Prezident İlham ƏLİYEV:
Azərbaycan dünya miqyasında ən
sürətlə inkişaf edən ölkələrdən
biridir
Azərbaycanda həyata keçirilən
düzgün iqtisadi siyasətin müsbət nəticələri
getdikcə artır. Son illər qarşıya qoyulmuş
bütün vəzifələr lazımınca icra olunur,
ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam
etdirilir. Artıq keçid iqtisadiyyatı dövrünü
arxada qoymuş Azərbaycan Respublikası hədəf
seçdiyi məqsədlərə doğru inamla irəliləyir.
Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizdə son dərəcə möhkəm iqtisadi baza yaradılmış, bir sıra vacib investisiya layihələrinin gerçəkləşdirilməsi üçün əlverişli imkan yaradılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, bir neçə il bundan əvvəl investisiya cəlb edən Azərbaycan Respublikası artıq investisiya qoyan bir ölkəyə çevrilmişdir. Bu da heç şübhəsiz, ölkəmizin iqtisadi gücünün göstəricisidir.
Azərbaycanda iqtisadi inkişafın davamlı bir prosesə çevrilməsi artıq heç kəsdə şübhə doğurmur. Hətta hazırda dünyanın bir sıra nüfuzlu reytinq təşkilatları da ölkəmizdə gedən davamlı inkişaf prosesini birmənalı olaraq qəbul edir və bunu yüksək dəyərləndirirlər. Hətta bir neçə ay bundan əvvəl dünyanın ən mötəbər iqtisadi qurumlarından sayılan Davos İqtisadi Forumu də ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı hazırladığı növbəti reytinq cədvəlində Azərbaycanı dünya üzrə 46-cı, MDB məkanında isə 1-ci yerdə göstərmişdir. Bundan əlavə, hazırda dünya üzrə makroiqtisadi sabitliyə görə ölkəmiz 18-ci yerdədir. Məhz bu sabitliyin nəticəsidir ki, dövlət başçısı cənab İlham Əliyevin iqtisadi strategiyasının başlıca hədəfi olan ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsi öz müsbət həllini tapmaqdadır. Təkcə onu demək yetərlidir ki, bu ilin doqquz ayında Azərbaycanda qeyri-neft iqtisadiyyatı 10,3 faiz artmışdır ki, bu da dünya üzrə son dərəcə yüksək göstəricidir. Bununla belə, ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye istehsalında vəziyyət o qədər də ürəkaçan olmamışdır. Nazirlər Kabinetinin iclasında bununla bağlı dərin narahatlığını bildirən Prezident İlham Əliyev bu sahədə mövcud geriləmənin başlıca səbəbini son zamanlar ölkədə neft hasilatının bir qədər aşağı düşməsi ilə əlaqələndirdi. Dövlət başçısı "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkətinin öz üzərinə götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyini, müqavilə şərtlərini kobud şəkildə pozduğunu diqqətə çatdırararaq bu sahədə olan nöqsanların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırıq verildiyini bildirdi. Yeri gəlmişkən, bu ilin doqquz ayında Azərbaycanın qeyri-neft sənayesində 7,7 faiz artım baş vermişdir ki, bu da, heç şübhəsiz, dövlət başçısının ölkə iqtisadiyyatının şaxələndirilməsi, bütövlükdə ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması ilə bağlı həyata keçirdiyi islahatların məntiqi nəticəsidir.
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin Azərbaycanın son zamanlar əldə etdiyi uğurlardan geniş bəhs etməsi bir daha sübut etdi ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir, nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra olunur. Cənab Prezidentin qeyd etdiyi kimi, cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuş, bunun da təqribən 70 faizi daxili investisiyalardır. Bu bir daha onu göstərir ki, ölkəmizin investisiya imkanları ildən-ilə artır. Sevindirici haldır ki, hazırda ölkəmizin ümumi valyuta ehtiyatlarının həcmi 45 milyard dollara çatmışdır. Yeri gəlmişkən, ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycanı üzləşdiyi iqtisadi böhrandan çıxarmağa nail olmuş ümummilli liderimiz Heydər Əliyev ölkəmizin bazar iqtisadiyyatı yolunu seçməsini və bu yolla inamla irəliləyəcəyini bəyan etmişdi. Hazırda ölkənin ümumi iqtisadi artımının 83 faizinin özəl sektorda formalaşması isə, heç şübhəsiz, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasının təzahürüdür.
Hökumətin iclasında möhtərəm Prezidentimiz əldə olunmuş uğurlarla yanaşı, ilin sonunadək qarşıda duran bir sıra həlli vacib məsələlərə də toxundu. Bu barədə proqram xarakterli yekun nitqində geniş danışan dövlətimizin başçısı ölkə iqtisadiyyatının inkişafı üçün əsas rolunu oynayan Dövlət İnvestisiya Proqramının icrasının ilin sonunadək yekunlaşdırılmasının vacibliyini diqqətə çatdırdı. Bu da Azərbaycanın uğurlu inkişafının davam edəcəyini deməyə əsas verir. Ölkə Prezidentinin yekun nitqində toxunduğu vacib məsələlərdən biri də inflyasiya risklərinin minimuma endirilməsi ilə bağlı oldu. Bu da ölkə vətəndaşlarında əsas istehlak mallarının qiymətlərində güclü artımın baş verməyəcəyinə əminlik yaradır. İlin sonunadək ölkə həyatının, demək olar ki, bütün sahələrində infrastrukturun yeniləşdirilməsi ilə bağlı tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran dövlət başçısı paytaxtda, eləcə də regionlarda bu sahədə mühüm işlərin görüləcəyini bildirdi.
Hazırda cənab Prezidentimizin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin bütün regionlarında mühüm infrastruktur layihələri icra olunur. Bu baxımdan regionlarda yaşayan əhalinin içməli su və "mavi yanacaq"la təminatının yaxşılaşdırılması, eləcə də yol infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir və yerlərdə dərin razılıq hisssi ilə qarşılanır. Prezident qeyd etdi ki, kənd yollarına Azərbaycanın tarixi ərzində ən böyük vəsait qoyulmuşdur və bu iş indən belə də davam etdiriləcək. Əlbəttə, bu son dərəcə sevindirici bir məqamdır və hər bir ölkə vətəndaşında qürur hissi oyadır. Çünki ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir. Doğrudan da, regionlarda yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən işlər bölgələrin turizm, kənd təsərrüfatı potensialından səmərəli istifadəyə əlverişli imkan yaradır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilmiş iclasında Prezident İlham Əliyev demişdir: "Hər bir bölgədə kənd yolları tikilir və onlarla kənd, şəhərlər, rayon mərkəzləri bir-biri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir".
Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimizin ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı son dərəcə vacib məqamlara da toxunması, lazımi göstəriş və tövsiyələr verməsi də belə deməyə əsas verir ki, yaxın illərdə əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin ediləcəkdir. Qarşıya qoyulan bu hədəfə çatmağın dəqiq yollarını nişan verən Prezident İlham Əliyev bildirdi ki, gələn il kənd təsərrüfatının inkişaf etdirilməsi üçün sahibkarlara verilən güzəştli kreditlərin məbləği artırılacaq, ölkə üzrə iri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək və bu yolla da torpaqlarımızdan səmərəli şəkildə istifadəyə nail olunacaqdır. Yeri gəlmişkən, ölkə Prezidentinin Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı kimi vacib bir məsələyə xüsusi diqqət yetirməsinin nəticəsidir ki, son illər kənd təsərrüfatında mühüm irəliləyişlər nəzərə çarpır. Elə cari ilin doqquz ayı ərzində ölkəmizin kənd təsərrüfatı sahəsində 6,3 faiz artımın baş verməsi də məhz bunun bariz nümunəsidir.
Sevindirici haldır ki, artıq növbəti ilin sosial-iqtisadi inkişafının təməl prinsipləri də hazırdır. Bunun əsasını isə, ilk növbədə, 2013-cü ilin dövlət büdcəsi təşkli edir. Hökumətin iclasında bu barədə söhbət açan Prezident İlham Əliyev demişdir: "Gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaqdır. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir ki, bu da kifayət qədər böyük məbləğdir. İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir". Möhtərəm Prezidentimizin gələn ilin dövlət büdcəsi ilə bağlı nikbin proqnoz verməsi isə o deməkdir ki, qarşıda Azərbaycanı növbəti uğurlar, yeni inkişaf mərhələsi gözləyir. Dövlət başçısının gələn ilin hədəflərinə çatmaq üçün ləngimədən Dövlət İnvestisiya Proqramının təsdiq edilməsi ilə bağlı xüsusi göstəriş verməsi isə öz növbəsində bu qənaəti bir qədər də möhkəmləndirir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 13 oktyabr.- S. 5.