Unikal
tamaşa məkanı
Və
ya bir manejdə min oyun
Bakının
memarlığına xüsusi yaraşıq verən bu bina -
Bakı Dövlət Sirki hər zaman
tamaşaçıların sevimli məkanı, əyləncə
ünvanı olub. Hətta 90-cı illərdə,
teatr-tamaşa müəssisələrində
tamaşaçı qıtlığının olduğu
vaxtlarda da bu məkan seyrçi sarıdan korluq çəkməyib.
Bu maraq və sevgi bu gün də var.
Tamaşaçılar sirkdə hər mövsümün
açılışını səbirsizliklə gözləyir
və diametri 13 metr olan o manejdə baş verənləri həyəcanla
izləyirlər.
2003-cü ildən Bakı
Dövlət Sirkinə rəhbərlik edən Vaqif
Bağırzadə qəzetimizə müsahibəsində
müəssisənin tarixi, keçdiyi inkişaf yolu və
tamaşaçıları maraqlandıran əsas məqam -
yeni mövsümün proqramları barədə
danışdı.
- Azərbaycanda sirkin tarixindən
söz açdıqda iki məqamı qeyd etmək gərəkdir.
Bunlar peşəkar sirkin yaranması və sirk
elementlərinin təşəkkülü ilə
bağlıdır. Ölkəmizdə ta qədimdən
müxtəlif xalq oyunlarında, el şənliklərində,
mərasimlərdə sirk elementləri olub. Məsələn,
"Çövkən", "Zorxana" kimi milli xalq oyunlarında,
cıdır yarışlarında, kəndirbazların və pəhləvanların
çıxışlarında bugünkü peşəkar
sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və
digər janrlarının elementləri olub. Azərbaycanda
ilk peşəkar sirk XIX əsrin 90-cı illərində məşhur
Nikitin qardaşları tərəfindən tikilmişdir.
Taxtadan hazırlanmış həmin binada
heyvanlarla bağlı müxtəlif sirk nömrələri
nümayiş olunurdu. 1905-ci ildə şəhərdə
nisbətən böyük sirk binası istifadəyə
verilmişdir.
Azərbaycanda ilk sirk
truppasının yaradılması barədə qərar 1928-ci
ildə qəbul olunmuş, 1945-ci ildə isə milli sirk
truppası yaradılmışdır. Proqrama sirk nömrələri
ilə yanaşı, estrada və balet
artistlərinin çıxışları da daxil
edilmişdi. Kollektiv bütünlüklə azərbaycanlı
artistlərdən ibarət idi. Ənvər Quliyev,
"Ulduz bacıları", kəndirbaz Əlixan və digər
sirk ustalarının yer aldığı truppa fəaliyyəti
dövründə "Zirvədən işıq" adlı
proqramla keçmiş SSRİ respublikalarında, eləcə
də Afrika, Asiya, Amerika və Avropada qastrollarda olmuşdur. 1967-ci ildə Bakı Dövlət Sirkinin möhtəşəm
binasının istifadəyə verilməsi ilə sirk sənəti
tariximizdə yeni mərhələ başlandı. Artıq 45 ildir ki, yüksək texniki göstəricilərə
malik bu bina Azərbaycan tamaşaçılarının, sirk
həvəskarlarının ixtiyarındadır.
Yeri gəlmişkən,
Bakı Dövlət Sirki SSRİ dağılana qədər
Ümumittifaq Sirk Birliyinə tabe olub. Ona
görə də binanın təmirindən qastrol və yeni
proqramların təşkilinədək bütün məsələlər
həmin qurumun səlahiyyətində idi. O vaxtlar mərkəzi
təşkilatın bizim sirkə, yumşaq desək, ögey
yanaşması üzündən burada təmir işi
aparılmamışdı. Amma indi dövlətimizin
artan iqtisadi imkanları, teatr-tamaşa müəssisələrinin
yüksək səviyyədə təmir-bərpası, ən
yeni texniki avadanlıqlarla təchizatı sirk binasının
da bu sırada olacağına əminlik yaradır.
- Hər mövsümdə rəngarəng
proqramlar təqdim edən Bakı Dövlət Sirki bu dəfə
tamaşaçıları nə ilə sevindirəcək?
- Oktyabrın 25-də Bakı
Dövlət Sirkində yeni mövsümün
açılışı olacaq. Mövsümə «Payız əyləncəsi»
adlı proqramla start verəcəyik. Bu dəfə
də xarici ölkələrdən seçilən, məşhur
sirk artistlərinin ifasında maraqlı, rəngarəng proqram
tərtib etmişik. 40-a yaxın artist heyətinin
yer aldığı proqram, düşünürəm ki,
tamaşaçıların böyük marağına səbəb
olacaq. Rusiya sirklərinin, əsasən də
Böyük Moskva Sirkinin nömrələrindən
yığılan proqrama attraksionlar - kəndirbaz
ayıların çıxışı, Rusiyanın Əməkdar
artisti Ayrat Vildanovun yeni təqdimatda «Hind nağılı»
adlı meymunlarla nömrəsi və s. daxildir. Hava
nömrələri, jonqlyorların, klounların əyləncəli
çıxışları proqrama rəng qatacaq. Bu proqram təxminən 1 aya yaxın Bakıda olacaq.
Bəzi günlər 1-2, məktəblilərin
payız tətili günlərində isə hər gün 3
tamaşa nümayiş olunacaq. Ümumiyyətlə,
Bakı Dövlət Sirki mövsümi fəaliyyət
göstərdiyindən burada hər mövsümdə 3 proqram
təqdim olunur. Bunlar oktyabr-noyabr,
dekabr-yanvar aylarına təsadüf edən proqramlar və
mart-aprel aylarını əhatə edən yaz
proqramıdır.
Proqramların hər
birini tam fərqli tərtib edirik. Hər
üç proqramda xarici, əsasən də Rusiyadan dəvət
olunan sirk kollektivləri yer alır.
-
Proqramlarınızda Rusiya sirk artistlərinə geniş yer
verilməsi nə ilə bağlıdır?
- Biz bir çox ölkələrdən
sirk proqramlarını dəvət edirik. «İntersirk»
adı altında iki proqramımız olub. Proqramda Rusiya,
Polşa, Belarus, Almaniya, İtaliya, Keniya - ümumilikdə 11
ölkədən sirk ustaları vardı. Bundan
başqa, Çindən məşhur Şanxay sirkinin təxminən
40 nəfərlik artist heyətinin böyük proqramla
çıxışını təmin etmişik. Bilirsiniz ki, çinlilərin sirk fəlsəfəsi
fərqli, yanaşmaları daha mürəkkəbdir. Çinin qədim və zəngin sirk məktəbi
var. Amma onların tamaşasına əlavələr etməli
olduq. Səbəb isə təbii ki,
tamaşaçıların adət etmədiyi forma idi. Belə ki, Çin sirkində heyvanlarla nömrələr
demək olar ki, yoxdur. Onların sirk fəlsəfəsinə
görə, hər bir element insan üzərində qurulur.
Hətta heyvanlarla bağlı nömrələri,
onların sirklərinə xas qədim «Qızıl şir» əfsanəsində
də şirlə nömrəni o qiyafəyə
bürünmüş insanlar icra edirlər. Odur ki, biz həmin proqrama Rusiyadan dəvət
olunmuş klounları və heyvanlarla bağlı sirk nömrələrini
əlavə etməli olduq.
- Yəqin Rusiya sirkinə
maraq həm də oxşar məktəb, sirk ənənələri
ilə bağlıdır?
- Təbii. Bundan başqa, unutmaq
olmaz ki, Rusiya dünyada ən böyük sirk ölkəsidir,
bu ölkədə 80-dən artıq sirk kollektivi, 47 sirk
binası var. Başqa bir məqam isə sirklərin vahid mərkəzdən
idarə olunmasıdır, bütün kollektivlər Rusiya
Dövlət Sirk Kompaniyasında cəmləşib. Bunun nəticəsidir ki, orada sirkin bütün
janrlarında nömrələr var və onlar mütəmadi
yenilənir. Deməli, seçim etmək
imkanı da genişdir. Bizim də Rusiya
sirklərinə müraciətimizin kökündə bu
nüans durur.
- Bəs proqram tərtib olunarkən
hansı məqam üstünlük təşkil edir və
seçim necə aparılır?
- Bizim tamaşaçılar
arasında hər nəslin nümayəndələri var. Ona
görə də biz seçim edərkən onların hər
birinin istək və arzularını nəzərə
alırıq. Bu məqsədlə sirkin müxtəlif
janrlarından ibarət proqram tərtib etməyə
çalışırıq ki,
tamaşaçılarımız burada keçirdikləri 2-3
saat ərzində darıxmasınlar. Özü
də bu zaman nömrələrin də
ardıcıllığını diqqət mərkəzində
saxlayırıq. Onu da qeyd edim ki, bizim
tamaşaçılar çox diqqətli, zövqlü və
tələbkardırlar. Onlar hər
nömrədə rəngarənglik görmək istəyirlər.
Ona görə də eyni janrdan olan nömrələri
də elə seçirik ki, onlar tamamilə fərqli
üslubda olurlar. Məsələn,
heç də hər dəfə şir və meymunların
nömrələrini gətirə bilmərik. Ümumilikdə proqramın bədii keyfiyyəti nə
qədər yüksək olsa, tamaşaçı da bir o qədər
razı gedər. Hansı ölkədən
gəlməsindən asılı olmayaraq, əsas məqsədimiz
tamaşaçı üçün maraqlı, eyni zamanda yeni
olan sirk nömrələrini təqdim etməkdir.
- Müxtəlif ölkələrdə
çalışan azərbaycanlı sirk ustaları ilə əlaqələriniz
varmı? Onların iştirakı ilə milli
proqram tərtib etmək kimi bir təşəbbüs olubmu?
- Dünyada məşhur sirk artistləri
arasında adını fəxrlə çəkdiyimiz həmvətənlərimiz
var. Onlardan Azərbaycanın Xalq artisti Tofiq Axundov, Rusiyanın
əməkdar artistləri təlimçilər Murad Abdullayev,
Allahverdi İsrafilov, Rafiq Əliyev, Rauf Rəsulov, Elçin
Şirinov, Aslan Abdullayev, Bəxtiyar İbrahimov, Oruc Zalov, Araz
Həmzəyev və başqalarını qeyd etmək olar. Hamısı ilə yaxşı əlaqələrimiz
var. Son illər əməkdaşlıq daha da intensivləşib.
Sirkə rəhbərliyə
başladığım ilk vaxtdan bu məsələ diqqət
mərkəzimdə olub. 2003-cü ildə
mövsümün ilk proqramında müxtəlif ölkələrdə
çalışan Azərbaycan sirk ustalarının təqdimatında
bir neçə nömrə nümayiş olundu. Bundan sonra azərbaycanlı sirk ustalarının
iştirakı ilə «Biz Bakıdanıq» adlı maraqlı
bir proqram hazırladıq. 2007-ci ildə
sirk binasının istifadəyə verilməsinin 40 illiyinə
təsadüf edən proqram tamaşaçılar tərəfindən
böyük maraqla qarşılandı.
- Adlarını çəkdiyiniz
həmyerlilərimizin iştirakı ilə daimi bir proqram
hazırlayıb Bakı Dövlət Sirkinin truppası kimi təqdim
etmək mümkündürmü?
- Qeyd etdiyim kimi, həmin artistlərlə
daimi əlaqələrimiz var. Amma sizin dediyiniz məsələ,
yəni onları daimi bir yerdə saxlamaq mümkün deyil. Çünki sirk artisti ömrü boyu 1, maksimum 2
nömrə hazırlaya bilir və bununla daim bir yerdə necə
işləyə bilər? Bu nə artistin
özü, nə də onun tamaşaçısı
üçün maraqlı olar. Ümumilikdə
sirk artistinə, onun fəaliyyətinə xas cəhət daim
səfərlərdə olmasıdır.
- Bayaq haqqında
danışdığımız Rusiyada sirk ustaları
hazırlayan məktəb var. Sizcə, bizdə də belə
bir məktəb, yaxud ali məktəblərdən
birində fakültə yaradıla bilərmi?
- Məktəbin olması
yaxşıdır. Amma unutmaq olmaz ki, sirk artistləri
elə sirkdə yetişir. Çünki
sirk ağır, zəhmətli və sevgi, səbir istəyən
sənətdir. Onu da məktəbdə
yox, sirkdə, manejdə hiss edirsən. Azərbaycanda
sirk məktəbinə gəlincə, bu barədə də
müəyyən arzularımız var. İnşallah sirk
binası təmir olunduqdan sonra peşəkar artistlərimizin
iştirakı ilə studiyalar yaratmağı
düşünürük. Digər tərəfdən,
məktəb olmasa belə, proses onsuz da gedir və yeni sirk
artistləri nəsli yetişir.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 7.