Dünya mədəniyyətinin canlı əfsanəsi

 

   Tahir Salahov: “İstər fiziki, istərsə də mənəvi baxımdan həyatımın ən çətin anlarında yaradıcılıq məni xilas edib”

  

   Onunla İçərişəhərdəki emalatxanasında görüşdük. Böyük sənətkar adəti üzrə iş başında idi. Dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, çoxsaylı mükafatların, Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninin laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov üçün sənət və zaman arasında istirahət anlayışı yoxdur. “Mən sənətimlə yaşayıram”,- deyən rəssam bu gün də dayanmadan çalışır, yeni ideyalarla dolu əsərlər çəkir, yaratdığı sənət inciləri bu gün də müxtəlif sərgiləri, mötəbər qalereyaları, muzey ekspozisiyalarını bəzəyir.

  

   Tahir Salahovun hər bir əsəri fəlsəfi düşüncələrlə zəngindir, hər bir rəsmin dərin məna tutumu, məxsusi tarixçəsi var. Bunu rəssamın portret janrında yaratdığı əsərlərə də şamil etmək olar. Görkəmli bəstəkar Qara Qarayevin portretindəki cizgilər, sənətkarın əllərinin, barmaqlarının təsviri xüsusilə diqqəti çəkir.

  

   Bir rəsmin tarixçəsi

  

   - Bu rəsmin maraqlı tarixçəsi var. 1976-cı il martın 3-də Moskvada, Kreml sarayında keçirilən bir konfransda Qara Qarayevin yanında əyləşmişdim. Mən yalnız onun əllərini görürdüm və başladım onları çəkməyə. Sonra fasilədə portretini çəkdim. Fasilə müddətində rəsmi ona göstərdikdə mənə dedi: «Siz mənə nə gözəl sürpriz etdiniz. Mən də deyirəm, bayaqdan nə çəkirsiniz? Demə, əllərimin rəsmini çəkirmişsiniz”. O bu rəsmə öz musiqisinin - VI simfoniyasının notlarını yazdı. Altından da imza atdı. Sonra mən ona dedim: “Siz bu musiqini abstrakt formada necə təsəvvür edirsiniz? Rəsmdə bunu necə əks etdirək?” O, bir neçə ştrix çəkdi. Beləliklə, mən onun portretini pianino fonunda işlədim. Sonralar həmin əsəri xalça üzərində yaratdım. Ümumiyyətlə, rəsm əsərlərinin xalça üzərinə köçürülməsi olduqca maraqlıdır. Beləliklə, bizim xalçalarımızda yeni ornamentlər yaranır. Xalçalar da transformasiya olmalı, yenilənməlidir. Qara Qarayevin portreti olan xalçanı belə yaratdım.

   Transformasiyadan söz düşmüşkən, bu mənada sənətkarın Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənən, tarixən od, neft ölkəsi olan doğma diyarımızı simvolizə edən əsəri çox maraqlıdır. Bu tablonu seyr etdikcə bir daha əmin olursan ki, rəssam əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Əsərinin fəlsəfi ideyasının tamaşaçı tərəfindən qavranmasına səy göstərir. Əsərdə zamanın memarlığa və texnologiyaya təsiri məharətlə əks olunub. Rəssamın bu tablo barədə fikirlərini dinləyək.

   - Ənənə və müasirlik mövzusunda 2007-ci ildə çəkdiyim “Odlar diyarı” adlı epik triptixdə "Atəşgah", "Qız qalası" və "Yeni dəniz arxitekturası"nı birləşdirmişəm. Əsərin ölçüsü 6x2 metrdir. Əsər Azərbaycan neftçilərinin həyatına və qəhrəman əməyinə həsr olunub. Mərkəzi hissədə «Xəzər bu gün», sol hissədə «Atəşgah», sağ hissədə isə «Qız qalası» dayanır. Bununla göstərmişəm ki, zaman memarlığı və texnologiyanı dəyişir. Və bu bizim ənənələrin davamıdır. Əsər fevralın 18-dən 25-dək Londonun nüfuzlu Sotbi (Sotheby's) qalereyasında nümayiş olunmuşdu. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və “Buta” İncəsənət Mərkəzinin təşkil etdiyi tədbirdə sərgimi «Qeyri-adi Tahir Salahov» adlandırmışdılar. «Odlar diyarı» triptixi qonaqlarda böyük maraq yaratdı. Sərgini ziyarət edənlər tablo haqqında «əzəmətli ideyası ilə insan ağlını heyran edir» deyirdilər. Sonra əsər Moskvada nümayiş etdirildi. İndi isə Azərbaycan Dövlət Neft Fondunda saxlanılır və Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.

  

   “Salahov magiyası yenidən Moskvada”

  

   Rəssamın Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, L.Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi və ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə M.İ.Qlinka adına Moskva Dövlət Musiqi Muzeyində keçirilən sərgisi də möhtəşəm idi. Rusiya mediası bu hadisəni «Salahov magiyası yenidən Moskvada» adı ilə işıqlandırmışdı. Sənətkar haqqında yazılan epitetlər arasında «Azərbaycan və sovet rəssamlığının canlı əfsanəsinin dostları və heyranları iki ölkənin intellektual potensialını formalaşdırır» kimi ifadələrə rast gəlmək olurdu.

   - İki ay davam edən sərginin ekspozisiyasının ideyası «konservativ avanqardizm” idi. Orada «Min bir gecə» baletinə çəkdiyim eskiz və dekorasiyalar müvəffəqiyyətlə nümayiş etdirildi. Qlinka adına muzeyin sərgi mərkəzi də təsadüfi seçilməmişdi. Bu məkan təsviri sənətlə musiqinin sintezinə imkan verir. Zalda Qara Qarayev və Fikrət Əmirovun musiqiləri səslənirdi.

   Sərginin açılışında Moskva ziyalıları, yaradıcı insanlar, Rusiya Prezidentinin insan hüquqları üzrə məsləhətçisi Mixail Fedotov, başqa tanınmış simalar iştirak edirdi. Sonra Rusiya Dövlət Kreml Sarayının səhnəsində “Kreml baleti” teatrı görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim etdi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tamaşa müvəffəqiyyətlə keçdi.

   Tahir Salahovun səhnə tərtibatı verdiyi baletin yeni quruluşunu Rusiya tamaşaçıları böyük rəğbətlə qarşıladılar. Yerli mediada bu mədəniyyət hadisəsi “Əfsanənin qayıtması” kimi qiymətləndirilmişdi.  

   - Tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Fikrət Əmirovun qızı Sevil Əfəndiyeva, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri vardı.

   Həmin günlərdə Rusiya mətbuatı “Min bir gecə” baletinin Moskvada ilk dəfə tamaşaya qoyulduğunu xüsusi qeyd edirdi. Rusiyanın Əməkdar artisti Andrey Petrovun rəhbərliyi altında «Kreml baleti» teatrı özünün 20 illiyində bu əsəri çoxsaylı pərəstişkarlarına hədiyyə etdi.  

   Baletin dekorasiyası yüksək səviyyədə yerinə yetirilmişdi və hətta gözucu baxış tamaşaçıya özünü xəyalən Şərq nağılları aləmində hiss etməyə imkan verirdi. Bu, SSRİ Xalq rəssamı Tahir Salahovun sənəti sayəsində mümkün olmuşdu. Ümumiyyətlə, teatr tamaşalarının tərtibatı üzrə ixtisaslaşan rəssamlarımız az deyil. Tahir Salahov da bir sıra səhnə əsərlərinin möhtəşəm dekorasiyalarının müəllifidir. Amma sənətkarın yaradıcılığını sevən geniş tamaşaçı kütləsinə onun teatr işləri o qədər də tanış deyil. Rəssamın bu barədə dediklərindən:

   - Azərbaycan Dövlət Dram Teatrında üç tamaşanın dekorasiyasının müəllifiyəm. 1964-cü ildə Vilyam Şekspirin «Antoni və Kleopatra» faciəsinin dekorasiyasını yaratdım. Səhnə əsərinin quruluşçu rejissoru Tofiq Kazımov idi, musiqisini Qara Qarayev yazmışdı. Tamaşa çox müvəffəqiyyətlə keçdi. Biz sənət adamları arasında ilk dəfə Azərbaycan SSR-in Dövlət mükafatını aldıq. 1968-ci ildə Vilyam Şekspirin «Hamlet», 1972-ci ildə Cəfər Cabbarlının «Aydın» dramının tərtibatını verdim. O vaxtlar Azərbaycan teatr sənətində yüksəliş dövrü idi. 1975-ci ildə Üzeyir Hacıbəylinin «Koroğlu» operasının, 1983-cü ildə Aqşin Əlizadənin «Babək» baletinin dekorasiyasını yaratdım. “Koroğlu” operasında Lütfiyar İmanov Koroğlunu, Firəngiz Əhmədova Nigarı çox gözəl ifa edirdi. Bu gün də həmin tamaşa mənim bədii tərtibatımla nümayiş olunur. «Babək» baletinə gəlincə, Opera və Balet Teatrında təmir işləri getdiyindən tamaşanı indiki Heydər Əliyev Sarayında göstərdik. Baleti Maqsud Məmmədov və Rəfiqə Məmmədova tamaşaya qoymuşdu. 1988-ci ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” pyesinə bədii tərtibat verdim. Bu tamaşalardan sonra mən teatra uzun müddət müraciət etmədim. Bu sahədə bir müddət fasilədən sonra meydana çıxan yeni işim Rusiya mediasında bədii təfəkkürdə təkamül kimi xarakterizə olunurdu. Hətta «Tahir Salahovun teatr şedevrləri» adlı məqalə də dərc olunmuşdu. Mən, ümumiyyətlə, sənətdə bir yerdə dayanmağı sevmirəm. Eksperimentlərə getməyi xoşlayıram, yeni ifadə, yeni həll formaları axtarıram. Demək istəyirəm ki, hər zaman yaradıcılıq naminə işləmək, zəhmət çəkmək lazımdır.

   Mütəxəssislərin məhdud çevrəsi üçün deyil, bütün dünya üçün əsərlər yaradan rəssamın şövqü, istəyi, məramı da maraq doğurur.  

   - Mən əsərlərimdə daha çox Azərbaycan xalqının mədəniyyət xadimlərinin simasını, yaradıcılıq zirvəsini göstərmək istəyirəm. Yaradıcılıq anında musiqiçi, yazıçı, rəssam özünə qapılır və bütünlüklə öz sənətinə yönəlir. Ona görə də, əgər bu cəhdlər varsa, bu öz xalqının qarşısında böyük məsuliyyət deməkdir. Bu baxımdan da mən yaradıcılıqda belə insanları çox qiymətləndirirəm. Qoy onlar peşə baxımdan heç mədəniyyət adamı olmasınlar. Neft daşlarında neft çıxaran gözəl insanlar var ki, açığını deyim ki, onlar mənim nəzərimdə qəhrəmandırlar. Sadə insanlar hər gün fədakar işlə məşğuldurlar. Bizim xalqımız zəhmətsevərdir. Bakı neft şəhəridir. Artıq respublika 150 ildir ki, neft çıxardır. Demək istəyirəm ki, respublikamızın əldə etdiyi nailiyyətlərin bir çoxu neftçilərin əlləri və əməyi hesabına başa gəlib. Bununla fəxr edirəm və öz rəsmlərimdə - «Təmirçilər», «Neftçilər», «Xəzərdə şəhər» və digər əsərlərimlə bu mövzunu işləmişəm. O zaman neft ətrafında belə ajiotaj yox idi. İndi dünyada neft uğrunda savaş gedir. Məsələn, mənim «Şəhər eşelonu» rəsmim 1959-cu ildə Avstriyanın paytaxtı Vyanada keçirilən gənclərin və tələbələrin festivalında mükafat aldı. Mən sovet incəsənətində yeni istiqaməti - «Sərt üslub»u yaratdım. Stalin dövrü incəsənətində hər kəs bir-birini alqışlayırdı. Biz rəssamlar isə ilk dəfə sərt, real həyatı göstərməyə cəhd etdik və bu, Sovet İttifaqının incəsənət tarixində qaldı. “Sərt üslub” dünya incəsənətində də çoxlu istiqamətlər meydana gətirdi. Ona görə də, rəssamın rolu həyata hansısa təəssüratları açmaq, kəşf etmək, yeni yaradıcı tapıntıları gətirməkdir. 

   Çoxlu sayda məşhur insanların portretlərini yaratmış rəssamın bu qəbildən əsərləri sırasında sadə adamlar, xarakterik obrazlar da var.

   - Mənim bir dostum var, onu Abşeronun siması adlandırıram. Sadə adamdır. Öz baxışları, ifadələri, xeyirxah qəlbi, ürəyi, gözləri ilə Abşerona xarakterikdir. Bu mənim rəsmlərimdə öz əksini tapıb. Bu mənada düşünürəm ki, respublikamızda hər bir region öz gözəlliyinə, qəhrəmanlarına malikdir. Mən bunları bütün Azərbaycanda görürəm. Ona görə ki, hər bir regionun çox maraqlı və gözəl insanları, qəhrəmanları var. Biz mədəniyyət xadimləri onlara borcluyuq.

   Mənim sadə insanlar - dostluq etdiyim neftçilər xoşuma gəlir. Mən onları iş zamanı görmüşəm, evlərində olmuşam. Onlar səhər işə, neft daşlarına gedərkən öz əllərilə yetişdirdiyi qızılgülləri gətirirdilər. Bu elə xoşagəlimli idi ki. Bu zəhmətkeş əllər hətta gül də becərirdi. Məsələn, mənim naturadan çəkdiyim «Təmirçilər» rəsm əsərimdə neftçilərin əllərində qızılgül var. Bu çox gözəldir. Bakı hər zaman zəhmətsevər insanların şəhəri olub. Bu gün şəhərdə bütün istiqamətlərdə yüksəliş, çiçəklənmə gedir, düşünürəm ki, bunun hamısı zəhmətkeş insanların əməyinin nəticəsidir.  

   Tahir Salahov yaradıcılığı boyu Azərbaycanın, keçmiş SSRİ-nin və bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb. O cümlədən ölkəmizin ən yüksək təltifinə - “Heydər Əliyev” ordeninə layiq görülmüş yeganə azərbaycanlı sənət adamıdır.

   - 80 illik yubileyimdə Prezident İlham Əliyev məni Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif etdi. Bu yüksək mükafat Azərbaycanın sənət adamları, mədəniyyət xadimləri arasında ilk dəfə mənə verildi. Hesab edirəm ki, bu mənim əməyimə ən yüksək qiymətdir. Mən Rusiya, Fransa və digər ölkələrdə mükafat almışam. Bu yaxınlarda isə mənə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət xadimi adını verdilər. Bu ad da mənim üçün yüksək dəyərə malikdir. Onu da deyim ki, bu yaxınlarda Naxçıvanda keçirilən fərdi sərgim mənim üçün bayram idi. Onlar sərgini elə gözəl, elə zövqlə hazırlamışdılar ki, bu mənə və yaradıcılığıma böyük hədiyyə oldu. Mən orada dedim: “Sənət adamları Paris, London, Nyu-Yorkda sərgi təşkil etməyə can atırlar. Mən artıq bunları keçmişəm. Amma buna baxmayaraq Naxçıvanda elə bir yüksək səviyyədə sərgi təşkil etmişdilər ki, düşünürəm, dünyada yaşayan hər bir rəssam öz sərgisini böyük məmnuniyyətlə bu məkanda keçirərdi. Bu mənada özümü xoşbəxt sənətkar sayıram”.  

   Bu gün respublikamızın hüdudlarından kənarda yaşayan azərbaycanlıların ölkəmiz, xalqımız, mədəniyyətimiz və ənənələrimiz haqqında təsəvvürün formalaşmasında mühüm rolu var. Tahir Salahov belə soydaşlarımız arasında müstəsna yerə malikdir.

   - Azərbaycandan kənarda yaşayıb Vətəni, xalqı layiqincə təmsil etmək böyük məsuliyyətdir. Bu baxımdan hər bir azərbaycanlı düşünməlidir ki, respublika haqqında onun işlərinə, həyatına, hərəkətlərinə görə fikir söyləyirlər. Ona görə də, hər bir soydaşımız bunu dərindən dərk etməlidir. Öz respublikan və xalqın qarşında məsuliyyətli olmaq lazımdır.  

   Amma sənətkar Vətəndən, Bakıdan uzaqlarda uzun illər yaşayıb, işləsə də, doğma şəhərlə qəlb, tale bağları heç zaman qırılmayıb.  

   - Mən Bakıda anadan olmuşam. İlk yaradıcılıq təhsilimi burda almışam. Bu mənada Bakı hər zaman mənim ürəyimdə yaşayır. Bakı mənim dostum, məktəbim, mənim yaradıcı işim, axtarışımdır. Burda mənim anam, iki qardaşım dəfn olunub. 1973-cü ildə məni Sovet İttifaqı Rəssamlar İttifaqının birinci katibi vəzifəsinə seçdilər. Bu qərar o vaxt respublikamızın rəhbəri olan Heydər Əliyevin dəstəyi ilə qəbul edilmişdi. O mənə dedi ki, sənin bu posta seçilməyinə mən razılıq vermişəm. Faktiki olaraq mənə Heydər Əliyevin sayəsində Sovet İttifaqında yüksək bir vəzifə verilmişdi. O zamandan hər dəfə münasib vaxt tapan kimi mən Bakıya gəlirdim. Bu gün mən burada işləyirəm, dostlarımla görüşürəm, öz işimlə və həyatımla bağlı olan yaradıcılığımı davam etdirirəm. Bu gün Bakı gələcəyə can atır. Müasir şəhər kommunikasiya, şəhərin inkişafı, yeni texnologiyalarla bağlı çoxlu məsələlərin həllini tələb edir. Ənənələri qorumaqla indi və gələcək haqqında düşünmək lazımdır.

  

   Sənət məni yaşadır

  

   - Bir neçə həftədən sonra 83 yaşımı qeyd edəcəyəm. Ömrümün böyük hissəsini rəssamlığa həsr etmişəm. İstər fiziki, istərsə də mənəvi baxımdan həyatımın ən çətin anlarında yaradıcılıq məni xilas edib. Əgər insan daim çalışırsa, o zaman zəhmət itmir. Bu iş, sənət həm də məni yaşadır.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 12 oktyabr.- S. 8.