Bakı
Turizm Peşə Məktəbinə maraq böyükdür
İkram Məmmədov:
“Bütün ixtisaslar
üzrə qəbul planımız dolub”
Məlum olduğu
kimi, 2011-ci ilin dekabr ayından paytaxtımızdakı 11
saylı Peşə Liseyi Bakı Turizm Peşə Məktəbi kimi
fəaliyyət göstərməyə başlayıb.
Azərbaycan Turizm İnstitutunun nəzdində təşkil olunan tədris ocağı turizm agenti, aşpaz, barmen-bufetçi, ofisiant, milli park bələdçisi, mehmanxana inzibatçısı, dağ-xizək turizm növü üzrə bələdçi, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadr hazırlayır. Bu il məktəb ilk şagird qəbulunu həyata keçirib. Tədris olunan yeni ixtisaslar, şagirdlərin turizm ixtisaslarına marağı və s. məsələlərlə bağlı məktəbin direktoru İkram Məmmədovla söhbət etdik.
Direktor qeyd etdi ki, Bakı Turizm Peşə Məktəbi bu ilin fevralında turizm agenti, aşpaz-qənnadıçı və mühasib ixtisasları üzrə ilk qəbulu həyata keçirib. Bu üç qrupun şagirdləri təhsillərini davam etdirirlər: “Sentyabrda isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə 11 ixtisas üzrə qəbul planı verildi. 200 nəfəri dövlət sifarişi, 200 nəfəri isə ödənişli əsaslarla olmaqla, 400 nəfər plan yerimiz vardı. Aşpaz, qənnadıçı, mühasib-əməliyyatçı, qadın və kişi bərbərləri ixtisasları ödənişlidir. Qalan ixtisaslar dövlət sifarişlidir. Bu ixtisaslarda oxuyanlar 33 manat məbləğində təqaüd də alır”.
Bütün ixtisaslar üzrə qəbul planının dolduğunu deyən direktor bildirdi ki, qəbul zamanı ödənişli və ödənişsiz olmasından asılı olmayaraq, bütün ixtisaslara eyni maraq özünü göstərib: “400 plan yerinə qarşı 448 nəfər iş vermişdi. Sentyabrın 12-də Azərbaycan Turizm İnstitutu və peşə məktəbinin mütəxəssislərindən ibarət komissiya tərəfindən test əsasında imtahan keçirildi”.
Direktorun sözlərinə görə, məktəbə olan bu marağın əsasında keyfiyyətli tədris və təhsil müəssisəsindəki yüksək nizam-intizam dayanır. Məktəbdə dərsə davamiyyət məsələsində də ciddi qaydalar var, heç kimə güzəşt olunmur: “Bundan başqa, bütün şagirdlərimizi öz ixtisaslarına müvafiq olaraq müxtəlif müəssisələrə təcrübə keçməyə göndəririk. Əgər keçdiyimiz ixtisası lazımi səviyyədə uşaqlara mənimsədə bilməsək, növbəti ildə heç kim burada oxumaz”.
“Turizm İnstitutu ilə birgə fəaliyyətdən
məmnunuq”
Bakı Turizm Peşə Məktəbinin binasında eyni zamanda Azərbaycan Turizm İnstitutunun 2-ci korpusu yerləşir. İnstitutun 200 tələbəsi burada (2-ci və 3-cü mərtəbələrdə) dərs keçir. İkram Məmmədov Turizm İnstitutu ilə birgə fəaliyyət göstərməklərindən məmnun olduqlarını xüsusi qeyd etdi. Bildirdi ki, ATİ-nin rəhbərliyi onlara lazım olan hər cür dəstəyi göstərir. İnstitutun məzunları da peşə məktəbində çalışır. Bu il ATİ-ni bitirən 5 nəfər istehsalat ustası kimi məktəbdə işə başlayıb. Məktəbin turizm ixtisasları üzrə tədris planı da ATİ-nin Elmi Şurasının üzvləri ilə birlikdə hazırlanır.
Bakı Turizm Peşə Məktəbində şagirdlərə öyrədilən ixtisaslar arasında bizim üçün nisbətən yeni olan ixtisaslar da var. Onlardan biri də dağ-xizək turizm bələdçisidir. Direktor bildirdi ki, bu ixtisas üzrə Qusar rayonunda inşa edilən Şahdağ Yay-Qış Turizm Kompleksi üçün kadrlar hazırlanır: «Dağ-xizək turizm bələdçisi qrupunda 20 nəfər təhsil alır. Onlar da, digər qruplar kimi, nəzəri dərslər keçirlər. Yanvar ayından isə dərslərini praktiki olaraq Qusar rayonunda davam etdirəcəklər. Türkiyədən dəvət edilmiş mütəxəssislər onlara bu peşənin sirlərini öyrədəcək. Nəzəri dərsləri isə müqavilə əsasında tanınmış bələdçi Oqtay Rzayev aparır. O, eyni zamanda həftədə bir dəfə ixtisas üçün münasib yerdə təcrübə də keçəcək. Bu məqsədlə dağ-xizək turizm bələdçisi qrupunda təhsil alan şagirdləri həftə sonları Azərbaycanın dağlıq rayonlarına göndərməyi nəzərdə tuturuq».
Bir maraqlı məqamı da qeyd edək ki, bu ixtisas üzrə təhsil alan şagirdlər təcrübə keçdikləri zaman lazım olan əyani vəsaitlər, məsələn, xizək, ayaqqabı, geyim və s. də məktəb tərəfindən alınacaq.
Gələn il
ödənişli ixtisaslar üzrə
qrupların sayı artırılacaq
Təkcə dağ-xizək turizm bələdçisi ixtisasını öyrənənlər deyil, məktəbdə tədris olunan ixtisasların hər biri üzrə nəzəri dərslər başa çatdıqdan sonra şagirdlər öz sahəsinə uyğun müxtəlif müəssisələrdə təcrübə keçəcəklər. Bunu isə Turizm Peşə Məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini Camalətdin Axundov dedi. Onun sözlərinə görə, ekoloji turizm bələdçisi, milli park bələdçisi ixtisasları üzrə artıq Bulvar İdarəsi ilə müqavilə imzalanıb. Mehmanxana inzibatçısı ixtisasında təhsil alan şagirdlər təcrübə keçmək üçün «Jumeirah Bilgah Beach Hotel»ə gedəcəklər. Turagent qrupunun şagirdləri isə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun köməyi ilə müxtəlif turizm şirkətlərində təcrübə keçəcəklər.
C.Axundov qeyd etdi ki, Bakı Turizm Peşə Məktəbində ixtisaslar təcrübəli mütəxəssislər tərəfindən aparıldığından, gənclərin burada təhsilə marağı da böyükdür: «Məsələn, mühasib-əməliyyatçı ixtisası üzrə o qədər keyfiyyətli dərs keçilir ki, ödənişli olmasına baxmayaraq, həmin ixtisas üzrə bu il 4 qrup yığmışıq. Hətta plan yeri çox olsa, daha bir neçə qrup yığmaq imkanımız vardı. Növbəti il ödənişli ixtisaslar üzrə qruplarımızın sayını artırmağı da nəzərdə tuturuq».
Bakı Turizm
Peşə Məktəbinin Qusarda
filialı açılacaq
Turizm Peşə Məktəbində tədris olunan ixtisaslardan biri də kimyəvi təmizləmə ixtisasıdır. Direktor müavini C.Axundov bildirdi ki, hotellərdə bu peşə sahiblərinə böyük tələbat olur. Xüsusilə 4 və 5 ulduzlu hotellərdə bununla bağlı şöbə fəaliyyət göstərir. Hotelin qonaqları, ehtiyac olduqda, paltarların kimyəvi təmizlənməsi üçün ora müraciət edirlər.
Söhbətimizin sonunda direktor İkram Məmmədov maraqlı bir məlumatı da diqqətimizə çatdırdı. Yaxın vaxtlarda Bakı Turizm Peşə Məktəbinin Qusarda filialı açılacaq. Bununla bağlı bəzi işlər artıq görülüb. Filial lazımi avadanlıq və əyani vəsaitlərlə təmin olunacaq. Burada ölkəmizin Şimal rayonlarından şagirdlərin peşə ixtisasına yiyələnmələri nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 6.