Aviasiya işçilərinin mənafeyi daim diqqət mərkəzindədir

 

Oktyabrın 12-də "Şeraton" beşulduzlu otelinin akt zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XXIV konfransı keçirilmişdir.

 

Konfransda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının, "Silk Way" Holdinq Məhdud Məsuliyyətli Cəmiyyətinin, bir çox müəssisə, idarə və təşkilatların rəhbərləri, sahə respublika komitələrinin sədrləri və nümayəndələri iştirak edirdi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra tədbirə dəvət olunmuş xarici qonaqlar təqdim edildi.

Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Aleksandr Qridin (fəxri sədr kimi), Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Yuri Yerşov, Ümumrusiya Aviasiya İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədr müavini Valeri Seletrinnikov, Özbəkistan, Ukrayna, Belarus, Latviya, Tacikistan, Qırğızıstan Aviasiya İşçiləri Həmkarlar İttifaqının MK, FederasiyaRespublika Komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti konfransda iştirak edirdi.

Konfransı giriş sözü ilə açan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun adından konfrans nümayəndələrini, iştirakçıları, qonaqları salamladı. Çıxış edən xarici qonaqlar konfransın işinə uğur arzuladılar, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xatirə hədiyyələri təqdim etdilər.

Bəkir Yusifovun hesabat məruzəsi maraqla dinlənildi. O, Azərbaycanda mülki aviasiyanın inkişafından, bu sahə üzrə fəaliyyət göstərən həmkarlar təşkilatlarının aviasiyanın inkişafına verdiyi töhfələrdən, Azərbaycan Mülki Aviasiya sistemində həyata keçirilən islahatlar və əldə olunan uğurlardan söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunan Respublika Mülki Aviasiyasının 11 inkişaf Proqramına əsasən, 2004-cü ildən başlayaraq "Azərbaycan Hava Yolları" QSC intensiv olaraq aviaparkın genişləndirilməsini davam etdirir. Şirkət sayca ikinci olan "Boeing-767-300 ER" tipli hava gəmisini qəbul edibbununla da "Azal"ın sərnişin təyyarələrinin sayı 22-yə çatdırılıb. Son illər ölkəmizdə bir neçə hava limanı istifadəyə verilib, Lənkəran və Zaqataladan sonra Qəbələdə də hava limanı fəaliyyətə başlayıb. "Azal" uçuş coğrafiyasını daha da genişləndirib.

Məruzəçi bildirdi ki, aviasiya işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəlməsi və şəraitinin yaxşılaşdırılması, iqtisadi mənafelərinin və əmək hüquqlarının qorunması, sosial güzəştlər sisteminin təkmilləşdirilməsi Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" QSC və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2010-2012-ci illər üçün bağlanmış Sahə Kollektiv Sazişində geniş əksini tapmışdır. Belə ki, Sahə Kollektiv Sazişinin "Sosial güzəştlər və zəmanətlər" bölməsinə 20 bənd aid edilmişdir. Bölmədə işəgötürənin üzərinə böyük maliyyə məbləği tələb edən öhdəliklər qoyulmuşdur.

Təkcə bu ilin 9 ayı ərzində aviasiya işçilərinə sanator-kurort müalicə ocaqlarına və istirahət evlərinə 367 ədəd yollayış verilmişdir. Onu da qeyd edim ki, bütün yollayışların 15 faizi sahə üzrə tarif sazişinə uyğun olaraq işəgötürən tərəfindən ödənilir. Respublika Komitəsi daxili imkanları hesabına işçilər və onların ailə üzvlərinin qısamüddətli istirahətini də təşkil edib. Yay mövsümü ərzində həmkarlar ittifaqı komitələri Heydər Əliyev Beynəlxalq Aeroportunun 430, "Azal oil" Yanacaq-Sürtkü Materialları İdarəsinin 35, Aviasiya Təhlükəsizlik İdarəsinin 284, "Uçuşların istehsalı" İdarəsinin 364, "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin 195 nəfər işçisinin İsmayıllı, Quba, Qəbələ, Masallı rayonlarında və Nabranda yerləşən istirahət mərkəzlərində istirahətinə şərait yaradıb.

Respublika Komitəsi işçilərin sağlamlığına, istirahətinə önəm verdiyi kimi, onların uşaqlarının da yay mövsümündə istirahət günlərinin təşkilinə xüsusi diqqət yetirmişdir. Respublika uşaq istirahət və sağlamlıq mərkəzinin "Cantek" Azərbaycan MMC istirahət mərkəzində aviasiyada çalışan işçilərin 166 uşağı üçün həmkarlar komitəsinin hesabına istirahət təşkil edilmişdir.

Təftiş komissiyasının hesabatı dinlənildikdən sonra konfransın gündəliyində duran məsələlər üzrə müzakirələr keçirildi.

Tədbirdə sahə həmkarlar hərəkatı birliyinin möhkəmləndirilməsinə göstərdiyi xidmətə, həmkarlar ittifaqı təşkilatlarının işində yaxından iştirak etməsinə görə 6 nəfər həmkarlar fəalı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanı, 2 nəfər döş nişanı, 11 nəfər isə ÜHİK-nin fəxri fərmanı ilə təltif olundu.

Konfransın sonunda Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin seçkisi keçirildi. Bəkir Yusifov səsvermə yolu ilə növbəti dəfə yekdilliklə sədr vəzifəsinə seçildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Bəkir Yusifova "Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi" gümüş medalını təqdim etdi. Çıxışında Azərbaycanın sosial-iqtisadi inkişafından, yeni yerlərinin açılması və yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən konkret faktlar əsasında bəhs edən S.Mehbalıyev həmkarlar ittifaqlarının qarşısında duran mühüm vəzifələri də nəzərə çatdırdı, sahə respublika komitəsinə gələcək fəaliyyətində yeni nailiyyətlər arzuladı.

Konfransın işində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti prezidentinin birinci müavini Sabir İlyasov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 13 oktyabr.- S. 6.