Gənc aşıqların ümumrespublika müsabiqəsinə yekun vurulub

 

   Oktyabrın 11-də Ağstafa şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc aşıqların Aşıq Şəmşir adına VI ümumrespublika müsabiqəsinə yekun vurulub.

  

    Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev mərasim iştirakçılarını rayon rəhbərliyi adından təbrik edərək belə bir tədbirin aşıq, söz və sənət məkanı olan Ağstafada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafındakı müstəsna xidmətləri vurğulanıb, belə bir tədbirin Ağstafa rayonunda keçirilməsinə şərait yaratdığına görə rayon əhalisi adından ölkə rəhbərliyinə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub.

   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli qeyd edib ki, gənc aşıqların VI ümumrespublika müsabiqəsinin Ağstafada keçirilməsi bu diyarın aşıq sənətinə bağlılığı ilə əlaqədardır. O, bildirib ki, müsabiqədə 20-yə yaxın rayondan 12-25 yaş arasında olan gənc aşıqlar iştirak ediblər. Müsabiqənin məqsədi milli-mədəni dəyərlərimizin qorunub saxlanılması və gənc istedadların üzə çıxarılmasıdır.

   Münsiflər heyətinin üzvü, folklorşünas Elxan Məmmədov son vaxtlar respublikamızda aşıq sənətinə yüksək qiymət verildiyini məmnunluqla qeyd edib.

   Çıxışlardan sonra müsabiqənin nəticələri elan olunub. Müsabiqənin qalibi adını Goranboy rayonundan olan gənc aşıq Yolçu Salmanlı qazanıb. Kəlbəcərli gənc aşıq Şamo Abdullayev ikinci, Qazax rayonundan Elmar Rəhimov isə üçüncü yerə layiq görülüb. Elçin Rəhimli (Ağstafa) və Sahib Qurbanov (Şuşa) müsabiqənin laureatları olublar. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomu və pul mükafatı təqdim edilib. Qaliblərin iştirakı ilə təqdim olunan konsert proqramı tədbir iştirakçılarına xoş təsir bağışlayıb.

 

 

  Mədəniyyət.- 2012.- 12 oktyabr.- S. 2.