyəndə ki, inana
bilmirəm, mən deyirdim, inanmaq lazımdır. Hazırda film “Oskar” mükafatına təqdim olunub.
Oradan bizə çoxlu məktublar gəlir.
Filmin satışı ilə bağlı layihələr
həyata keçirməyi təklif edirlər. Film oktyabrın 17-dən 21-dək Almaniyada
keçiriləcək uşaq filmləri festivalında
iştirak edəcək. Düşünürəm ki,
“Buta”nın uğurları hələ irəlidədir.
- Film hazırda “Nizami” Kino Mərkəzində
nümayiş olunur. Sizcə, nəyə görə
tamaşaçı bu filmə baxmalıdır?
- Şərq
insanı hadisələri obrazlı şəkildə görməyi
bacarır. Film insan hislərinə təsir
edir. İstənilən filmdə öyrəniləsi
məqamlar çox olur. Bir valideyn
övladına yüksək keyfiyyətlər, mübarizlik
aşılamaq istəyirsə, zənnimcə, bu yolda “Buta”
böyük əhəmiyyətə malikdir.
- Təsis etdiyiniz kino şirkətinin
də adında “buta” var. Bəlkə buta uğur simvolunuzdur? İşə neçə nəfərlə
başlamışdınız?
- Yaradıcı dostlarla birgə
2003-cü ildə, hələ Gürcüstanda təhsil alarkən
bu ideya üzərində işləməyə
başladıq. 2004-cü ildə “Butafilm”
studiyasını təsis etdik. Əlisa
Cabbarov baş prodüser, Asif Rüstəmov kreativ
(yaradıcı) prodüser olmaqla studiyanın əsasını
qoyduq. Əsas məqsəd ətrafımıza
yaradıcı insanları toplamaq idi. Ötən
8 ildə bir çox layihələr həyata
keçirmişik. Sənətə yeni
adlar gətirmişik. Hazırda “Butafilm”in yeni
studiyası hazırlanır, təmir işləri
aparılır. Yeni studiya daha genişdir və
işləmək üçün hər cür şərait
olacaq.
O ki qaldı filmin “Buta”
adlandırılmasına, əslində ssenaridə öncə
başqa ad vardı. Sonra təsadüfən buta
haqqında maraqlı məlumat oxudum və başladım
araşdırmağa. Şərqdə
butanın mənaları, toxuculuqda mənası və digər
məqamları özüm üçün müəyyən
etdim. Kiçik bir naxışın
içində bir həyat anlamının olduğunu öyrəndim.
Buta alov, toxum, su damcısı, yeni həyata
başlanğıcdır. Eyni zamanda, Şərq
aləminin bir naxışıdır. Bəzən
deyirlər ki, filan ad və ya layihə həyatımın
uğur göstəricisi oldu. Bu baxımdan mən də
“Buta”nı uğurumun simvolu hesab edirəm.
- “Butafilm” gənclərə
dəstəkdir. Bu fikri də tez-tez eşidirik...
- Adətən belə deyirlər
ki, gənclərlə yaşlı və ya orta nəsil
arasında uzlaşma yoxdur. Mən özümə
sual verirəm, cavan nəslə qarşı niyə pis olmaq
lazımdır ki? Cavan rejissor studiyamıza
ssenari ilə gəlir. Prodüserə
müraciət edir. Biz də onu müzakirə
edirik. Ehtiyac olduqda ssenaridə müəyyən
dəyişikliklər edilir. Nəticədə
film çəkilir, Azərbaycan kinosuna yeni ad gəlir. Bu baxımdan studiyamız gənclər arasında sənət
ocağı kimi tanınır. Necə deyərlər,
“Butafilm”in qapıları da, bacaları da yaradıcı
insanların üzünə taybatay açıqdır.
- Sənət adamı kimi ilham
qaynağınız nədir, həyatda nədən təsirlənirsiniz?
- Məni yaşadan daxilimdəki
hekayələrdir. Almaniyada olduğum zaman xəstəxananın
dəhlizində bir qoca kişi ilə rastlaşdım.
Kişi xərəkdə idi. O qədər
səmimi gülüşlə üzümə baxdı ki, qəribə
hiss keçirdim. Xəstəliyinin nə olduğunu
soruşanda isə “mən xəstə deyiləm, sadəcə,
çox qocayam” - dedi. Həmin hadisə mənə
o qədər təsir etdi ki, bunu hekayə kimi qələmə
aldım. Bəlkə də gələcəkdə
hansısa ssenarinin bir hissəsidir, xəttidir. Bu cür həyat hadisələrindən ilham
alıram.
- Sizin üçün həyatda
önəmli olan nədir?
- Ailəm. Üç
övladım var. Onlar mənim üçün həyatda hər
şeydən önəmlidirlər. Ailə
mənim üçün müqəddəsdir.
- Gələcək
planlarınız barədə nə deyə bilərziniz? Nə çəkirsiniz, nə yazırsınız?
- Hazırda “Bir ovuc qar” adlı
ssenari üzərində işləyirəm. Bir
ailənin, ailə başçısının itkisindən bəhs
edir. Biz bəlli yaşa kimi yaşayır və bu illər
ərzində bir çox şeylərə nail oluruq. Günlərin birində isə insanın həyatında
bir itki baş verir. Həmin itki onu dəyişir.
O düşünür ki, bəlkə mən düz
yaşamamışam. İnsanın içində
çöküntü vermiş duyğular o itkidən sonra
birdən baş qaldırır. Əsərin
qəhrəmanı çoban öz oğlunu itirir.
Oğlunun ölümünə kimi onun hər şeyi var: ailəsi,
çoxlu mal-qarası. O, dünyada olan proseslərdən bixəbərdir.
Yalnız özünün sahibi olduğu, ətrafında
gördükləri ilə xoşbəxtdir. Bu həyata
kənar müdaxilə ailədən bir nəfəri aparmaqla
hər şeyi dəyişir...
- Hansı mövzular sizi daha
çox düşündürür?
- Mənə desələr ki,
fantastik janrda bir film çək, yəqin ki, imtina edərəm.
Və yaxud da detektiv janrda film çəkmək.
Bunlar mənə yaddır. Daha
çox dram, insani münasibətlər, psixoloji məqamlar,
şəxsiyyətin özünü tapması, daxildə gedən
prosesləri əks etdirən mövzuları özümə
yaxın hesab edirəm.
- Kino sənətimizə kənardan
baxdıqda nələri görmək istərdiniz?
- Sağlam tənqidin, sağlam rəqabətin
olmasını istərdim. İstəyirəm
ki, yaradıcı insanlar bütün potensialını hər
hansı xırda intriqaya deyil, yaradıcılığa sərf
etsinlər. Hər il bir gənc
rejissor tammetrajlı film çəksin. Necə
ki, beynəlxalq festivallarda İran, Türkiyə filmlərini
səbirsizliklə gözləyirlər, istərdim ki, bizim
filmləri də o cür gözləsinlər.
Söhbətləşdi:
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 10.