Azərbaycan Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı hesabat verdi
Rusiya, Ukrayna, Belarus,
Qazaxıstan, Qırğızıstan və digər ölkə
nümayəndələrinin iştirak
etdikləri Mədəniyyət İşçiləri
Müstəqil Həmkarlar İttifaqının XVII Respublika Konfransı açıq elan edildikdən sonra Azərbaycan
Respublikasının dövlət himni səsləndi. MİMHİ-nin sədri Cəmilə Səttarova
çıxış edərək komitənin 2005-2012-ci illər
ərzində gördüyü işlərdən
söz açdı, fəaliyyətinin əsas
istiqamətləri haqqında məlumat verdi.
Ötən illər ərzində "MİMHİ-nin
2005-2010-cu illər üzrə fəaliyyətinin əsas
istiqamətləri" proqram sənədinin
icrası istiqamətində MİMHİ Respublika
Komitəsi, onun Rəyasət heyəti,
şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən
bir çox işlərin
həyata keçirildiyini bildirdi.
MİMHİ-nin
sədri C. Səttarova hesabat müddətində təsdiq
edilmiş İş Planına əsasən, Respublika Komitəsində
təşkilati işlərin gücləndirilməsi, əməyin
mühafizəsi, işçilərin
sağlamlığının qorunması, onların əmək
və sosial-iqtisadi mənafelərinin müdafiəsi, maliyyə
işlərinin təşkili, əmək qanunvericiliyinə
düzgün riayət olunması, sahə sazişlərinin və
kollektiv müqavilələrin bağlanması və icrası
vəziyyəti məsələlərinin müzakirə
olunaraq, müvafiq qərarlar qəbul edilməsini diqqətə
çatdırdı. "Keçirilən müşavirə,
yığıncaq, tədbir və görüşlərdə
Əsas İnkişaf Planında nəzərdə tutulmuş
müddəaların icrasını təmin edən məsələlərə
xüsusi önəm verilmişdir. Əlamətdar günlərdə
MİMHİ-nin nümayəndələri tərəfindən
respublikanın müxtəlif şəhər və
rayonlarında seminarlar keçirilmiş, qaçqın və
məcburi köçkün ailələri ilə
görüşlər təşkil edilmiş, onlara müxtəlif
hədiyyələr, ərzaq və maddi yardımlar
verilmişdir. Rayonlarda komissiyalar görülən işlər
barədə "Dəyirmi masalar" keçirmişlər.
Hər ay hansısa bir rayonda, təşkilatda, yaxud cəbhə
bölgəsində görüşlər təşkil
olunmuş, seminarlar aparılmış, müsabiqələrə
yekun vurulmuşdur. Ayrı-ayrı vaxtlarda MİMHİ
Respublika Komitəsinin sədri və mütəxəssisləri
digər ölkələrin həmkarlar ittifaqları
orqanları ilə sazişlər bağlanmasında, ikitərəfli
əlaqələrin genişləndirilməsində fəallıq
göstərmiş, beynəlxalq tədbirlərdə Azərbaycanı
ləyaqətlə təmsil etmişlər". O,
bütün uğurlarda AHİK sədri Səttar
Mehbalıyevin danılmaz rolunu xüsusi vurğuladı. Milli Məclisdə
qanun qəbul ediləndə onun həmkarlar təşkilatlarının
mənafeyi naminə müstəsna işlərini yüksək
dəyərləndirdi.
Qeyd
edildi ki, MİMHİ-nin XVII Respublika Konfransı AHİK-in
"Vətəndaş cəmiyyəti sistemində inkişaf
konsepsiyası"nı rəhbər tutaraq, 2013-2017-ci illər
üzrə fəaliyyətinin Əsas İstiqamətlərini
belə müəyyənləşdirmişdir: Təşkilati
və Nizamnamə fəaliyyətinin gücləndirilməsi;
İttifaqın fəaliyyətinin müasirləşdirilməsi;
Sosial dialoqun inkişaf etdirilməsi; İttifaq üzvlərinin
sosial-iqtisadi mənafelərinin müdafiəsi; İttifaq
üzvlərinin hüquqlarının müdafiəsi; Əməyin
təhlükəsizliyi və sağlamlığın
mühafizəsi; İşləyən qadınlar və gənclər
arasında işin təşkili; Maliyyə-təsərrüfat
fəaliyyətinin təkmilləşdirilməsi; Beynəlxalq
əlaqələrin möhkəmlənməsi.
Bildirildi
ki, Təşkilati və Nizamnamə fəaliyyətinin
gücləndirilməsi istiqamətinin məqsədi
işçilərin Həmkarlar İttifaqına üzv olmaqla
maraqlarını artırmaq, ittifaqdaxili intizamı möhkəmləndirib,
onun nüfuzunu daha da gücləndirmək, ittifaqın fəaliyyətinin
səmərəsini artırmaq və ona yeni üzvlər cəlb
etməkdirsə, İttifaqın fəaliyyətinin müasirləşdirilməsi
istiqamətinin məqsədi Hİ kadrlarının və fəallarının
bilik səviyyələrinin keyfiyyətini artırmaq,
qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə
yerinə yetirilməsi üçün mövcud reallıqlara
uyğun olaraq, onlarda yeni səriştə və müasir
elektron və informasiya texnologiyalarına yiyələnmə
bacarıqlarını formalaşdırmaqdır. Özündə
inkişaf etməkdə olan vətəndaş cəmiyyətində
sosial-dialoqun təsisatlarından olan kollektiv
danışıqlar vasitəsilə işçilərin əmək
və sosial hüquqlarının müdafiəsi,
işçilərin əmək haqlarının
artırılması, ittifaq üzvlərinin həyat səviyyəsinin
yaxşılaşdırılması, ittifaq üzvlərinin
hüquqlarının müdafiəsi işinin daha yüksək
səviyyəyə qaldırılması üçün bir
sıra kompleks tədbirlərin həyata keçirilməsi,
xidmət sahələrində bədbəxt hadisələrə
yol verməmək, əməyin texniki təhlükəsizliyi
normalarına riayət olunmasına ictimai nəzarətin
gücləndirilməsi, işçilərin
sağlamlığının mühafizəsi işinin keyfiyyətcə
yeni mərhələyə qaldırılması Əsas
İstiqamətləri təşkil edir. Konsepsiyada növbəti
beşillik üçün işləyən qadınların
hüquq bərabərliyinin təmin edilməsi, əmək
qanunvericiliyində nəzərdə tutulmuş sosial təminatlara
riayət edilməsi, əmək şəraitinin və iş
yerlərinin yaxşılaşdırılmasına nail olmaq,
işləyən və təhsil alan gənclərin Hİ-yə
cəlb olunmalarının maksimum həddə
çatdırılması, ittifaqın maliyyə və maddi
bazasının möhkəmləndirilməsi, həmkarlar
ittifaqı təşkilatları tərəfindən maliyyə
intizamına dair Nizamnamə tələblərinin yerinə
yetirilməsi, həmçinin beynəlmiləlçilik ənənələrinə
sadiq qalaraq ittifaq üzvlərinin mənafelərinin,
sülhün və demokratiyanın müdafiə edilməsi,
ümumdünya həmkarlar ittifaqları hərəkatına
inteqrasiya edib, əməkdaşlığın və təcrübə
mübadiləsinin daha da genişləndirilməsi istiqamətləri
müəyyən edilmişdir.
MİMHİ-nin
Gəncə Şəhər Komitəsinin sədri Sahib Axundov,
Sabirabad Rayon Komitəsinin sədri Telman Əzimov, Yevlax Şəhər
Komitəsinin sədri Zöhrə Adıgözəlova və
digərləri çıxışlarında ötən
dövrdə MİMHİ-nin işini qənaətbəxş
hesab etdiklərini bildirərək ittifaqın ötən
beş ildə gördüyü işləri dəyərləndirdilər
və növbəti illər üçün uğurlar
arzuladılar, eyni zamanda, C. Səttarovanı yenidən sədr
görmək istəklərini təklif etdilər. Azərbaycan
Respublikasının gənclər və idman naziri Azad Rəhimovun
təbrik məktubunu nazir müavini İsmayıl
İsmayılov səsləndirdi. Konfransda həmçinin
MİMHİ-nin adının nizamnaməyə uyğun dəyişdirilərək
bundan sonra MİHİ adlandırılması qərara
alındı.
AHİK-in sədri Səttar Mehbalıyev yekun nitqində MİHİ-nin Azərbaycanda siyasi, iqtisadi və sosial baxımdan inkişaf etmiş demokratik cəmiyyətin yaradılması uğrunda çıxış edən bir qurum olduğunu qeyd etdi. Bildirdi ki, dünya dövlətlərini böhran bürüdüyü, işsizlər ordusunun gündən-günə artdığı bir dövrdə Azərbaycanda yeni iş yerlərinin, əmək haqlarının, pensiyaların artması ölkəmizin uğurlu, dinamik inkişafından xəbər verir. Dövlət Proqramları icra olunur, bölgələrdə yeni iş yerləri açılır. Bunlar həm yoxsulluğu, həm işsizliyi azaldır, həm də paytaxta axını aradan qaldırır. İtaliyada işsizliyin 20, Azərbaycanda isə 5,3 faiz olduğunu qeyd edən sədr C. Səttarovanın aktiv fəliyyətini yüksək dəyərləndirdi və onun yenidən MİHİ-nin sədri seçilməsini təklif etdi. Sonra işləri yüksək dəyərləndirilən komitə işçiləri təltif edildilər.
Konfrans iştirakçıları tərəfindən Cəmilə Səttarova yekdilliklə MİHİ-nin sədri seçildi. Sonda konfrans iştirakçıları əl-ələ verib xorla "Azad həmkarlarıq, haqq-ədalətin keşiyində biz varıq"-deyə Həmkarlar İttifaqının himnini birlikdə oxudular.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 13 oktyabr.- S. 6.