Beynəlxalq
kino bayramı başa
çatdı
I Bakı Beynəlxalq İdman Filmləri festivalının qalibləri
elan olundu
Oktyabrın
11-də “Nizami” Kino Mərkəzində
Mədəniyyət və
Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı
ilə keçirilən
I Bakı Beynəlxalq
İdman Filmləri Festivalına yekun vuruldu, qaliblərə mükafatlar təqdim olundu. Qeyd edək ki, üç
gün davam edən festivalda 20-dək ölkədən 50-dən çox
bədii və sənədli film iştirak
edirdi.
Mərasimdə
«İdman və cəmiyyət» və «İdman və şəxsiyyət» nominasiyalarında
mükafatların qalibləri,
münsiflər heyətinin
xüsusi prizi və baş mükafatın - “Qran pri”nin sahibi
elan olundu. Qaliblərə, diplom və
xüsusi prizlərdən
əlavə, pul mükafatları təqdim
olundu.
İlk olaraq «Jürinin xüsusi mükafatı»nı təqdim etmək üçün festivalın beynəlxalq münsiflər heyətinin
rəhbəri, Serbiya Kinematoqrafçılar İttifaqının
sədri Yovan Markoviç səhnəyə
dəvət olundu. Mükafata Rusiya rejissoru Yevgeni Yaşinin «Burada və indi» filmi layiq
görüldü.
«İdman
və cəmiyyət»
nominasiyasında 3-cü yerin
sahibini stend atıcılığı üzrə
Olimpiya çempionumuz
Zemfira Meftəhəddinova
elan etdi. Mükafat Türkiyəli prodüser
Can Saraçoğluna təqdim
olundu. Bu nominasiyada 2-ci yeri rusiyalı Dmitri Lavriyenkonun
«Zenit. Kazan. Zirvəyə gedən yol» filmi qazandı. “İdman və cəmiyyət» nominasiyasının
birinci mükafatına
isə Azərbaycan rejissoru Arzu Urşanın «Top həm qalxar, həm düşər» filmi layiq görüldü. Rejissora mükafatı Beynəlxalq
İdman Kinosu və Televiziyası Federasiyasının prezidenti
Franko Askani təqdim etdi.
«İdman
və şəxsiyyət»
nominasiyasında 3-cü yer
Rusiya təmsilçisi
Nikolay Maletskinin “Yelena
Kalinina. At belində” filminə verildi. İkinci yerin qalibini
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
sədri, Xalq artisti Şəfiqə Məmmədova elan etdi. Mükafat Aleksandr Aleksandrovun
«İnsan İvan Yarıgin» filminə verildi.
“İdman
və şəxsiyyət”
nominasiyasında 1-ci yeri
Rusiyanı təmsil edən “Vladislav Tertyak. Maskasız qapıçı” filmi qazandı. Ssenari müəllifi Sergey Şaçinə
mükafatı Azərbaycan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə
təqdim etdi.
Nəhayət,
festivalın baş mükafatının - “Qran-pri”nin qalibini elan etmək üçün mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev səhnəyə dəvət olundu. Baş mükafata Serbiyanı təmsil edən Qordon Matiçin «Oyundan da böyük»
filmi layiq görüldü.
Mərasimin sonunda mədəniyyət
və turizm naziri festival iştirakçılarına
təşəkkür edərək
bu təşəbbüsü
irəli sürən insanlara minnətdarlığını
bildirdi. Dünyada idman
filmləri sahəsində
15-dək festival keçirildiyini deyən nazir artıq Bakı festivalının da bu sırada yer aldığını vurğuladı.
Aliyə
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 2.