Nazirlər Kabinetinin ənənəvi iclası Azərbaycan
dövlətinin hərtərəfli qüdrətini ortaya qoydu
Prezident İlham ƏLİYEV:
Ölkəmizin strateji valyuta
ehtiyatları ilin əvvəlindən təxminən
5 milyard dollar
artmışdır...
Bu gün dünya
iqtisadçıları, xüsusən, postsovet məkanında
gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərlə dərindən
maraqlanan beynəlxalq ekspertlər gənc müstəqil Azərbaycan
dövlətinin hərtərəfli uğurlarını
maraqla izləyir və yüksək qiymətləndirirlər.
Artıq
beynəlxalq təşkilatlar, dünya miqyaslı sorğu mərkəzləri
və reytinq müəyyən edən qurumlar Azərbaycan həqiqətlərini
məhz öz ölkələrinin, yaxud öz
xalqlarının uğuru kimi ürəklə təqdir edirlər.
" Sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsi",
"Qeyri-neft sektorunun inkişafında Azərbaycanın təcrübəsi",
" Ölkə iqtisadiyyatının şaxələndirilməsinin
İlham Əliyev nümunəsi", " İqtisadi siyasətin
formalaşdırılmasının Azərbaycan modeli" və
bu kimi bir çox terminlər artıq qafqazşünas mütəxəssislərin
gündəliyində özünə möhkəm yer
tutmuşdur. Alimlərin fikrincə, Azərbaycanın
mövqelərinin beynəlxalq aləmdə kifayət qədər
dəstəklənməsi, xüsusən, ötən ilin bu
günlərində Birləşmiş Millətlər Təşkilatı
kimi mötəbər beynəlxalq təşkilatın Təhlükəsizlik
Şurasının üzvlüyünə keçirilən
seçkilər zamanı dünyanın155 ölkəsinin məhz
Azərbacanın namizədliyini dəstəkləməsi də
bilavasitə ölkəmizin iqtisadı tərəqqisinin,
aparılan uğurlu islahatların nəticəsidir.
Ancaq
bu həqiqətlər təkcə beynəlxalq aləmdə, əcnəbi
ekspert, siyasətçi və ya iqtisadçıların
dilindən səsləndirilmir. Bu həqiqətləri biz
öz gündəlik həyatımızda görür,
eşidir və bilavasitə şahidi oluruq. Xüsusən, son
zamanlar ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə
səsləndirilən faktlar və rəqəmlər
müasir Azərbaycan həqiqətləri haqqında mükəmməl
təəssürat formalaşdırır. Bu baxımdan Nazirlər
Kabinetinin son iclası daha böyük əhəmiyyət kəsb
edirdi.
Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetiinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından hazırlanan televiziya materialına böyük maraq və diqqətlə baxdım. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə yatırılması, bunun təxminən 70 faizinin yerli sərmayələr olması, ölkəmizin strateji valyuta ehtiyatlarının son doqquz ayda 5 milyard dollar da artaraq 45 milyard dollara çatması, əhalinin pul gəlirlərinin 12 faiz artması müqabilində inflyasiyanın 1,5 faiz təşkil etməsi və bu kimi digər məqamlar barədə eşitməkdən çox məmnun idim. Xüsusən, ilin geridə qalan aylarında qeyri-neft sənayemizdə 7,7 faiz artımın olması bizim üçün daha sevindirici fakt idi.
Əlbəttə, iclas sırf sosial- iqtisadi məzmunlu idi. Ona görə də bir iqtisadçı kimi orada səsləndirilən bütün fikirlərə böyük maraq və diqqətlə qulaq asırdım. Dövlət başçımızın dilindən eşitdiyim bir fikir iqtisadçı mütəxəssis kimi məni çox məmnun etdi. Cənab Prezident dedi: "Çox sevindirici fakt ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə, artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir...Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır."
Mən nə üçün cənab Prezidentin nitqindəki məhz bu məqamı yada saldım və sitat kimi hörmətli oxuculara təqdim etdim? Çünki elə mən qarışıq bir çox iqtisadçılar ölkədə həyata keçirilən misli görünməmiş tikinti-quruculuq işlərini, xüsusən, reallaşdırılan qeyri-adi layihələri, sərf olunan milyonları götür-qoy edəndə az da olsa daxili bir narahatlıq keçirtdik ki, birdən vəsaitimiz azala bilər. Sanki cənab dövlət başçısı bu şəkildə düşünənlərə cavab verirmiş kimi mükəmməl və müdrik tezislərlə çıxış etdi: "Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik." Yəni, bu gün müstəqil Azərbaycan dövlətinin heç bir vətəndaşının sabah, o biri gün və ya gələcək üçün heç bir narahatlığı, təlaşı yoxdur və olmayacaq.
Nazirlər Kabinetinin adı çəkilən iclasında bizi məmnun edən digər məqamlardan biri də ölkənin qeyri-neft sektorunun mövcud vəziyyəti barədə söylənilən faktlar və rəqəmlər idi. Çünki bəzi qaragüruhçu qüvvələr belə şayiələr yayırdılar ki, guya tezliklə Azərbaycanın neft-qaz ehtiyatları tükənəcək və ölkə iqtisadiyyatı müəyyən problemlərlə üz-üzə qalacaq. Doğrudur, "düşmən dəyirmanına su tökən" həmin insanlara vaxtında və yerində cavab verirdik. Ancaq mənim fikrimcə, həmin adamların ən yaxşı cavabını dövlət başçımız İlham Əliyev Nazirlər Kabinetinin adıçəkilən iclasında verdi: "Doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsal 3,5 faiz artmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş sənayeləşmə prosesi gedir." Uzun illər boyu, hətta,Çar Rusiyası və Sovetlər dönəmindən bəri daim neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda iqtisadiyyat əsas etibarilə neftin gətirdiyi qazanc üzərində qurulurdu. İndi isə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, eləcə də, Prezident İlham Əliyevin müasir dünyada gedən ictimai-siyasi və iqtisadi prosesləri dərindən bilməsi, həmin təcrübələrin bizim üçün məqbul hesab olunan nümunələrini Azərbaycana gətirməsi respublika iqtisadiyyatını neft-qaz asılılığından xilas edir. Bu istiqamətdə ölkəmizdə əsaslı addımların atılması artıq günün reallığıdır.
Təbii ki, biz dövlət başçımızın ötən iclasların hamısında olduğu kimi, oktyabrın 10-da keçirilən iclasda da müəyyən tənqidi fikirlər səsləndirəcəyini gözləyirdik. Ancaq indi yada salacağmız məzmunda ciddi bir tənqid eşidəcəyimiz o qədər də inandırıcı deyildi.
Söhbət Azərbaycanın dostu və uzunmüddətli tərəfdaşı olan bp şirkətinin ünvanına səsləndirilən tənqiddən gedir. Bəri başdan qeyd edim ki, cənab Prezidentin göstərdiyi həmin qətiyyət təkcə 9 milyonluq ölkə əhalisinin deyil, eləcə də bütövlükdə 50 milyonluq xalqımızın ürəkdən alqışlayacağı, sidq-ürəklə dəstəkləyəcəyi bir addım idi. Çünki söhbət xalqımızın və mili dövlətçiliyimizin mənafeyinin istənilən dostluqdan və başqa münasibətlərdən üstün tutulmasından gedirdi. Böyük Britaniyanın, Avropanın və ümumiyyətlə, dünyanın ən böyük neft şirkətlərindən olan bp son 20 ildə Azərbaycanın ən çox əməkdaşlıq və tərəfdaşlıq etdiyi şirkətlərdən biridir. Rəsmi Bakının bu şirkətlə əməkdaşlığa verdiyi önəmin miqyası hamıya məlumdur. Üstəlik, Azərbaycan həmin şirkətlə bağladığı saziş və müqavilələrə yüksək səviyyədə əməl edir.bp isə son zamanlar Azərbaycan kimi tərəfdaşla münasibətlərdə tərəflərin heç birinə sərf etməyəcək səhvlərə yol verirmiş.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin adı çəkilən iclasında bp məsullarının rəsmi Bakıya verdiyi vədləri və yerinə yetirilməyən öhdəlikləri yada salaraq onları öz səhvlərini düzəltməyə çağırırdı: "Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", " Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət neft şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir."
Əlbəttə, bütün bunlar ilk növbədə iqtisadı məsələ kimi görünə bilər. Ancaq həmin məqamın daha çox siyasi mənası var idi. Dövlət başçımızın göstərdiyi qətiyyət, milli maraqlarımız, dövlət mənafeyimiz baxımından atdığı addımlar sübut etdi ki, bu məsələ həm də mənəvi və siyasi məsələdir. Bu məsələ bizim hər birimizi məmnun etdi. Dünya siyasətçiləri və iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər növbəti dəfə anladılar ki, Azərbaycanla münasibətlərdə heç bir əyri addıma yol vermək olmaz. Çünki Azərbaycanın özü heç kəslə münasibətdə yanlışlığa yol vermir. Ən əsası isə o idi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının mənafe və maraqlarından söhbət gedərkən heç bir kəsə, heç bir dosta və ya tərəfdaşa güzəştə getməyəcəyini növbəti dəfə sübut etdi. Əminəm ki, bu fakt Ermənistan rəhbərliyinin də diqqətindən yayınmayacaq.
Bir sözlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr tarixli iclası ölkəmiz haqqında olan həqiqətlərin dünya miqyasında bir daha səsləndirilməsini təmin etdi. Bu səsləndirmələr isə özünəməxsus bir müzakirələrə zəmin oldu.
Əyyub ƏYYUBOV,
iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2012.- 14 oktyabr.- S. 5.