Suraxanı rayonunda 2012-ci ilin 9
ayına yekun vurulmuşdur
Suraxanı Rayon İcra Hakimiyyətinin
konfrans zalında Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
irəli gələn vəzifələrə həsr
olunmuş hesabat yığıncağı
keçirilmişdir. Başçı İlqar Abbasov
yığıncağı açaraq bildirmişdir ki,
göstərilən dövr ərzində rayonda dövlət
və yerli proqramların icrası uğurla davam
etdirilmişdir.
"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən, Suraxanı rayonunda 102 tədbirin
keçirilməsi nəzərdə tutulmuş, onlardan 31-i tam
icra olunmuş, 47-nin icrasına
başlanılmışdır. Həmçinin ölkə
Prezidentinin müvafiq sərəncamı ilə rayon üzrə
reallaşdırılacaq işlərə dair 48 bənddən
ibarət əlavə tədbir nəzərdə
tutulmuşdur.
Natiq qeyd
etmişdir ki, Dövlət Proqramının icrası ilə əlaqədar
2012-ci ilin 9 ayı ərzində 295,3 min metr qaz, 16,7 min metr su,
4,5 min metr kanalizasiya xətti çəkilmiş, 10 min ədəd
elektron qaz və 2782 ədəd su sayğacı
quraşdırılmışdır. "Dədə
Qorqud" yaşayış sahəsinin
yaxınlığında 2 ədəd 10 min kubmetr həcmli su
anbarının tikintisi başa
çatdırılmışdır. Hövsan qəsəbəsində
görülmüş işlər nəticəsində 32 min
sakin içməli su ilə fasiləsiz təmin edilmişdir.
Hazırda Heydər Əliyev prospektinin sol tərəfindəki
yaşayış sahəsini içməli su ilə təmin
etmək üçün Ramana yaşayış sahəsində
10 min kubmetrlik su anbarı tikilir.
Rayonun
küçə və yollarına, məhəllələrə
200 min kvadratmetr asfalt örtüyü
salınmışdır. Yeni Günəşli
yaşayış sahəsində yeni parkın tikintisi davam
etdirilmişdir. Suraxanıda 6 məktəb əsaslı təmir
edilmiş, 2 məktəb üçün 36 sinif otağı
tikilmiş, 3 məktəb üçün 80 sinif
otağının, 85 saylı məktəb üçün
yeməkxana, laboratoriya, idman və akt zallarının tikintisi
davam etdirilmişdir. Bundan başqa, 5 körpələr
evi-uşaq bağçası əsaslı təmir
olunmuş, 2 saylı uşaq evinin və 4 uşaq
bağçasının əsaslı təmirinə
başlanılmış, 2 səhiyyə müəssisəsində
əsaslı təmir davam etdirilmişdir.
İ.
Abbasov bildirmişdir ki, sözügedən dövrdə rayonun
sənaye müəssisələri tərəfindən 233,1
milyon manatlıq iş yerinə yetirilmiş, artım 117 faiz təşkil
etmişdir. Bir işçinin orta aylıq əmək
haqqı 543 manata, sənayedə isə 689 manata
çatmış, artım 120 faiz təşkil etmişdir.
1802 nəfər yeni iş yerləri ilə təmin
olunmuşdur.
Ölkə
başçısı İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq vətəndaşların
problemlərinin həlli, onlara göstərilən diqqətin
artırılması, aztəminatlı ailələrin sosial
müdafiəsinin gücləndirilməsi rayonun dövlət
orqanlarının daim diqqət mərkəzindədir. Belə
ki, cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi
Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon
manat məbləğində ünvanlı sosial yardım
verilmiş, həmçinin 7255 vətəndaşa 3,5 milyon
manat məbləğində sosial müavinət ödənilmiş,
73 əlil vətəndaş istirahət mərkəzlərinə
göndərilmişdir. Rayon Məşğulluq Mərkəzinə
müraciət etmiş 860 nəfərdən 505 nəfəri
işlə təmin olunmuş, 86 nəfərə işsizlik
statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti
təyin edilmiş, 28 nəfər peşə
hazırlığı kurslarına göndərilmişdir.
2012-ci
ilin 9 ayında rayon icra hakimiyyəti başçısı
aparatına daxil olmuş 2682 müraciətdə
qaldırılmış məişət-kommunal, yol və nəqliyyat,
fərdi yaşayış evlərinin və
qeyri-yaşayış obyektlərinin tikintisi və sənədləşdirilməsi,
vətəndaşların iş, mənzil və ya torpaq sahəsi
ilə təmin olunması, maddi yardım göstərilməsi
və s. məsələdən 1354-ü müsbət həll
edilmişdir. Bu dövr ərzində başçı tərəfindən
612 nəfər vətəndaş qəbul edilmiş,
qaldırılmış məsələlərdən 308-i
müsbət həll edilmişdir.
Sonra məruzə
ətrafında çıxışlar olmuşdur.
Hesabat
yığıncağında Milli Məclisin deputatları
Ağacan Əbiyev və Fərəc Quliyev iştirak
etmişlər.
Rayon icra
hakimiyyətinin başçısı İlqar Abbasov hesabat
yığıncağını yekunlaşdıraraq
demişdir:
-Suraxanı
rayonunun inkişafına diqqət və qayğı göstərən
Prezident İlham Əliyevə dərin minnətdarlığımızı
bildirir və əmin edirik ki, həmişə olduğu kimi,
bundan sonra da üzərimizə düşən vəzifələri
layiqincə yerinə yetirəcəyik.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 16 oktyabr.- S. 7.