İnsan amili, iqtisadi inkişaf və
sosial problemlərin həlli
Söhbət Göygöl rayonunda bu
sahədə toplanmış müsbət təcrübədən
gedir
Göygöl Rayon İcra
Hakimiyyətinin başçısı Arif Seyidovun növbəti
səyyar qəbulunun Çaykənd kəndində
keçirilməsi heç də təsadüfi deyildi. Havalar getdikcə sərinləşir, payızın
soyuq nəfəsi hiss olunur. Dağlıq və
dağətəyi bölgələrdə isə soyuq küləklər
daha tez-tez əsir. Deməli, dağ kəndlərinin
qayğılı, narahat gecələri başlanır. Elə ona görə də icra
başçısının növbəti səyyar qəbulu
2314 nəfərin yaşadığı Çaykənddə
keçirildi. Rayon icra hakimiyyətinin
başçısı üçün, hər şeydən əvvəl,
bunları dəqiqləşdirmək lazım idi: sosial problemlərin
həlli nə vəziyyətdədir, keçən səyyar
qəbulda irəli sürülən təklif, arzu və qeydlər
necə yerinə yetirilmişdir, həllini gözləyən
məsələlər varmı?
Əslində, Çaykənddə keçirilən səyyar
qəbulu, bir növ, hesabat da adlandırmaq olardı. Axı ötən
qəbulda həllini gözləyən bir sıra vacib sosial məsələlər
qaldırılmış, maraqlı arzu və təkliflər
irəli sürülmüşdü. İndi
kənd sakinləri, əlbəttə, onların icra vəziyyəti
barədə danışacaqdılar. Belə
də oldu. İcra hakimiyyətinin
başçısı isə növbəti səyyar qəbula,
necə deyərlər, əliboş gəlməmişdi.
Belə ki, qaldırılmış vacib sosial məsələlərin,
demək olar ki, hamısı öz müsbət həllini
tapmışdı.
Hamının deməyə sözü vardı. Ona görə
də zalda quraşdırılmış mikrofonların
önündə uzun növbə yaranmışdı.
İlk dəfə söz alan isə Məzahir
Alıyev oldu:
- Ötən
səyyar qəbul da elə burada keçirildi. Qaldırılan
məsələlər, irəli sürülən təklif və
qeydlər də indiki kimi yadımdadır. Sözün düzü, şəxsən mən
düşünürdüm ki, bu qədər məsələləri
qısa müddət ərzində həll etmək çətin
olacaq. Yeri gəlmişkən, həmin məsələləri
bir daha xatırlatmaq istəyirəm: Çaykəndin
arxasından keçən Kürəkçayın üzərindəki
qəzalı vəziyyətdə olan körpünün təmiri,
kənd xəstəxanasına təcili yardım
maşınının verilməsi, daxili yollara
çınqıl örtük döşənməsi və
s. Bəli, bu məsələlər uzun illər idi ki, öz
həllini gözləyirdi, yerli sakinlərin haqlı
narazılığına və giley-güzarına səbəb
olurdu. Bəs indi vəziyyət necədir?
Fərəhlə bildirmək istəyirəm ki,
bizi narahat edən həmin məsələlər artıq
öz müsbət həllini tapıb. Ona
görə də fürsətdən istifadə edərək
kənd sakinləri adından sizə dərin təşəkkürümüzü
bildirmək istəyirəm.
Nurəddin
Səfərov: - Sözün düzü, şəxsən mən
inanmırdım ki, qaldırdığımız məsələlər
qısa müddətdə öz həllini tapa bilər. Ona görə ki, illərlə bu problemlər həll
olunmamış qalırdı. Ancaq
gördüyünüz kimi, yolumuz da düzəlib,
körpümüz də. Bütün bunlara görə
sizə "çox sağ olun" deyirik.
Bununla belə, sizin gəlişinizdən, burada
keçirilən səyyar qəbuldan istifadə edərək
bəzi məsələlərə toxunmaq istəyirəm.
Bildiyiniz kimi, bizim dağlarda qış tez
düşür. Artıq soyuq havalar başlanıb. May ayına qədər bu dağlardan qar əskik
olmur. Dediyimiz odur ki, qışa vaxtında
və hərtərəfli hazırlıq görülməsi
çox vacibdir. Düzdür, elektrik
enerjisi, içməli su sarıdan heç bir çətinliyimiz
yoxdur. Ancaq təbii qazla bağlı vəziyyət
heç də yaxşı deyil. Məsələ
burasındadır ki, kəndin bir hissəsinə qaz verilir, qalan
hissəsinə isə xətt çəkilməyib. Əlac qalır meşələrə. Orda da ciddi qadağalar qoyulub. Bəs,
elə isə bu camaat qışda mənzillərini necə
qızdırsınlar? Nəzərə
almaq lazımdır ki, vəziyyətin bu cür davam etməsi
yerdə qalan kənd sakinlərinin haqlı
narazılığına, həm də meşələrin
qırılmasına səbəb olur. Deməli,
nə qədər ki, gec deyil bu vacib sosial məsələnin
həllinə başlamaq lazımdır.
Azər
Hüseynov: - Düzdür, son vaxtlar kəndə gələn,
eləcə də kəndarası yollar cari təmir edilib, bəzi
yerlərə çınqıl döşənib. Ancaq, nəzərə almaq lazımdır ki, bizim
yollar dağ yollarıdır. Qış
ayları, sərt havalar, dağ selləri yollarda tez-tez problemlər
yaradır. Ona görə də burada təmir-bərpa
işləri ilboyu, özü də keyfiyyətlə
aparılmalıdır.
Əfqan
Nəcəfov: - Bizim kənd rayonun ən böyük
yaşayış məntəqələrindən biridir. Hazırda burada yüzlərlə əmək qabiliyyətli
gənc yaşayır. Ancaq, təəssüf ki,
onların müvafiq iş yerləri ilə təmin edilməsi
istənilən səviyyədə deyildir. Hamının ali təhsil almağa imkanı yoxdur. Bəs bu
gənclər hara getsinlər, özlərinə harda iş
tapsınlar? Bu barədə ciddi
düşünmək lazımdır. Yəqin, indi deyəcəksiniz
ki, hər bir ailənin müvafiq torpaq sahəsi var, qoy orda
işləsinlər, məhsul yetişdirsinlər və s. Bu,
ilk baxışda belədir, ancaq əksər ailələrdə
3-4 cavan oğlan var. Bunların hamısı torpaqda işləyə
bilməz ki?..
Vəziyyətdən çıxış yolu kimi təklif
edirəm ki, kənddə rayonun iri emal müəssisələrinin
filialları açılsın. Bu, həm bizim, həm
də onlar üçün çox əlverişli olar.
Məsələn, meşələrimiz cır
meyvələrlə zəngindir. Əgər
burada belə bir tədarük və emal sexi açılarsa,
çox mənfəətli olar. Digər
sahələrdə də kifayət qədər imkan və
ehtiyat mənbələri var. Əsas məsələ, necə
deyərlər, qabağa düşmək, təşəbbüs
göstərmək, konkret addım atmaqdan ibarətdir.
Mikayıl
Rzayev: - Mənim sözüm kəndimizdəki mədəniyyət
evi, klub və kitabxana barədədir. Onların
hər birinin öz münasib binası var, buna, necə deylərlər,
sözümüz yoxdur. Ancaq, gəlin
görək, o binalar müasir tələblərə cavab
verirmi? Axırıncı dəfə nə
vaxt təmir olunub? Yaxud orada mədəni-kütləvi
tədbirlər keçirmək üçün imkan və
şərait varmı? Bir az bundan əvvəl
burada gənclərdən danışdılar. Əslində,
onların boş vaxtlarının səmərəli keçməsi
mədəniyyət evi, klub və kitabxanalardan çox
asılıdır. Açıq etiraf edək
ki, bizdə bu cəhətdən vəziyyət heç də
yaxşı deyil. Bu məsələlərə diqqət
artırılsa çox yaxşı olar...
...Çıxışlar,
təklif və qeydlər davam edir. Hamısı
da həllini gözləyən vacib məsələlər,
ciddi sosial qayğılar, gündəlik işlərdir. Əlbəttə, onların hamısı
Göygöl Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri
tərəfindən dəqiq qeyd edilir, ümumiləşdirilir,
icra müddəti və vəziyyəti təhlil olunur.
Rayon icra
hakimiyyətinin başçısı Arif Seyidov səyyar qəbulu
yekunlaşdırdı, ötən qəbuldan sonra
görülmüş işlər barədə məlumat verdi, irəli sürülən təklif və
qeydlərə öz münasibətini bildirdi:
- Ən əvvəl dediyiniz xoş sözlərə
görə təşəkkürümü bildirirəm. Bu sözlər,
ilk növbədə, respublika Prezidenti İlham Əliyevin
ünvanınadır. Ona görə ki,
bütün bu işlər ölkə
başçısının gündəlik diqqət və
qayğısı nəticəsində görülüb,
başa çatdırılmışdır. Respublikamızın bütün bölgələri
kimi, Göygöl rayonu da son illər əsl inkişaf və
yüksəliş yolu keçmiş, genişmiqyaslı
tikinti-abadlıq və quruculuq işləri
aparılmışdır. O da fərəhlidir ki,
başlanmış tikinti-abadlıq işləri bu gün də
eyni sürət və keyfiyyətlə davam etdirilir.
Digər
tərəfdən, sizlə görüşmək, arzu, təklif
və qeydlərinizlə bilavasitə tanış
olmaq bizim vəzifəmizdir. Biz bundan sonra da yerlərdə
sakinlərlə belə görüş və söhbətləri,
səyyar qəbulları davam etdirəcəyik. İndi gəlin, irəli sürdüyümüz təklif
və qeydlərimizi təhlil edək. Sözsüz
ki, rayon icra hakimiyyətində həmin məsələlər
qruplaşdırılacaq, sistemə salınacaq, icra müddəti
və bu işə məsul olan şəxslər müəyyənləşdiriləcəkdir.
İndiki halda isə deyək ki, qaldırdığımız
məsələlərdə haqlısınız və
güman edirəm ki, yaxın vaxtlarda öz müsbət həllini
tapacaqdır.
Göygöl Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidovun Çaykənd kəndində
keçirilən səyyar qəbulu, bax belə bir
işgüzar şəraitdə - açıq, səmimi
söhbət və dialoqla, yüksək əhval-ruhiyyə ilə
başa çatdı. Əsas cəhət odur ki, kənd sakinləri
burada qaldırılan vacib sosial məsələlərin həllinə
dərin inam və ümid bəsləyirdilər.
Ümumiyyətlə,
deyək ki, yerlərdə keçirilən səyyar qəbullar,
görüş və söhbətlər Göygöl Rayon
İcra Hakimiyyətinin iş üslub və metodlarında, təşkilat-idarəetmə
məsələlərində xüsusi yer tutur. İnsan amili,
əhalinin vacib sosial ehtiyaclarının daha etibarlı təminatı
sahəsində də burada ardıcıl, sistemli iş
qurulmuş, konkret vəzifələr müəyyən
olunmuş, möhkəm icra intizamı
yaradılmışdır. Rayon icra hakimiyyətində
bütün sahələrdə olduğu kimi, ərizə və
şikayətlərə baxılması, vətəndaşların
qəbulu, yerlərdə keçirilən görüş və
söhbətlər istiqamətində də geniş tədbirlər
planı təsdiq edilmişdir. Əsas diqqət
ona yönəldilmişdir ki, əhalini narahat edən vacib məsələlər,
ciddi sosial ehtiyaclar yerindəcə həll olunsun, təkrar
şikayətlərə yol verilməsin.
Əlbəttə, qarşıya çıxan
bütün problemləri heç də həmişə
daxili imkanlar hesabına həll etmək mümkün olmur. Bu zaman respublika
təşkilatlarının, nazirlik, komitə və şirkət
rəhbərlərinin konkret köməyinə, əməli
yardımına ehtiyac duyulur. Hər yerdə
olduğu kimi, burada da rayon icra hakimiyyəti
başçısının konkret qəbul günü var və
həmin vaxt vətəndaşların qəbulu təşkil
olunur. Bundan başqa, icra hakimiyyətinin,
yuxarıda da göstərdiyimiz kimi, yerlərdə də səyyar
qəbulları keçirilir. Ancaq son
vaxtlar rayonda məhz bu məsələdə bir qədər fərqli
yanaşma tətbiq olunur. Toplanmış təcrübə
göstərir ki, bu, müsbət nəticələrini verməkdədir.
Məsələn, rayon icra hakimiyyətinin
başçısı yolunu heç bir hazırlıq
görülmədən və heç kimin xəbəri
olmadan hansısa kəndə, kollektivə sala bilər. Qeyri-rəsmi
şəraitdə keçən görüş və
söhbətlərdə adamlar onları
düşündürən məsəllər barədə
ürəklə, çəkinmədən söhbət
açırlar. Səmimi,
yoldaşcasına aparılan fikir mübadiləsi çox
şeyi aydınlaşdırır. Qarşıda
duran vəzifələrin həllinə belə kompleks
münasibət, insan amili, onun vacib sosial ehtiyaclarının
dolğun yerinə yetirilməsi isə öz növbəsində
iqtisadi yüksəlişə, tikinti-abadlıq və quruculuq
işlərinin sürətləndirilməsinə, sosial məsələlərin
uğurla həllinə səbəb olmuşdur.
Yeri gəlmişkən, bəzi xarakterik fakt və rəqəmlərə
diqqət yetirin. 2012-ci ilin ötən ayları ərzində
Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq
işlərinin aparılması, uzun illər
yığılıb qalmış problemlərin aradan
qaldırılması istiqamətində həyata keçirilən
tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik
inkişafı təmin olunmuşdur.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın
əsas sahələrində istehsal olunmuş məhsul və
xidmətlərin ümumi həcmi 7821,4 min
manat artaraq 57023,2 min manata çatmışdır. Rayon
üzrə adambaşına 959,9 manat dəyərində,
yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
14,8 faiz çox məhsul istehsal edilmişdir. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə 1652,9 min manat çox olmaqla 15907,1 min manat dəyərində
kənd təsərrüfatı məhsulları istehsal
edilmişdir. Bunun da 99,6 faizi qeyri-dövlət
sektorunun payına düşür. Müqayisə olunan
dövrdə süd istehsalı 901,4 ton, ət
istehsalı, 81,8 ton, yun istehsalı 4,4 ton, yumurta istehsalı
22300 ədəd artmışdır. Sahibkarlığın
inkişafına yaradılmış münbit şəraitin nəticəsi
olaraq hüquqi şəxslərin sayı 449-a
çatmışdır. Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 35 sahibkara 602 min
manat dəyərində güzəştli kredit verilmişdir.
Göründüyü kimi, Göygöl rayonu öz
inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Rayon ziyalıları, ağsaqqalları, gənclər,
geniş ictimaiyyət bu hərtərəfli inkişaf və
yüksəliş, gündəlik diqqət və qayğı
üçün, ilk növbədə, ölkə Prezidenti
İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Ziyədddin SULTANOV
Xalq qəzeti.- 2012.- 14 oktyabr.- S. 6.