Mütərəqqi idarəetmə strategiyasının davamçısı

 

Tarixən hər bir xalq müqəddəratını, gələcək taleyini hansısa əlverişli situasiyada yaranmış məsuliyyətli seçim şansı əsasında müəyyənləşdirmiş, nikbin sabahına doğru inamla irəliləmişdir. Müdrik və uzaqgörən Azərbaycan xalqı da hər zaman gələcək taleyi baxımından xeyirli olanı seçmiş, taleyini etibar etdiyi rəhbərə qəlbən, ruhən inanmışdır. Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2008-ci ilin 15 oktyabr seçkiləri də xalqımızın müdrik seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti prezident seçkilərində də məhz Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər.

 

Bu seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunin davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını bir daha sübuta yetirmişdir. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin ötən 9 illik fəaliyyəti bu kontekstdən mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə tam təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə etibarlı təminat yaratmışdır.

2003-cü ilin 15 oktyabr seçkilərindən ötən müddətdə cəmiyyətdə qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunun varisliyini uğurla təmin edən alternativsiz liderdir. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə, ilk növbədə, ulu öndərin öz siyasətində hər bir fərdin maraq və mənafelərini incəliklə nəzərə almasından irəli gəlmişdir. Milli maraqlara xidmət edən bu siyasətin növbəti mərhələdə də davam etdirilməsi istəyinin ictimai sifariş və tələbə çevrilməsi, ilk növbədə, ölkənin gələcək taleyi ilə bağlı düşüncələrdən irəli gəlmişdir. 1991-1993-cü illərin acı təcrübəsi fonunda hakimiyyətin yenidən təsadüfi, diletant qüvvələrin əlinə keçməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar cəmiyyətin Heydər Əliyev siyasi kursunun varisliyinin, ardıcıllığının təmin olunması naminə prinsipial iradə nümayiş etdirməsini zərurətə çevirmişdir.

Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat idi. Məhz belə bir mərhələdə İlham Əliyev fenomeni, bir tərəfdən, ölkədə gedən ictimai-siyasi proseslərin məntiqi, digər tərəfdən, Heydər Əliyev siyasi kursunun varisliyi axtarışında olan cəmiyyətin sosial sifarişi kimi Azərbaycan və dünya siyasətində önə çıxmışdı. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni liderə - cənab İlham Əliyevə ötürülməsini diktə edirdi. Heydər Əliyev kimi böyük dühanın ailəsində yetişən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət Azərbaycan xalqının ümummilli liderinin layiqli siyasi və mənəvi varisi olmaq üçün cəmiyyətdən lazımi dəstəyi ala bilmişdir.

Azərbaycan cəmiyyətində son nəticə həmişə siyasi illüziyaları deyil, real göstəriciləri qiymətləndirir - ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Heydər Əliyev ənənələrini davam etdirmək üçün cənab İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər isə ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynayırdı. Ümummilli liderin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri statusunda göstərdiyi əzmkar fəaliyyət cənab İlham Əliyevi cəmiyyətin nəzərində daha da ucaltmışdı.

Bu reallıqlardan çıxış edən ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inamını ifadə etmişdi. "...Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə vətəndaşlara müraciət edən ümummilli liderin necə müdrik, uzaqgörən siyasətçi olduğu Azərbaycan Prezidenti İlham Əliyevin ötən doqquz illik fəaliyyətinə nəzərən bir daha təsdiqini tapmış, xalqın və dövlətin mənafeyinə hesablanmış bu müdrik seçim ümidləri tam doğrultmuşdur.

Prezident İlham Əliyevin əldə etdiyi böyük siyasi nailiyyətlər sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti çəkir. O, Heydər Əliyev siyasi kursunun davamçısı kimi xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Məsələn, hansısa problem baş qaldıranda dövlət başçısı, ilk növbədə, "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi?" sualı üzərində düşündüyünü gizlətmir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə, bu sualı özünə ünvanladığını və cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir. Ölkənin həqiqi ziyalıları, elm adamları ölkənin bu inkişaf və tərəqqisini böyük qürurla qarşılayırlar.

Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncamı buna bariz nümunədir. Belə bir sənədin hazırlanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. Sərəncamda deyilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü, çəkisi və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Dövlət başçımızın yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq məkənına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq məkanı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nün "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş, modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.

Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin ötən 9 illik prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir.

Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Ötən 9 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış Prezident İlham Əliyev elm və təhsilin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ölkə başçısının bu sahəyə xüsusi önəm verməsi, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə, magistr və doktorantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir.

Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda qara qızılı insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".

Şübhə etmədən, demək olar ki, həyata keçirilən tədbirlər nəticəsində yaxın perspektivdə Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılacaqdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatının xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyildir. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 9 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Prezident İlham Əliyev ulu öndərin zamanında böyük müdrikliklə irəli sürdüyü ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən, inkişaf etdirən qüdrətli şəxsiyyət, alternativsiz liderdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir, onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanır.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2012.- 14 oktyabr.- S. 3.