Xurşidbanu Natəvanın yubileyi qeyd olundu

 

   Oktyabrın 11-də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Şuşa Rayon İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə görkəmli şairə, Qarabağın əsilzadə nəslindən olan xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyi münasibətilə tədbir keçirildi.

  

   Tədbirdə çıxış edən “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov şairənin yaradıcılığından söhbət açdı. “Məclisi-üns” ədəbi-bədii məclisinin yaradılmasının onun adı ilə bağlı olduğunu bildirdi. Natəvanın şairliklə yanaşı, rəssamlığa, musiqiyə olan marağından danışdı, vaxtilə Şuşada ilk musiqi dərslərinin də onun evində keçirildiyini dedi.

   Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı” mövzusunda çıxış etdi. Şairənin şəxsi həyatındakı kədərli məqamları, onun ailəsinə olan münasibətindən ətraflı məlumat verdi.

   Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, filologiya üzrə elmlər doktorları Ramil Əliyev və Əlizadə Ələsgərli şairin həyat və yaradıcılığından, onun Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, Natəvan şeirinin poetikasından, ölkəmizin, o cümlədən Şuşanın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs etdilər.

   Tədbir iştirakçıları görkəmli ədibin yubileyinin ölkə miqyasında geniş qeyd olunması ilə bağlı dövlət başçısı İlham Əliyevin 2012-ci il 3 aprel tarixli sərəncamının əhəmiyyətini yüksək qiymətləndirdilər.

   Tədbir musiqi nömrələri ilə davam etdi. “Qərənfil”, “Neyçün gəlməz”, “Segah təsnifi” ifa olundu.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 12 oktyabr.- S. 4.